KÖŞƏ

Vəli İlyasov

Mollalar artıq əmmamələrini də qoruya bilmirlər

06 noyabr 2022 01:14
1111

Deyəsən mollakratiyanın sonu gəlir axı...

İranda milləti cəhalətdə saxlayan, əsarətə baş əyməyə sövq edən, din pərdəsi altında iyrənc əməllərə fitva verən, bir sözlə, şeytanlıq edən mollalar nəhayət, haqq etdikləri “payı” almağa başlayıblar.

Son günlərdə sosial şəbəkələrdə İranda mollaların gənclər tərəfindən döyülməsi,  əmmamələrinin başlarından alınıb yerə çırpılması ilə bağlı çoxsaylı videolar yayılır.  Həmin videoların hamısı təxminən eyni süjetlə çəkilir, yəni bir gənc oğlan insidenti çəkir, digəri isə qarşıda gedən mollanın başındakı əmmaməni vurub başından yerə salır.

Bundan ürəkləri soyumayan adamlar tərəfindən mollaların döyülməsi hallarına da rast gəlinir. Noyabrın 2-də Təbrizin Qüds şəhərciyinin Yağçiyan məscidinin imamı Höccətülislam Əmirxani məsciddən-"iş yerindən" çıxıb evinə getdiyi vaxt naməlum gənclər tərəfindən qarşısı kəsilərək döyülüb.

Mətbuata açıqlamasında Əmirxani gənclərin onu vurub yıxdıqdan sonra təpiklədiklərini, qol və qıç sümüklərinin çatladığını və bir neçə dişinin sındırıldığını deyib. O, hücum edənlərin iki minik avtomobili ilə onu izlədiklərini və saylarının 7-8 nəfər olduğunu bildirib.

Xeyli müddətdir davam edən və dünyanın dörd bir yanından dəstək alan iranlı qadınların mübarizəsi, mollaların döyülməsi halları xalqın mövcud rejimin əsassız qadağalarından təngə gəldiyini göstərir, eyni zamanda, artıq müasir dövrdə insanların çoxsaylı məhdudiyyətlərlə yaşaması, insan hüquqlarının kobud şəkildə pozulması, qanuni arzu və istəklərinin boğulması kimi qiymətləndirilir.

Əfəl İran hakimiyyəti isə bütün bunların qarşısında aciz görünür, çünki haqqın ağır zərbəsinə duruş gətirə bilmir.  Ağ çalmalı mollalar problemləri həll etmək, insanları sakitləşdirmək əvəzinə vəziyyəti daha da gərginləşdirirlər. Məsələn, İranın baş mollası, prezident İbrahim Rəisi etirazçılara “milçək” deyərək onların heysiyyatlarına toxundu və aksiyaçılar daha da hiddətlənib meydanlardan çəkilmədilər. Digər rəsmilər də xalqı hədələməklə odun üstünə su əvəzinə benzin tökürlər.

Bəzi iranpərəstlər isə bu aksiyaları öz "arşın"ları ilə ölçərək “din əleyhinə çıxmaq” donu geyindirməyə çalışır. Əslində kimsəyə sirr deyil ki, İran İslam dinini artıq çoxdan haram pullar gətirən  biznes vasitəsinə çevirib. Məsələn, İran İslam dininin beş əsas şərtindən birinə - Həcc (Kəbə) ziyarətinə qarşı alternativ olaraq Ərbəin ziyarətini yaradıb, zəvvarların milyonlarla nəzirlərini və ianələrini "qapazlayıb" öz cibinə yığır.

İran rejimi bundan həm Səudiyyə Ərəbistanı ilə mübarizədə istifadə edir, həm İslam dininin parçalanmasını daha da dərinləşdirir, həm də Kərbəla ziyarəti üzərində qurduğu biznesi inkişaf etdirir.

İran Əhli-Beytin müqəddəs məkanlarına – həm Kərbəla-Nəcəf, həm Məşhəd-Qum səfərlərindən nə qədər pul qazanır və bu pulları hara xərcləyir? Məlumatlar var ki, əldə olunan gəlirlər İranın başqa ölkələrdə silahlı dəstələrin maliyyələşməsinə xərclənir. İraqda, Suriyada və digər müharibə ocaqlarında İran silahlı birləşmələri həmin pullar və narkotik dövriyyəsi ilə əldə olunan vəsaitlər hesabına təmin olunur, muzdlu döyüşçülər, terrorçular vuruşub qan tökür, qan pulu, muzd alırlar. Təbii ki, İslamda günah sayılan bütün bu çirkin əməllərin müəllifi molla rejiminin başçılarıdır.

İranda ardıcıl xarakter almağa başlayan mollaların döyülməsi “molla rejimi”nin sonunun çatdığını göstərir. Bir vaxtlar İrana haqq qazandıranların böyük bir qismi bu gerçəkliklərin şahidi olduqca əsl haqqı görür və baş verənlərə öz kəskin etirazlarını ucadan ifadə edirlər. Əlbəttə, yüz illərdən bəri davam etdirilən zülmkarlığın, kafirliyin, qonşu xalqlara qarşı işğalçılığın bir sonu olmalıdır və o son yaxınlaşıb. Nəhayət, İslam bətnindəki bu "qara yara"dan xilas olacaq.