KÖŞƏ

Vəli İlyasov

Putin ermənilərin başına "sığal" çəkməyə gəlir

17 noyabr 2022 02:13
1035

Əgər "sığal"la yola gəlməsələr...

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Ermənistana səfərinə sayılı günlər qalır. Bu səfər Rusiya və Ermənistanla bərabər Azərbaycanda da maraq doğurur. Qətiyyən ola bilməz ki, Vladimir Putinlə Nikol Paşinyan arasında Azərbaycanla əlaqədar söhbət olmasın. Bu, mümkün deyil. Səfərin nəticələrinin, veriləcək bəyanatların, İrəvanda qəbul olunacaq qərarların birbaşa və ya dolayısı ilə bizə aid olacağı da qətiyyən istisna deyil. Məlumdur ki, Ermənistan Azərbaycanla bağlanmalı olan sülh sazişinin Rusiya variantını seçib və indi  köhnə "ağa"sının bununla bağlı yeni fikirlərini gözləyir. Ancaq üç-dördbaşlı oyun oynayan Ermənistan, eyni zamanda, Rusiyanın hegemon olduğu  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacağını bildirir. Üstəlik Ermənistanın Qərbə meyilləndiyini yaxşı bilən Rusiya bu ölkəni öz orbitinə qaytarmağa çalışır. Başqa bir çox qopma amilləri də mövcuddur və çox güman ki, Prezident Putin bunları neytrallaşdırmağa çalışacaq. Ancaq İrəvanda belə bir ritorika da yaranıb ki, Rusiya uzun illərdir Ermənistanı aldatmaqla məşğuldur. Səbəblərdən biri artıq on ilə yaxın qəza vəziyyətinə düşən Metsamor Atom Elektrik Stansiyası ilə bağlıdır. İkinci səbəb isə KTMT-nin İkinci Qarabağ müharibəsində Ermənistanı Azərbaycanla meydanda tək qoymasıdır. O da məlumdur ki, bu hərbi təşkilat yarandığı gündən "ölü" bir qurumdur. Çünki təşkilatdakı dövlətlərin öz maraqları var və lazım gələndə ortaya qoyurlar. Bu isə o deməkdir ki...

"KTMT hətta ən parlaq dövründə belə mühüm qərarlar verə bilməyib, o ki qala indi İrəvanda keçiriləcək tədbir olsun... Bu, artıq sönmə dövrünü yaşayan bir qurumdur. Bu tədbirdə yalnız sözlər olacaq, iş isə - sıfır. Belə ki, İrəvanda keçiriləcək KTMT-nin tədbirindən nəsə qeyri-adi irəliləyiş gözləməyə dəyməz, xüsusən də Rusiyanın vəziyyətinin indiki mərhələsində."

 Bu fikirləri rusiyalı politoloq, analitik Aleksandr Xramçixin Ermənistan mətbuatına açıqlamasında bildirib: “İndi Rusiyanın diqqəti tamamilə fərqli yerdədir, bu ölkənin bir çox problemləri var və əslində KTMT-nin qalan ölkələri Ukraynada nə olacağını gözləyirlər. Xüsusən də indi, informasiya fonunun Rusiyanın xeyrinə inkişaf etmədiyi bir dönəmdə. KTMT ölkələri hazırda heç özləri də bilmirlər ki, nə etsinlər. Hadisələrin necə və hansı səmtdə irəliləyəcəyini gözləyirlər.

Aydındır ki, Putin narazı İrəvanın sonsuz iddialarını səbirlə dinləməyə çalışacaq və elə edəcək ki, kəskin bucaqlar mümkün qədər az olsun. Təbii ki, Rusiya özü üçün bu ağır mərhələdə mümkün qədər az problem yaşamağa çalışır, amma bacarmır və bu da təbiidir, çünki Qərb hər yerdə fəal işləyir”, - deyə ekspert qeyd edib.

Rusiyalı ekspertin fikirlərindən belə nəticə çıxır ki, Rusiya hazırkı durumda Ermənistana real kömək etmək iqtidarında deyil. Çünki o, Ukraynanın şəxsində bütün Qərblə döyüşür və ordusu məğlub durumdadır. Hərbi ehtiyatları getdikcə tükənməkdədir. İş o yerə çatıb ki, İrandan PUA-lar almağa məcbur olub. Xarici dövlətlərin sanksiyaları nəticəsində ölkə iqtisadiyyatı çökmək üzrədir. Müharibə əleyhdarları ayağa qalxaraq Kreml sahibini ittiham etməyə başlayırlar. Moskvada etirazlar partlayış səviyyəsinə yüksəlir.

Bütün bunlar ona dəlalət edir ki, Vladimir Putin İrəvana gəlməklə sadəcə olaraq Qərbə mesaj göndərir ki, gözünü Ermənistandan çəksin, bura yenə də onun nəzarətindədir. Digər tərəfdən, Ermənistana təsəlliverici jestlər ediləcək ki, o da yolunu azmasın. Beləliklə, gözlənən odur ki, Prezident Putin bu səfərində həm Ermənistan, həm də Azərbaycan barədə kəskin mövqe nümayiş etdirməyəcək. Hələ Soçi görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin cəsarətli və qətiyyətli mövqedən çıxış etməsi, etiraza yol verməməsi Rusiya dövlətinin başçısını hakim tonda danışmaqdan çəkindirdi. 

Çox güman ki, Rusiya Prezidentinin bu səfəri "yumşaq siyasi iqlim" şəraitində  başa çatacaqdır. Təbii ki, Rusiya əlindəki özü üçün də həssas və təhlükəli olan bir düyünü  "diş"inə salmaq istəməz.