Zahid Rza |
Və ya Əli Əkbər Vilayəti həqiqətən səmimidirsə...
Belə bir atalar sözü var: “Adın nədir? -Daşdəmir, yumşalırsan yumşalı.” Bəli, dünənə qədər Azərbaycana qarşı təhdidlər yağdıran, mətbuatda gecə-gündüz ölkəmizin əleyhinə hərzəvi- hədyanlar yazdıran İranın fars şovinist mollakratiyası birdən-birə öz siyasətində 180 dərəcə dönüş edib. Belə ki, İran İslam Respublikasının Ali Rəhbərinin xarici siyasət üzrə müşaviri, molla rejiminin nüfuzlu nümayəndələrindən olan Əli Əkbər Vilayəti bu günlərdə ölkə mediasına açıqlamasında bildirib ki, əgər bir gün Azərbaycan Respublikası hər hansı xarici ölkə tərəfindən hücuma məruz qalsa, İran dəstək üçün onun yanında olacaq. O bununla kifayətlənməyərək söyləyib ki, özümü azərbaycanlı hesab edirəm, amma İranın hər yeri mənim evimdir: “Qürurla vurğulayıram ki, mən də digər iranlılar kimi özümü Əlburus dağının ətəklərindən azərbaycanlı hesab edirəm, amma İranın hər yeri mənim evimdir. Hər bir azərbaycanlı iranlıdır və hər bir iranlı isə azərbaycanlıdır. Həmin azərbaycanlı və iranlı İrandan kənarda və başqa pasportu olsa belə”.
Ə.Ə Vilayəti vurğulayıb ki, son günlər bəziləri məlumatsızlıqdan, bəziləri isə pis niyyətindən İranın Azərbaycan Respublikası ilə müharibə etmək istədiyi barədə şayiələr yayırlar: “İranın istər Qafqazda, istərsə də digər yerlərdə heç bir ölkəyə, xüsusən də qonşularına, həmçinin də eyni cinsdən, irqdən, dildən, dindən, adət-ənənədən və tarixdən olan insanlara zərrə qədər təcavüz etmək niyyəti yoxdur. Azərbaycan Respublikasının xalqı gözümüzün işığıdır”.
Görəsən, gün haradan doğub? Deyəsən Cənub qonşularımız nəhayət, anladılar ki, heç kim Azərbaycanla hədə-qorxu, ultimatum dili ilə danışa bilməz. Danılmaz faktdır ki, İranın uzunmüddətli yanlış siyasəti nəticəsində iki ölkə arasında münasibətlər gərginləşmişdi. Hadisələrin xronikası da bu fikri təsdiq edir. Belə ki, təcavüzkar Ermənistanın təxminən 30 illik işğalı dövründə İran işğal altındakı ərazilərdə Azərbaycan xalqına məxsus milli mədəni irsin dağıdılmasına, məscidlərin uçurulması və təhqir olunmasına göz yumub, İran şirkətləri Azərbaycanın işğal edilmiş ərazilərində qarət və talançılıq prosesində yaxından iştirak ediblər. Bundan başqa, qırx dörd günlük Vətən müharibəsi dövründə İran rəhbərliyi ən sonuncular sırasında, artıq müharibənin taleyinin həll edildiyinə və Azərbaycanın şəksiz qələbə qazandığına əmin olduqdan sonra ölkəmizə dəstək ifadə edən bəyanat verib. Amma müharibənin gedişində Ermənistana silah göndərilməsindən tutmuş Azərbaycanın təhdid olunmasına kimi ölkəmizə qarşı hər cür vasitələrdən istifadə edib. Azərbaycanın torpaqları işğal altında olan dövrdə yalnız növbətçi bəyanatlarla kifayətlənən İran rəsmiləri Ermənistanın ərazi bütövlüyünün “qırmızı xətt” olması ilə bağlı ardıcıl bəyanatlar verir, Azərbaycana qarşı hədələr səsləndirir, hərbi təlimlər keçirib, bütün mümkün vasitələrlə Ermənistanı müdafiə ediblər. Bundan başqa, İranın dini lideri Ayətullah Xameneinin nümayəndəsi, Ərdəbil imamcüməsi ayətullah Seyid Həsən Amili öz cümə xütbəsində Azərbaycana “şirin quyruğu ilə oynamamağı” məsləhət görən həyasız açıqlama verdi.
Həmçinin Azərbaycan torpaqları işğal altında olduğu dövrdə İran Ermənistanla siyasi, iqtisadi-ticarət, humanitar əlaqələrini inkişaf etdirib, birgə layihələr həyata keçirilib. 2020-ci ildə Azərbaycan qırx dörd günlük Vətən müharibəsində öz sərhədlərini işğaldan azad etdikdən sonra İran var gücü ilə ölkəmizə qarşı təxribatçı əməllər törədərək Cənubi Qafqazda yeni gərginlik və təxribat ocaqları yaratmaq üçün ən çirkin vasitələrə əl atdı. Heç utanmadan, qızarmadan, tələm-tələsik Ermənistanın Qafan rayonunda mal tövləsində hətta konsulluq açdı. Əslində bütün bu çirkin işləri həyata keçirməkdə riyakar İranın əsas məqsədi qırx dörd günlük müharibədə aldığı zərbə ilə hələ də özünə gələ bilməyən Ermənistanı Azərbaycana qarşı, möhkəmlənən türk birliyinə qarşı, necə deyərlər, yenidən diriltməkdir.
Gizli deyil ki, Cənub qonşumuzun bu cür çirkin əməlləri diqqətimizdən yayınmayıb. Belə ki, ayrı-ayrı dövrlərdə diplomatik yollarla ölkəmizə qarşı yürüdülən siyasətin səhv olduğu İran rəhbərlərinin diqqətinə çatdırılıb. İran isə bütün bunları görməzdən gələrək təhdid və təzyiqlərindən əl çəkməyib.
Bütün bunlardan sonra Ə.Ə.Vilayətinin bu günlərdə İran mətbuatına verdiyi “Azərbaycan xalqı gözümüzün nurudur” açıqlaması istər-istəməz belə bir sualı ortaya çıxarır: Görəsən, ölkəmizə qarşı törətdiyi bu çirkin əməllərdən, təhdidlərdən sonra molla rejimi nədən birdən-birə yumşaldı? Mollakratiyanı buna məcbur edən nə idi? Təbii ki, Azərbaycanın prinsipial, güzəştsiz mövqeyi. Bəli, Azərbaycan Prezidentinin güzəştsiz və qətiyyətli mövqeyi Tehranı geri çəkilməyə vadar etdi. Müdrik bir kəlamda deyildiyi kimi “İlan ulduz görməsə ölməz”.
Dövlətimizin başçısının milli maraqların qorunması istiqamətində atdığı ciddi addımlar İrana bir daha sübut etdi ki, ölkəmizi öz haqlı mövqeyindən hədələrlə, hərbi təlimlərlə çəkindirmək olmaz. Azərbaycan bütün müstəvilərdə istənilən təzyiqə, siyasi-ideoloji şantaja və hərbi təhdidlərə cavab vermək, öz prinsipial mövqeyini müdafiə etmək qüdrətinə malikdir.
Məsələ burasındadır ki, İrandan fərqli olaraq Azərbaycan daim bu qonşu ölkəyə səmimi siyasət yürüdüb. Bunun qarşılığında isə həmişə bu qonşu ölkənin riyakarlığı, qeyri-səmimiliyi və ikiüzlülüyü ilə rastlaşıb. Nəhayət, əgər Ə.Ə.Vilayəti də öz açıqlamasında həqiqətən səmimidirsə, o zaman bu gün böhranlı günlərini yaşayan, daxili etirazlar, xaos içərisində çırpınan, necə deyərlər, bu üzdən quyruğu qapı arasında qalan rəsmi Tehran Ermənistana dəstək verməkdən çəkinməli, riyakar və ikiüzlü siyasətdən əl çəkməli, Azərbaycanın ərazi bötüvlüyünə hörmətlə yanaşmalıdır. Bu qədər sadə...