KÖŞƏ

Zahid Rza

Fransa-Ermənistan: “Bacıların” xəyalları suya düşdü…

23 noyabr 2022 00:56
2736

Təcavüzkar Ermənistanı dəstəkləyən Fransanın Beynəlxalq Frankofoniya Təşkilatının Sammitində Azərbaycana qarşı planlaşdırdığı çirkin təxribat fiaskoya uğradı

İkinci Qarabağ müharibəsində Azərbaycan öz haqq işi uğrunda mübarizəsində Zəfər qazandı. Özünün ərazi bütövlüyünü bərpa etmək ölkəmiz üçün taleyüklü məsələ idi. Azərbaycan bu məsələni uğurla həll etdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman ordumuz xilaskarlıq missiyasını şərəflə yerinə yetirdi.  Dünya güclərinin, BMT-nin, ATƏT-in Minsk qrupunun 28 ildə edə bilmədiklərini rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə döyüş meydanında cəmi 44 gündə etdi. Milli maraqları nəyi tələb edirdisə, Azərbaycan onu da etdi. Ölkəmizin suveren ərazisi bərpa edildi.

Döyüş meydanında böyük itki verən, ağır, dağıdıcı zərbələr alan Ermənistanın işğalçı qüvvələri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən geri çəkildilər, daha doğrusu qovuldular. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları tarixi sənəd-işğalçı ölkənin kapitulyasiya aktı bunun əyani təsdiqidir.  

Bir həqiqət də var ki, Azərbaycanın döyüş meydanında təkcə işğalçı Ermənistanı deyil, ermənilərin havadarlarını da məğlub edərək hərbi, siyasi-diplomatik müstəvidə qələbə qazanması artıq bədxahlarımızı həqiqətləri qəbul etməyə məcbur etdi. Ancaq gizli deyil ki, Azərbaycanın 30 illik işğala son qoyması Ermənistanla yanaşı, uzun müddət təcavüzkarı dəstəkləyən bəzi ölkələrdə ciddi təşviş yaratdı. Belə ölkələrdən biri də Fransadır.  Bu ölkənin Prezidenti Emmanuel Makron isə daim Azərbaycana qarşı gizli və aşkar şəkildə düşmənçiliyini ifadə edir. 

Qırx dörd günlük Vətən müharibəsi zamanı, eləcə də postmüharibə dövründə Fransanın ölkəmizlə bağlı yürütdüyü ikili siyasət bunun əyani təsdiqidir. 2022-ci il noyabrın 15-də Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi bədnam qətnamə isə bu ölkə hakimiyyətinin siyasi riyakarlığının növbəti təsdiqi oldu. Bu qətnamə layihəsi milli dözümsüzlük, irqçilik, eləcə də ölkədə geniş vüsət almış türkofobiya və islamofobiyanın təzahürüdür.

 Məsələ burasındadır ki, zaman-zaman insanlıq əleyhinə əməllər və müharibə cinayətləri törətmiş cinayətkar Fransa müxtəlif platformalarda Azərbaycana qarşı təxribatlarını bu gün də davam etdirir. Prezident İlham Əliyev noyabrın 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdəki çıxışında bildirib ki, bu yaxınlarda Ermənistanın hansı səbəbə görə üzv olduğu Frankofoniya təşkilatı çərçivəsində də Azərbaycana qarşı çirkin bir təxribat planlaşdırılırdı: “Bu təxribatın müəllifi Fransa idi və Fransa da Ermənistana indi himayədarlıq edir. Onlar bir-birinə “bacı” deyirlər və mən görürəm, yoldaşlar da bunu xüsusi qeyd etdilər. Mən daha demədim ki, “qardaş” da deyə bilərdilər, amma nədənsə bunlar “bacı” deyirlər. Orada hazırlanmış qətnamənin ilkin variantı sırf anti-Azərbaycan tezislər üzərində qurulmuşdur və həqiqətə tam zidd idi. Frankofoniya təşkilatında olan dostlarımızın, - onları biz yaxşı tanıyırıq və onlar da, sözün əsl mənasında, dostlarımızdır, - səyi nəticəsində bütün anti-Azərbaycan tezisləri oradan çıxarıldı. Fransa-Ermənistan tandemi bu imkandan da istifadə edə bilməmişdir. Yəni, bu, onu göstərir ki, bizim beynəlxalq təşkilatlardakı nüfuzumuz və beynəlxalq müstəvidə apardığımız siyasət təqdir edilir.”

Yeri gəlmişkən, 2022-ci il noyabrın 18-də Tunisin Cəbrə adasında baş tutan Beynəlxalq Frankofoniya Təşkilatının 50 illik yubiley sammitində fransızdilli ölkə olmamasına rəğmən yalnız Parisin himayəsinə sığınmaq məqsədilə bu təşkilatda təmsil olunan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan əleyhinə bəyanat səsləndirib və bu sərsəm iddialarını dövlət və hökumət başçılarının qəbul edəcəyi yekun sənədinə -Bəyannaməyə əlavə etməyi təklif edib. Lakin bir sıra üzv və assosiativ üzv ölkələr, həmçinin müşahidəçi qismində tədbirdə iştirak edən dövlətlərin nümayəndələri buna etiraz əlaməti olaraq iclası tərk ediblər. Bundan başqa, sammitin dövlət və hökumət başçılarının zirvə toplantısında çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyanın qlobal sistemdə dövlətlərin suverenliyinə hörmət etməyin zəruriliyini bildirməsi isə bəzi iştirakçılar tərəfindən istehza ilə qarşılanıb. Burada da erməni  avantürası keçməyib. Çünki həmin iştirakçılar təcavüzkar Ermənistanın militarist xarakterinə yaxşı bələd idilər.

Bir məsələni xüsusilə vurğulamaq lazımdır ki, sammitdə sənədlərin razılaşdırılması prosesi çərçivəsində Azərbaycan əleyhinə birtərəfli, qərəzli və təhriflərlə dolu müddəalara etiraz edən ölkələrə qarşı Fransa tərəfindən əlavə siyasi təzyiqlər və diplomatik praktikadan kənar çəkindirmə addımları atılıb. Lakin bütün bu təzyiqlərə baxmayaraq, təşkilata üzv dövlətlərin nazirlər iclası zamanı bəzi üzv dövlətlər bir daha söz alaraq qətnamə layihəsinin müvafiq bəndlərinə etiraz etdiklərini və sənədin qəbuluna razı olmadıqlarını bəyan ediblər.

Məsələ burasındadır ki, “qoca qitə”də yüz illər boyunca öz riyakarlığı, militarist siyasəti və qeyri-səmimiliyi ilə tanınan, daim insan hüquqlarından və humanizmdən dəm vuran, qatı ermənipərəst Fransa bu gün də müstəmləkəçilik siyasətindən əl çəkmir. Beynəlxalq Frankofoniya Təşkilatının yaradılması da Ermənistanın “böyük bacısı”nın bu cür antibəşəri məqsədlərinə xidmət edir. Ekspertlərin də qeyd etdikləri kimi, bu təşkilatın yaradılmasında əsas məqsəd Fransanın keçmiş və hazırda mövcud olan müstəmləkələri üzərində öz nəzarətini qoruyub saxlamaqdır.

Göründüyü kimi, ayrı-ayrı dövrlərdə təcavüzkar Ermənistanı dəstəkləyən Fransanın erməni sevdasından əl çəkə bilməməsi səbəbsiz deyil. Belə ki, bu ölkə də “kiçik bacısı” Ermənistan kimi, daim beynəlxalq hüquqa hörmətsizlik nümayiş etdirib, başqa xalqlara qarşı soyqırımlar, kütləvi qırğınlar və müharibə cinayətləri törədib. Elə buna görə də “böyük bacı” olan Fransa hələ də Ermənistanın Azərbaycanda törətdiyi müharibə cinayətlərinə səssiz qalır, eləcə də bölgədə gərginliyi artırmaq və sülhə mane olmaq siyasətini davam etdirir. İstər təcavüzkar Ermənistan, istərsə də onun havadarı, “böyük bacısı”sı Fransa anlamalıdırlar ki, onların bütün anti-Azərbaycan cəhdləri bundan sonra da fiaskoya uğrayacaq.