Vəli İlyasov |
Nə, Qərb, nə də Rusiya Ermənistanı öz təsir dairəsindən buraxmaq istəmir
İki ildir ki, rəhbəri olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) Azərbaycanın üzərinə salışdırmağa çalışan Ermənistanın xəbis niyyəti bu dəfə də baş tutmadı. Bu ölkənin hətta öz müttəfiqlərinin belə hörmətini və etibarını qazana bilmədiyi açıq göründü. Beləliklə, işğalçı ölkə təşkilata rəhbərlik etdiyi müddətdə KTMT-nin gücündən öz xeyrinə zərrə qədər də istifadə edə bilmədi. Bunun səbəbləri sırasında başqa arqumentlər də mövcuddur. Belə ki, Azərbaycanın KTMT-yə üzv olan dövlətlərlə yaxın dostluq və müttəfiqlik əlaqələri var. Buraya həm də Azərbaycan Prezidenti İlham Əliyevin həmin təşkilata üzv ölkələrin rəhbərləri ilə şəxsi dostluq münasibətləri aiddir.
İrəvanda KTMT-nin sammitində təşkilata üzv ölkələrin prezidentləri Ermənistan və Azərbaycan arasında imzalanması nəzərdə tutulan sülh müqaviləsindən, sərhədlərin delimitasiyası və demarkasiyası prosesindən, nəqliyyat və kommunikasiya xətlərinin açılmasından bəhs etdilər. Rusiya Prezidenti Vladimir Putin də əsasən bu məsələlərdən danışdı, Zəngəzur dəhlizinin açılmasını vacib hesab etdiyini bildirdi. Yəni, bütün dövlətlərin liderləri sülh müqaviləsinin imzalanmasına tərəfdar olduqlarını vurğuladılar.
Əvvəldən də bilinirdi ki, rəsmi İrəvanın bir sıra cığal cəhdlər etməklə proseslərdə ciddi dəyişikliklərə nail olması qeyri-mümkündür. Belə də oldu. Azərbaycan sərhədlərinin atəş altında saxlanmasının da xeyri olmadı.
Heç şübhəsiz ki, noyabrın 22-23-də atəş nöqtələrinin “zəngin” olmasının və təxribatların saatlarla davam etməsinin səbəbi İrəvanda keçirilən KTMT-nin toplantısı ilə əlaqədar idi. Nikol Paşinyan və Qarabağdakı erməni tör-töküntülər genişmiqyaslı hərbi təxribatlara əl atmaqla “Rus NATO”sunun İrəvan zirvəsinin gündəliyini də zənginləşdirmək istəyirdilər. Həm də “əsaslar yaratmağa” çalışırdılar ki, “baxın, Azərbaycan heç sizi də saya salmır, durub İrəvana gəlibsiniz, amma bizim adamları “genosid” edirlər”. Gördülər Azərbaycan öz təmkinini pozmur, bunlara baş qoşmur. Ancaq yenə də sakitləşmədilər, Putin-Paşinyan görüşünün keçirildiyi saatlarda xəbər yaydılar ki, guya Azərbaycan tərəfdən açılan atəşlə bir erməni hərbçi yaralanıb. Amma nə hərbçinin adı var, nə yeri, nə də fotosu. Sadəcə boş erməni sözü, erməni şəri...
Dediyimiz kimi, Ermənistanın həmin təxribatları Azərbaycanın üzərinə yıxmaq, "baxın, bizə yenə hücum edirlər" deyib təşkilat təmsilçilərinin hərbi dəstəyini almağa hesablanmışdı. Ancaq başıboş baş nazirin bu kimi xam arzu və xəyalları suya düşdü, güvəndiyi dağlara qar yağdı...
Niyyətinin baş tutmadığını görən Nikol Paşinyanın KTMT sammitinin yekun bəyanatını imzalamaqdan boyun qaçırması öz-özlüyündə müəyyən suallar doğurur. Yerli KİV onun sənədi imzalamamasına səbəb kimi son bir ildə təşkilatın fəaliyyətindən narazılığını göstərir. Baş verən prosesləri, Ermənistanın sərhəddə mövqelərimizi atəşə tutmasını, rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasındakı separatçıların terror qruplaşmalarının son günlər törətdiyi təxribatları nəzərdən keçirərkən bölgədə çox ciddi oyunların getdiyi ortaya çıxır. Artıq iki qütbə bölünmüş Ermənistanda bir qrup Amerika və Avropa, digər qrup isə Rusiya ilə işləmək istəyir. İrəvan hələ də müəyyən rıçaqlardan yararlanmağa cəhd etsə də alınmadı. Belarus Prezidenti Aleksandr Lukaşenko isə kəskin tərzdə öz davranışları ilə Ermənistana "Daha bəsdir, adam olun, yola gəlin" mesajını verdi.
"İpin ucunu itirmiş" ermənilərin Azərbaycanın ziyanına irəli sürdükləri iki təkliflərinin sammit iştirakçıları tərəfindən rədd edilməsi isə onların utanmaz sifətlərinə vurulan qapaz oldu.
Ən maraqlı orasıdır ki, Ermənistanda çıxan tanınmış "Hraparak" nəşri "İrəvanda Əliyev zirvəsi" başlıqlı məqalə dərc edib. Məqalədə göstərilib ki, KTMT-nin İrəvanda keçirdiyi toplantı Azərbaycanın mənafelərini müdafiə edib. Belə çıxır ki, Azərbaycan Prezidenti Ermənistanın baş nazirinə hətta İrəvanda da qalib gəlib. Nəşrin bu yazısı ilə öz baş nazirini hansı gülünc vəziyyətə saldığını təsəvvür etmək çətin deyil. Sülh sazişindən qaçdıqca kapitulyant Ermənistanın başına belə gülünc hadisələr çox gələcəkdir.