Zahid Rza |
Rusiya sülhməramlı kontingentinin yanlış addımları, Azərbaycanın yaşayış məntəqələrini uydurma erməni adları ilə təqdim etməsi ictimaiyyətimizi hiddətləndirir
Bu yaxınlarda Rusiya sülhməramlı kontingentinin rəsmi məlumatlarında Azərbaycanın yaşayış məntəqələrini uydurma erməni adları ilə təqdim etməsi əslində avantüradan başqa bir şey deyil. Təsadüfi deyil ki, Azərbaycanın Müdafiə Nazirliyi son günlərdə bir neçə dəfə Qarabağdakı Rusiya sülhməramlılarını öz bülletenlərində uydurma erməni yer adlarından deyil, Azərbaycanın rəsmi toponimlərindən istifadə etməyə çağırıb.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, respublikamızın ərazisindəki yaşayış məntəqələrimizin adlarının uydurma erməni toponimləri ilə qeyd olunması, o cümlədən “Dağlıq Qarabağ ərazisi” ifadəsinin işlənməsi ilə bağlı bir daha qeyd etmək istəyirik ki, bu YOLVERİLMƏZDİR: “Rusiya Federasiyasının sülhməramlı kontingentini rəsmi məlumatlarında qeyd etdiyimiz yanlış ifadələrdən istifadə etməməyə çağırırıq və bu çağırışımıza əməl olunacağına ümid edirik. Bundan başqa ölkəmizin adının da paylaşdıqları xəritədə düzgün qeyd olunmasını tələb edirik. Bir daha xatırlatmağı özümüzə borc bilirik ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin 29.11.2022-ci il tarixli rəsmi məlumatında “Dağlıq Qarabağ ərazisi” kimi qeyd olunan ərazi Qarabağ iqtisadi rayonudur, “Mardakert” və “Martuni” kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları isə müvafiq olaraq AĞDƏRƏ, XOCAVƏNDDİR. Stepanakert adlı yaşayış məntəqəsi yoxdur, Xankəndi var.
Yeri gəlmişkən, məlumatda o da qeyd olunur ki, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun yaşayış məntəqələrinin Azərbaycan toponimlərinə uyğun adlı siyahısı və xəritəsi Rusiya Federasiyasının Müdafiə Nazirliyinə, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin əvvəlki və hazırkı komandanlığına, eləcə də Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə Azərbaycan tərəfindən rəsmi qaydada göndərilib və məlumatlarda məhz bu adlardan istifadə olunması barədə dəfələrlə müraciət edilib.
Təəssüf ki, Azərbaycan Müdafiə Nazirliyi son günlər bir neçə dəfə bütün bu baş verənlərə etiraz bildirsə də, RF-nın sülhməramlı kontingenti bu açıqlamaya etinasız yanaşır, Rusiyanın aidiyyəti dövlət qurumları- Müdafiə, Xarici İşlər nazirlikləri və s. də buna reaksiya vermir. Əksinə, ruslar Müdafiə Nazirliyimizin iradlarına utanmadan, əxlaqsızcasına keçmiş SSRİ Baş Qərargahının xəritələrindəki toponimlərdən istifadə etdiklərini bildirirlər. Rusiya sülhməramlılarının orada yerləşməsinin məqsədi sülhü bərqərar, təhlükəsizliyi təmin etməkdir. Amma heç kimə sirr deyil ki, ekspertlərin də qeyd etdiyi kimi, Rusiya sülhməramlıları bölgəyə yerləşdikdən sonra erməni mövqeləri, bölmələri iki-üç dəfə çoxalıb, yeni səngərlər qazılıb, silahlar daşınıb.
Bəli, Azərbaycan-Rusiya münasibətlərinin normal məcrada inkişafı fonunda sülhməramlı kontingentin belə etinasızlığı Azərbaycan ictimaiyyətini hiddətləndirir. Cəmiyyətimizdə çox haqlı olaraq belə bir sual yaranır: Görəsən, bütün bu məsələlərdə Rusiyanın mövqeyini onun siyasi rəhbərliyi müəyyənləşdirir, yoxsa bu ölkənin Qarabağdakı sülhməramlı kontingentinin rəhbəri Andrey Volkov? Təbi ki, A.Volkovun belə “cəsarətlənməsi” erməni əsilli rusiyalı tanınmış iş adamı Ruben Vardanyanın bir müddət əvvəl Qarabağa müəmmalı şəkildə gəlişindən sonra hiss olunmağa başlayıb.
Nəhayət, birmənalı deyə bilərik ki, Qarabağda toponimlər həssas məsələdir və sülhməramlılara ünvanlanan bu tələb yalnız MN-nin yox, ümumilikdə Azərbaycan ictimaiyyətinin tələbidir və A.Volkov və digərləri bu tələbi sözsüz yerinə yetirməlidirlər...