KÖŞƏ

Zahid Rza

Nə gözəl al günəş doğdu təbiət…

13 dekabr 2022 01:36
7220

Dekabrın 12-də (21 Azər) Güney Azərbaycan Milli Hökumətinin yaranmasının 77-ci ildönümü tamam oldu. 1945-ci ilin sentyabrında Azərbaycanın tanınmış demokratlarından bir qrupu vaxtilə Şeyx Məhəmməd Xiyabaninin təsis etdiyi Azərbaycan Demokrat Firqəsini bərpa etdilər. Yeni yaradılan Azərbaycan Milli Hökuməti İranın irticaçı Pəhləvi rejiminin milli zülmünün nəticələrini ləğv etdi. 

Azərbaycanın fədai şairi Məhəmməd Bağır Niknam həmin günlərdə “Al günəş adlı” şeirində yazırdı:

Nə gözəl al günəş doğdu təbiət,
Məhv olub büsbütün dağıldı zülmət.
Xalqımız göstərib böyük şəhamət,
Qurub yurdumuzda Milli Hökumət.

Vaşinqtonda nəşr olunan “Middle East” jurnalı Milli Hökumətin islahatları haqqında yazırdı: “Üsyançıların rəhbəri və yeni rejimin Baş naziri Pişəvəri dəqiq və təsirli təşəbbüslə bir sıra çox lazımi islahatlar keçirdi. Bunlar torpaq islahatından, fəhlələrin vəziyyətinin yaxşılaşdırılması, ictimai işlərin və maarif işlərinin inkişafı tədbirlərindən ibarət idi”.

1945-ci il dekabrın 12-də yarandığı elan edilən Azərbaycan Milli Hökuməti çox qısa ömrü- bir illik fəaliyyəti ilə yaddaşlarda əbədi qalıb. 1945-ci ilin noyabrında Milli Məclisə seçkilər keçirildi. Dekabrın 12-də Milli Məclis işə başladı və S.C.Pişəvərinin başçılığı ilə Milli Hökumət yaratdı.

 Hökumət xalqın dəstəyi ilə dövlətin bir sıra mühüm işlər həyata keçirdi: Azərbaycan türkcəsinin dövlət dili olaraq qəbul edilməsi, ana dilində kitabların çapı, Təbriz Dövlət Universitetinin və çox sayda orta məktəblərin açılması, milli teatr və milli filarmoniyanın qurulması, milli kitabxanaların istifadəyə verilməsi, yolların çəkilməsi, torpaq islahatı, iri bankların milliləşdirilməsi, səyyar xəstəxana və tibbi klinikaların insanlara xidmət etməyə başlaması, sosial proqramların qəbulu, Güney Azərbaycan Milli Ordusunun yaradılması, qadınlara kişilərlə yanaşı bərabər hüquqların verilməsi, bütün xalqların nümayəndələrinin eyni hüquqlara malik olması və s.

 Azərbaycan Demokratik Firqəsinin sədri, Azərbaycan Milli Hökumətinin rəhbəri Seyid Cəfər Pişəvəri 1945-ci ilin sentyabr ayında firqənin orqanı olan “Azərbaycan” qəzetində dərc olunan məqaləsində yazırdı: “Azərbaycan Tehranla bir yerdə əsir Hindustan olmaqdansa, özü üçün azad İrlandiya olmağa üstünlük verir. Tehran pozğun və küçə gözəlləri kimi hər gün bir lotunun qucağına atıla bilər. Azərbaycan isə namus və heysiyyətinə maraqlıdır. O bir daha biganələrin alçaq nökəri olan rzaxanların boyunduruğu altına girməz və gündə bir lotuya təslim olmaz”.

Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi Milli Hökumət 1946-cı ilin dekabrında süquta uğradı. Hərtərəfli hazırlıqdan sonra hücuma keçən İran ordusu milli hökumətin paytaxtı Təbriz şəhərini ələ keçirdi və hökumətin çoxsaylı üzvləri güllələndi. On minlərlə insan mühacirətə getməyə məcbur oldu. Azərbaycanın minlərlə mərd mübarizləri, vətənpərvərləri irticaya qarşı mübarizədə həlak oldu. Seyid Cəfər Pişəvəri də daxil olmaqla çoxsaylı hərəkat iştirakçısı o zamankı Sovet Azərbaycanına mühacirət etdilər. S.C.Pişəvəri 1947-ci il iyulun 11-də Gəncə şəhərindən qayıdarkən Yevlax rayonu ərazisində müəmmalı avtomobil qəzası nəticəsində həlak oldu. Hökumətin baş prokuroru Firudin İbrahimi Təbrizdə edam olundu, maarif naziri Məhəmməd Biriya sovet siyasi rejimi tərəfindən 22 ildən artıq həbsdə saxlanıldı. Azərbaycan Milli Hökumətinin poçt və teleqraf vəziri, general Kəbiri əvvəlcə Təbriz küçələrində gəzdirilib daşa basıldı, sonra isə Marağaya aparılaraq orada dar ağacından asıldı. Cənubi Azərbaycanın qocaman şairi Əli Fitrət zindanda qətlə yetirildi, fədai şair Yüzbəndinin başı kəsildi, fəhlə şair Məmmədbağır Niknam evlərinin astanasında güllələndi.

O dövrdə milli-azadlıq hərəkatının və Azərbaycan Milli Hökumətinin məğlubiyyətinin əsas səbəbi ABŞ, İngiltərə və SSRİ-nin İrandakı siyasəti ilə bağlı idi. Bu imperialistlər Güney Azərbaycanının milli-demokratik hökumətini vəhşi imperiya mənafelərinə qurban verdilər. 

Xalq yazıçısı, akademik Mirzə İbrahimov 1947-ci ildə “İnqilab və mədəniyyət” jurnalında dərc etdirdiyi “Cənubi Azərbaycanda milli-demokratik hərəkat haqqında” məqaləsində yazırdı: “...Azərbaycan xalqı yarım əsrin ərzində üç böyük çıxış ilə əsarət altında yaşamaq istəmədiyini, öz cəlladlarına nifrət etdiyini göstərdi. Hərgah xarici qüvvələr və tarixi şərait onun zülm zəncirlərinin əbədi olaraq qırılmasına imkan verməmişsə, burada nə onu, nə də onun başçılarını ittiham etmək olmaz”.

Bəli, Güney Azərbaycandakı Milli Hökumət, milli-azadlıq hərəkatı məğlubiyyətə uğradı, onun fədailəri Vətənin azadlığı uğrunda qəhrəmancasına şəhid oldular. O misilsiz vətənpərvərlərin məslək və amalları, məramları bugünkü nəsillər üçün əvəzsiz bir örnək və mayak oldu…