KÖŞƏ

Vəli İlyasov

Məzlumun qanını tökənlər o qanda boğulacaqlar

17 dekabr 2022 02:37
1224

Fars ideoloqları və onların şovinist ideyalarını həyata keçirən  şahlar, sonra isə prezidentlər İran deyilən dövlətin ərazisindəki xalqları zülm və əsarət altında saxlamaq üçün baş qaldırıb haqqını, hüququnu tələb edənləri, azadlıq istəyənləri insanlıqdan uzaq üsullarla məhv ediblər. Dar ağacından canını xilas etmək üçün İrandan İngiltərəyə qaçan Salman Rüşdi şah-molla rejimini nahaq yerə qatillər səltənəti adlandırmırdı ki?!

Xatırladaq ki, İranda səltənətçilərin başçısı sayılan Məhəmmədrza şahın oğlu Rza Pəhləvi vaxtilə hər il “21 Azər”lə bağlı çıxışında Güney Azərbaycan Milli Hökumətinin süqutunu “İranın nicatı və milli birlik günü” kimi səciyyələndirirdi.  1946-cı ildə Güney Azərbaycanda bir neçə günün içində minlərlə insanın kütləvi həbsini və ən vəhşi üsullarla qətlini "milli birlik" – “İranın nicatı” adlandırması fars şovinizminin xislətindən irəli gəlirdi.

İranda hətta Azərbaycan Demokrat Firqəsinə müxalif olan ancaq vicdanını itirməmiş insanlar belə 1946-cı ildə minlərlə insanın günahsız öldürülməsindən narahat olduqlarını dilə gətirirdilər. Həmin il ölümdən yaxa qurtarmaq üçün minlərlə azərbaycanlı Araz çayını birtəhər keçərək Şimali Azərbaycana pənah gətirdilər. Yadımdadır ki, o zaman onları "demokrat" adlandırırdılar. Əzab-əziyyət çəkmiş o həmvətənlərimiz danışırdılar ki, Arazı keçənlərin bir çoxu suda boğulub həlak oldular. Kiminin atası, kiminin qardaşı, kiminin uşağı... Ancaq bu faciələri törədənin övladı Rza Pəhləvinin üzr istəmək əvəzinə, qətliamı “milli birlik və bayram” kimi qeyd etməsi İranın gələcəyinin nə qədər acınacaqlı durumda olacağından xəbər verirdi. Səltənətçı və mərkəzçilərin bu cür ədalətsiz və qəddarlıqları və vandal iddialarda olmalarından açıq-aydın görünürdü ki, İranın gələcəkdə parçalanmaqdan başqa yolu olmayacaq. İndi həmin vaxt gəlib, qan üstündə qurulan səltənət dağılıb məhv olmaqdadır.

Maraqlı faktdır ki, səmavi dinlər arasında ən mükəmməli olan İslamı başlarının üstündə çətirə çevirən İranın keçmiş şahlarının  çoxunun özlərinin və övladlarının xarici ölkələrdə illərlə qalıb təhsil almaları, Fransada, Amerikada, Rusiyada hakimiyyətə hazırlanmaları, saray sui-qəsdlərində iştirakı diqqət çəkir. Bununla bərabər hakimiyyətdən düşən şahlar adətləri üzrə ailələri ilə birlikdə yenə də xarici ölkələrə qaçıblar.

Vaxtilə böyük satirik şairimiz Mirzə Ələkbər Sabir İran şahlarının xalqa zülm etmələrini, xəyanətlərini və satqınlıqlarını şeirlərində çox gözəl əks etdirib. Görkəmli ədibimiz  Məmməqəli şahın dili ilə yazırdı:

Söz mənim, ev mənim, əsrar mənim,
İrzi-namus mənim, ar mənim,
Mal mənim, məsləhəti-kar mənim,
Satıram, dövləti-Qacar mənim,
Kimə nə dəxli ki, mən şey satıram?!
Ay alan! Məmləkəti-Rey satıram!

Şahların yaman günə saldıqları İran bu gün də qan içində üzür. Yüz illərlə boğulan və kölə həyatı yaşayan xalqlar ən adi insani hüquqlarını əldə etmək üçün ayağa qalxıblar. Lakin ölkədəki zülmətə işıq tutmaq istəyənlər ali dini rəhbər Seyid Əli Xamenei, prezident İbrahim Rəisi tərəfindən ən sərt şəkildə cəzalandırılırlar. Artıq etiraz aksiyalarında iştirak edən fəallardan 500 nəfərə qədəri öldürülüb. İş o yerə çatıb ki, bir çox beynəlxalq təşkilatlar İran rəhbərlərindən bu qırğını dayandırmağı tələb edirlər. İslam kimi humanist bir dinin qanunlarını və tövsiyələrini vecinə almayan bu şəxslər heç kimin müraciətlərini eşitmək belə istəmirlər. Çünki Rza şah Pəhləvi kimi "xalq rəhbərləri" onlara belə vəsiyyət ediblər: baş qaldıranın başını kəsin!

İnsanlara zülm edən, müqəddəs İslam qayda-qanunlarını murdarlayan əmmaməli şeytanlar bu gün əksəriyyəti gənc oğlan və qızlar olan etirazçıları günahsız edam etdiklərinə görə tezliklə  cavab verməli olacaqlar.

Bir çox saf din xadimləri cəllad mollaların insanlara etdikləri zülmləri qəbul etməyərək əmmamələrini çıxarıb atırlar. Yəni, vicdanı olanlar qatillərə öz etirazlarını belə bildirirlər. Allahın evində donuz saxlayan ermənilərə "qardaş" deyib qucaq açanların aqibəti, müsəlman aləminə xəyanəti şübhəsiz xoş sonluqla qurtarmayacaq. Tezindən olsun!