KÖŞƏ

Mahir Rəsuloğlu

Sarsılan “qardaşlıq”...

11 yanvar 2023 02:57
1764

Dəyişən Ermənistan, dəyişməz erməni xisləti və ya Nikol Paşinyan  Rusiyadan niyə narazıdır?

2021-ci il noyabrın 23-də “Facebook” səhifəsi üzərindən onlayn mətbuat konfransı keçirərək jurnalistlərin və ictimaiyyət nümayəndələrinin suallarını cavablandırarkən baş nazir Nikol Paşinyan Rusiyaya hörmətlə yanaşdığını, Ermənistanın strateji tərəfdaşı olduğunu bildirmişdi və əlavə etmişdi ki, bu tərəfdaşlıq əvəzsizdir. Həmin vaxt Rusiyanın ölkəsinin təhlükəsizliyinin təmin edilməsindəki rolunu, həmçinin Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətini də yüksək qiymətləndirdiyini deyən Paşinyan, deyəsən ötən müddətdə “böyük qardaşı”na qarşı münasibətində ciddi korrektələr edib. Ermənistanın baş naziri bu il yanvarın 10-da keçirtdiyi mətbuat konfransında öz “strateji tərəfdaşları”ndan narazı görünürdü və aşkar şəkildə Rusiya əleyhinə fikirlər səsləndirirdi. Düşmən ölkənin “Sputnik Armenia” saytının məlumatına görə, Paşinyan sualları cavablandırarkən Ermənistanın 2023-cü ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi təlimlərinə ev sahibliyi etməyəcəyini bəyan edib. O, bildirib ki, Ermənistanda hazırkı vəziyyətdə KTMT-nin “Sarsılmaz qardaşlıq” təlimlərinin keçirilməsi məqsədəuyğun deyil. Yeri gəlmişkən, bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi də təlimlərin keçirilməsinin məqsədəuyğun olmadığını açıqlamışdı və göründüyü kimi, Ermənistanla Rusiyanın “qardaşlığı” ciddi şəkildə sarsılıb. Paşinyanın fikirlərinə Rusiyanın cavabı da özünü çox gözlətməyib. Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, ölkəsi Ermənistanın KTMT təlimlərinin keçirilməsindən imtinası ilə bağlı mövqeyinin təfərrüatlarını aydınlaşdıracaq. Peskov Ermənistanda planlaşdırılan təlimlərin təşkilata üzv olan başqa ölkələrin ərazisində keçirilə biləcəyini də qeyd edib.

Mətbuat konfransında Nikol Paşinyan Ermənistanın Rusiya və Belarus tərəfindən 1999-ci ildə imzalanmış müqavilə ilə yaradılmış “İttifaq dövləti”nə üzv olmayacağını da bildirib və bunun mümkünsüz olduğunu deyib: “Ermənistan İttifaq dövlətinə daxil olması ilə bağlı Rusiyadan heç bir təklif almayıb və ola da bilməzdi. Bizim üçün, ümumiyyətlə, suverenlik və müstəqillik müstəsna dəyərdir. Bunu təmin etmək üçün hər şeyi etməyi özümüzə borc bilirik.”

Erməni baş nazirin Rusiya əleyhinə fikirləri bununla da yekunlaşmayıb. O, əvvəlki açıqlamalarından fərqli olaraq Azərbaycanın müəyyən ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin fəaliyyətindən narazı olduğunu dilə gətirib. Qarabağdakı milli sərvətlərimizin erməni quldurları tərəfindən talanmasına, ekologiyamıza qarşı törədilən barbarlıq aktlarına etiraz məqsədilə Azərbaycanın qeyri-hökumət təşkilatlarının və ictimaiyyət nümayəndələrinin, ekofəalların, könüllülərin iştirakı ilə keçirilən aksiyalar səbəbindən Laçın yolunda yaranmış vəziyyətə toxunan Paşinyan Rusiyanı nəzərdə tutaraq bildirib ki, biz tərəfdaşlarımızla ultimatum dilində danışmalı deyilik: “Ancaq durum ictimaiyyətə açıqlanıb, lazımi qiymət verilib. Laçın dəhlizinin işini Rusiya sülhməramlıları təmin etməlidir. Bu, üçtərəfli sazişlərdə də öz əksini tapıb.”

Paşinyanın açıqlamaları son günlər Ermənistanda Rusiya əleyhinə artan narazılıqların qarşısını niyə alınmadığı və Gümrüdə keçirilən etiraz aksiyalarının planının hansı “mətbəxdə” hazırlandığı suallarına da müəyyən qədər aydınlıq gətirir. Xatırladaq ki, yanvarın 8-də keçirilən anti-Rusiya aksiyasını Ermənistanın “Milli Demokratik Qütb” (“Bever”) siyasi hərəkatının təşkil etdiyi bildirilirdi. Aksiya iştirakçıları Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasına gedən yolu bağlayaraq mitinq keçirib. Hərəkatın aparıcı fiqurlarından və aksiyanın təşkilatçılarından olan Vaqe Qasparyan aksiyadakı çıxışında bildirib ki, biz dünyaya 102 saylı hərbi bazanın timsalında Rusiyanın Ermənistanı işğal etdiyini göstərəcəyik. Yeri gəlmişkən, Qasparyan hələ ötən ayın sonunda Rusiyanın Qarabağı blokada saxladığını iddia edərək onlara cavab kimi Gümrüdəki hərbi bazanı mühasirəyə alacaqlarını elan etmişdi. Gümrü aksiyasının əsas hədəfi guya “Laçın yolunun bağlanmasına” etiraz idi. Ancaq səslənən şüarlar bunun daha çox Rusiyaya qarşı təşkil olunduğunu nümayiş etdirdi: “İylənmiş Rusiya, Ermənistandan rədd ol!”, “Rusiya işğalçıdır!”

Aksiyanın Ermənistan hakimiyyəti tərəfindən təşkil olunduğu da istisna edilmir. Belə ki, 2022-ci il dekabrın 26-da düşmən ölkənin Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistan İctimai Televiziyasının efirindən Rusiyanın siyasi dairələrinin etirazı ilə qarşılanan çıxış etmişdi. Qriqoryan həmin çıxışında bildirmişdi ki, Rusiya “Laçın yolunu bağlayaraq” Ermənistanı Azərbaycana dəhliz verməyə, həmçinin Rusiya-Belarus “İttifaq dövləti”nə birləşməyə məcbur edir.

Paşinyanın mətbuat konfransı öncəsi Rusiya əleyhinə keçirilmiş etiraz aksiyası yenə də erməni baş nazirin 2021-ci ilin sonlarındakı mətbuat kofransını yada salır. Məsələ burasındadır ki, məhz elə həmin mətbuat konfransı keçirildiyi gün, yəni noyabrın 23-də Ermənistanın Milli Demokrat Partiyası paytaxt İrəvandakı ABŞ səfirliyi qarşısında Rusiya əleyhinə aksiya keçirərək Amerika Prezidentindən dəstək istəyirdi. Özü də öz əleyhinə keçirilən istənilən, hətta dinc aksiyanı polis gücünə qəddarlıqla dağıtdıran Paşinyan həmin vaxt “Bizim xilasımız Amerika və birləşmiş Qərbdir!”, “Ruslar burnundan uzağı görə bilmirlər, Amerika isə 100 il əvvəli proqramlaşdırır!”, “Bolşeviklər gəldi, ölkəmizi tutdular, dövlətçiliyimizdən məhrum etdilər!” kimi rusofobiya şüarlarını səsləndirənlərə qarşı heç bir tədbir görməmişdi.

Göründüyü kimi, Ermənistanın baş naziri vaxtilə “strateji tərəfdaş” adlandırdığı Rusiya ilə elə də dostcasına və müttəfiq kimi davranmır və yenə də “ikili” oyun oynamağa çalışır. Bəs erməni ekspertlərin “batmaqda olan Titanik” adlandırdıqları, “Ermənistanın xilası üçün nə qədər mümkündürsə tez bir vaxtda bu gəmini tərk etmək lazım olduğunu” dedikləri Rusiya bütün bunlara çoxmu səbir göstərəcək? Sarsılan “qardaşlıq” Ermənistanın baş nazirinin özünü də sarsıtmayacaq ki?..