22 fevral 2023 11:35
1955

Magistratura imtahanında maksimum bal topladı: "Bir dəfə də olsun "of" demədim"

Ölkə birincisi: Heç vaxt zəhmət itmir!

"“İki sahil”in budəfəki müsahibi Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına keçirilən builki qəbul imtahanında maksimum bal - 100 bal toplayan Azərbaycan Dövlət İqtisad Universitetinin 4-cü kurs tələbəsi Nihad Rasim oğlu Zeynallıdır. Onu da qeyd edək ki, indiyədək magistraturaya qəbul imtahanında heç kim maksimum nəticə əldə etməyib.

Ölkə birincisi olan gəncimiz qeyd etdi ki, orta məktəb təhsilini Bakı Oksford məktəbinin Şəmkir filialında 2018-ci ildə başa vurub: “2019-cu ildə bakalavr imtahanından 648.7 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olmuşam. Beynəlxalq İqtisad Məktəbi fakültəsində “mühasibat uçotu və audit” ixtisası üzrə dörd ildir ki, təhsil alıram. Bu müddət ərzində universitetin mübadilə proqramından yararlanaraq 2020-ci ildə İsveçrədə Qərbi İsveçrə Universitetində təhsil almaq şansı qazanmışdım. Ancaq COVİD-19 pandemiyasına görə xaricdə təhsil planlarım təəssüf ki, alınmadı.”

Nihad Zeynallı bildirdi ki, hələ ki, universitet seçimini etməyib: “İxtisas seçimimə gəldikdə isə böyük ehtimal ki, təhsilimi öz sahəmdə, maliyyə, iqtisadiyyat, audit sahəsində davam etməyi düşünürəm.”

İnformatika ilə bağlı 25 sualı heç bir tərəddüd olmadan cavablandırdığım anda...

Həmsöhbətimiz vurğuladı ki, imtahanda iştirak edən hər kəs sualları cavablandırarkən onda yaranan təəssüratı artıq imkan verir ki, təqribən neçə bal yığacağını əvvəlcədən bilsin: “Mənim ən əsas ehtiyat etdiyim hissə informatika ilə bağlı suallar idi. Bu fənlə bağlı 25 sualı heç bir tərəddüd olmadan cavablandırdığım anda, elə imtahan zalında artıq nəticənin 100 ola biləcəyinin mümkünlüyünü dərk edirdim. Sadəcə diqqətimi suallara və cavab kartına yönləndirib heç bir texniki səhv olmadan tamamlamağı düşünürdüm. İmtahan zalından çıxanda artıq belə qənaətə gəldim ki, hər şeyi yetərincə səlis və dəqiq edə bildim, ona görə 100 bal toplayacağımı səbirsizliklə gözləyirdim.

Həm işlədim, həm təhsil aldım, həm də axşamlar kursa getdim

Ölkə birincisi uğur qazanmaq üçün zəruri olan qızıl qaydalardan söz açdı: “Uğura gedən yolda çox əziyyət çəkmişəm. Bu yolda çox əzm, iradə ortaya qoydum. Bunu mənim müəllimlərim, ailəm və ətrafımdakılar da görürdü. Həm işləyirdim, həm universitetdə dərslərimə və imtahanlara əksiksiz qatılmağa çalışırdım, həm də qalan zamanda axşamlar kursa gedib müntəzəm olaraq imtahan üçün çalışmalara davam edirdim. Əsas olan heç bir dəfə də olsun "of" demədən, necə deyərlər gözümü 100 bal hədəfindən ayırmadan sona kimi çalışmağımdır. Sona kimi dedikdə sözün əsl mənasında “sona kimi” nəzərdə tuturam. İmtahan keçirilən məntəqəyə gedənə kimi yolda belə, mən ən son dərs materiallarının üzərindən keçirdim, əmin olmadığım hissələri möhkəmləndirməyə çalışırdım. İkinci faktor isə vaxt bölgüsüdür. İmtahanda da, imtahana hazırlaşan müddətdə də, düzgün, planlaşdırılmış şəkildə çalışmağa üstünlük verirdim. Son ay ərzində mənasız vaxt itkilərini minimuma endirməyə çalışırdım və bu, öz nəticəsini göstərdi.”

Şəhriyar Məmmədyarovla heç-heçə təklif etdim

Nihad  onu da vurğuladı ki, şahmatı çox sevir. Hətta 2018 ci ildə Şəmkirdə "Vüqar Həşimov Memorial" yarışında məşhur şahmatçı Şəhriyar Məmmədyarovla da şahmat oynayıb: "Şəhriyar Məmmədyarov orada fasilə müddətində seans keçirirdi. Həvəsli iştirakçılardan biri də mən idim və onunla şahmat oynadım. O, bir gediş edib başqa masalara keçirdi. Lakin mənimlə oyunda bir neçə gediş etdi və gördüm ki, oyunda vəziyyət gərgindir. Ona təklif etdim ki, başqa masaya keçsin. Sonra yenə mənimlə oyuna gəldi və bu zaman ona bərabərliklə bağlı bir razılaşma təklif etdim. Çox sağ olsun, məni qırmadı. De-fakto bərabərlik oldu".

Sonda müsahibimiz fikirlərini belə bitirdi: “Sizlərə öz təşəkkürümü bildirirəm. Heç vaxt zəhmət itməz! Biz gözlədiyimiz anda və yaxud başqa bir vaxt! Hər kəsə uğurlar arzulayıram.”

“İki sahil” olaraq biz də sizi təbrik edirik! Uğurlarınızın davamlı olmasını diləyirik!

Yaqut Ağaşahqızı, “İki sahil”