KÖŞƏ

Mahir Rəsuloğlu

23 fevral 2023 23:36
1827

Dalınca bir qara daş...

Künc zərbəsi

Vardanyan gəldiyi yerə göndərildi

Azərbaycanın Qarabağ iqtisadi rayonunun ermənilər yaşayan hissəsindəki qondarma “respublika”nın “prezident”i Araik Arutyunyan “parlament”də yerli ictimaiyyətə müraciət etdi. Separatçıların başçısının müraciəti əsasən iki məsələ ilə bağlı idi - rusiyalı cinayətkar, qondarma rejimin “dövlət naziri” Ruben Vardanyanın işdən çıxarılmasının elan edilməsi və “konstitusiya”ya dəyişikliyini zəruri edən amillər.

Əslində Vardanyanın göndərilməsi prosesinə hazırlıq iki aya yaxındır ki, davam edirdi. Hətta yanvar ayının əvvəllərində rusiyalı cinayətkara könüllü şəkildə “istefa vermək” də təklif olunmuşdu. Ancaq Vardanyan heç bir halda “istefa verməyəcəyini” bəyan etdikdən sonra Arutyunyanla münasibətləri daha da pisləşmişdi və bütün bunlardan sonra baş separatçı Rusiyanın kadrını “fərman”la işdən çıxarmağa məcbur oldu. Bu addımın atılmasının əsas səbəbi Azərbaycanın qəti mövqeyidirsə, digər tərəfdən son vaxtlar Vardanyanın Laçın yolundakı vəziyyətlə bağlı yaratdığı və rəhbərlik etdiyi “operativ qərargah”la bağlı da narazılıqlar da artmışdı. Məlumatlara görə, rusiyalı oliqarx öz yaxınlarını və dostlarını həmin qərargaha toplamışdı, onlar isə bu yaxınlıqdan istifadə edərək qondarma qurumun “struktur”larının əməkdaşlarına qarşı əmr formasında tələblər irəli sürürdülər. Hətta vəziyyət o yerə çatmışdı ki, bəzi qüvvələr “operativ qərargah-2” yaratmaq haqqında düşünməyə başlayamışdılar.

Ermənistan mətbuatının məlumatına görə, Arutyunyan rusiyalı cinayətkarın yerinə namizədi də elan edib. Separatçı qurumun “dövlət naziri” vəzifəsinin icrası əsasən “Sorosun adamı” kimi tanınan sabiq prokuror Qurgen Nersisyana həvalə edilib.

“Konstitusiya” dəyişikliyi məsələsinə gəlincə, burada Arutyunyanın əsas məqsədi separatçı qurumun fəaliyyətində yaranmış ciddi siyasi böhran fonunda öz gedişi üçün zəmin hazırlamaqdır. Məlum olduğu kimi, onun fevralın 13-də qondarma “parlament”ə təqdim etdiyi sənəd müharibə vəziyyətində hər hansı səbəbdən öz postunu tərk edərsə, yeni seçkilər keçirilmədən “prezident”in seçilməsi imkanının yaranmasını nəzərdə tutur. Uzun illərdir “müharibə vəziyyəti”nin mövcud olduğu Qarabağda siyasi vəziyyət son dərəcə gərgindir, həmçinin sosial problemlər məngənəsində əzilən mülki erməni əhalinin narazılığı gündən-günə artmaqdadır. Odur ki, əsasən Ermənistandan idarə olunan bəzi siyasi qüvvələr Arutyunyanın belə şəraitdə “vəzifə”sindən istefa verməsinə qəti şəkildə etiraz edirlər. Sadə dildə desək, baş separatçı qarşısında şərt qoyulub ki, “konstitusiya”ya dəyişiklik et ki, sən gedəndə yerinə kimisə seçmək mümkün olsun.

Maraqlıdır ki, əvvəllər Qarabağda separatçılar arasında yaranmış gərginlik bütün mümkün vasitələrlə gizlədilsə də indi əksinə, məlumatlar müxtəlif mənbələr vasitəsilə Ermənistan mətbuatına ötürülür və ictimailəşdirilir. Düşmən ölkənin bir sıra KİV-ləri Qarabağdakı siyasi böhran haqqındakı materialları həvəslə tirajlayır. Məsələn, “Hraparak” nəşri Qarabağdakı keçmiş “deputat” Sofya Hovsepyana istinadən yazır ki, ictimaiyyət arasında narazılıq və inamsızlıq mühiti davam edir: “Qütbləşmiş, ikiqütblü siyasi vəziyyət mövcuddur və qeyri-müəyyənlik insanlar arasında kifayət qədər çoxdur. Bir tərəfdən iqtisadi-sosial böhran dərinləşir, digər tərəfdən də həmişə dərin və problemli olan və həlli yollarının tapılmadığı siyasi böhran.”

S.Hovsepyan Azərbaycanın mövqeyinin, xüsusilə Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı zamanı səsləndirdiyi fikirlərin Qarabağdakı vəziyyətə və separatçılar arasında münasibətin gərginləşməsinə birbaşa təsir etdiyini də etiraf edib: “Bir neçə gündür ki, Azərbaycan Prezidenti İlham Əliyevin Ruben Vardanyanla bağlı çıxışı iki qütb yaradıb.”

Xatırladaq ki, fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda iştirak edən

Prezident İlham Əliyev Qarabağ məsələsi ilə bağlı Azərbaycanın qəti mövqeyini yüksək tribunadan növbəti dəfə səsləndirdi.

Dövlətimizin başçısı bəyan etdi ki, Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələrin aparılması mümkündür: “Biz bunu etməyə hazırıq, lakin erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə, Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş (exported) şəxslə deyil.”

Prezident İlham Əliyev Qarabağda yaşayan mülki erməni əhalisinin Azərbaycan vətəndaşları olduqlarını da növbəti dəfə bəyan etdi və bildirdi ki, biz həmin erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazırıq: “Bu gün Dövlət katibi Blinkenin qarşısında mən Ermənistandan olan həmkarıma bu barədə dedim. Lakin biz bunu o zaman edə bilərik ki, Rusiya vətəndaşı, cinayətkar oliqarx, Avropada çirkli pulların yuyulmasında əli olan şəxs - Vardanyan bizim ərazimizi tərk etsin.”

Beləliklə, dövlət başçımız Qarabağın Azərbaycanın daxili məsələsi olduğunu hər kəsin diqqətinə çatdırmaqla yanaşı, Vardanyanla bağlı növbəti dəfə sərt mesajını vermişdi. Görünür, həm Ermənistan rəhbərliyi, həm də Qarabağdakı separatçı qüvvələr rusiyalı oliqarxın gəldiyi yerə göndərilməsinin alternativinin olmadığını nəhayət ki, başa düşdülər. Azərbaycan Prezidentinin qətiyyəti “vardanyan oyunu”nun da iflasa uğraması ilə nəticələndi. Vardanyandan sonra isə növbə təbii ki, digər separatçılarındır...

Mahir Rəsuloğlu, “İki sahil”