Mahir Rəsuloğlu |
“Vardanyan oyunu”nun pozulması mülki əhali arasında separatçılara qarşı narazılıqları daha da artıracaq
Qeyri-qanuni yollarla Azərbaycanın Qarabağ iqtisadi rayonunun ermənilər yaşayan ərazisinə gələrək qısa vaxtda özünə “xilaskar” imici formalaşdırmağa çalışan rusiyalı cinayətkar Ruben Vardanyanın “hakimiyyət”inin ömrü uzun sürmədi. Bir tərəfdən Azərbaycan hökumətinin qətiyyətli mövqeyi, digər tərəfdən isə Qarabağdakı milli sərvətlərimizin erməni quldurları tərəfindən talanmasına, ekologiyamıza qarşı törədilən barbarlıq aktlarına etiraz məqsədilə qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin, ekofəalların və könüllülərin iştirakı ilə Laçın yolunda 76 gündür keçirilən aksiyalar “vardanyan oyunu”nun iflasa uğraması ilə nəticələndi. Beləliklə, ölkəmizə xüsusi missiya ilə göndərilmiş rusiyalı milyarder cəmi altı ay “dövlət naziri” işləyə bildi. Ehtimal ki, Vardanyan daha bütün yarımçıq qalmış planlarından və iddialarından əl çəkərək gəldiyi yerə qayıtmalı olacaq.
Bəs rusiyalı cinayətkarın göndərilməsi başqa hansı amillərlə bağlıdır? Vardanyanın gedişi Qarabağdakı mülki ermənilər separatçılara qarşı gündən-günə artan narazılıqlarını səngidə biləcəkmi və ya əksinə?
Ermənistan mətbuatının məlumatları belə bir fikir formalaşdırmağa imkan verir ki, fevralın 23-də Azərbaycanın Xankəndi şəhərində qondarma “respublika”nın “prezident”i Araik Arutyunyanın “dövlət naziri”ni işdən çıxarmasını elan etməsi separatçılar arasında qarşıdurmanı daha da dərinləşdirməkdədir. Artıq bu addımı Ermənistanın baş naziri Nikol Paşinyanın tələbi ilə atdığı iddia edilən Arutyunyanın özünə qarşı ciddi ittihamlar səslənməyə başlayıb. Baş separatçını “Qarabağın Nikolu” adlandıran həmin qüvvələr Vardanyanın göndərilməsini Azərbaycanın maraqlarına xidmət etmək kimi dəyərləndirirlər və nəticələrinin çox ağır olacağını bildirirlər. Əslində, bu iddianı əsaslandırmaq elə də çətin deyil. Belə ki, fevral ayının 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda Azərbaycan Prezidenti İlham Əliyev Vardanyanla bağlı növbəti dəfə sərt mesajlar vermiş və separatçılara xəbərdarlıq etmişdi. Bundan cəmi 5 gün sonra Arutyunyan tərəfindən rusiyalı cinayətkarın qovulması ilk baxışdan Azərbaycan Prezidentinin çıxışı ilə sözügedən qərar arasında hansısa əlaqə ehtimalını gücləndirir. Ancaq məsələnin mahiyyəti yalnız bununla məhdudlaşmır. Vardanyanın doğulmadığı, yaşamadığı Qarabağda qəflətən peyda olduğunun ilk günlərindən artıq onun daha “böyük məqsədlər” üçün göndərildiyi barədə söhbətlər dolaşmağa başlamışdı. Həmin “böyük məqsədlər” isə sırf Ermənistanın siyasi gələcəyi ilə bağlı idi. Bir sıra siyasi ekspertlər rusiyalı cinayətkarın Qarabağda hesabına toplamağa çalışdığı xallar hesabına növbəti hədəfinin Ermənistanda hakimiyyəti ələ keçirmək olduğunu ehtimal edirdilər. Məlum olduğu kimi, “Qarabağ kartı”ndan istifadə etməkə Ermənistanda dövlət çevrilişi etmək praktikası mövcuddur. 1997-98-ci illərdə Robert Koçaryan məhz bu yolla düşmən ölkədə hakimiyyətə yiyələnmişdi.
Vardanyanın göndərilməsinin digər səbəbi isə daha separatçıların əsarətində yaşamaq istəməyən Qarabağın mülki erməni əhalisinin narazılığının gündən-günə artması ilə bağlıdır. Çünki rusiyalı milyarder gələr-gəlməz Azərbaycana məxsus “Dəmirli” və “Qızılbulaq” yataqlarının qeyri-qanuni talan edilməsinə şərik olmaqla cinayətlə qazandığı sərvətini artırmağa çalışırdı. Onun bu addımı isə nəticədə azərbaycanlı ekofəalların və QHT nümayəndələrinin Laçın yolunda
etiraz aksiyası keçirmələrinə rəvac verdi. Təsadüfi deyil ki, elə separatçılar arasında da və Ermənistanda bəzi qüvvələr Laçın yolundakı vəziyyətin əsas səbəbkarı qismində Vardanyanı görürdülər.
Qondarma qurumun “prezident”i ilə aralarında yaranan fikir ayrılığı və onların toqquşan maraqları da rusiyalı cinayətkarın tutduğu “post”dan uzaqlaşdırılmasının səbəbləri sırasındadır. Fevralın 23-dəki çıxışı zamanı Arutyunyan bu fikir ayrılığının olduğunu qismən etiraf edərək bunun tamamilə “siyasi baxışlarla” əlaqəli olduğunu bildirsə də, əslində məsələnin kökündə başqa məqamlar var. Bunlardan ən diqqətçəkəni isə Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndiyə gətirdikləri qida məhsullarının və dərman ləvazimatlarının mülki əhaliyə baha qiymətə satılmasından əldə edilən qazancla bağlı iki tərəfin maraqlarının toqquşması olub. Məlumatlara görə, həm Araik, həm də Ruben bu biznesə nəzarəti öz əlində saxlamağa çalışıb, bu isə ikisi arasındakı münasibəti qarşıdurma həddinə çatdırıb.
Rusiyalı cinayətkarın göndərilməsinin Qarabağın mülki erməni əhalisi arasında separatçılara qarşı artan narazılıq dalğasına təsirinə gəlincə, bir neçə ehtimal irəli sürmək olar:
Birincisi, Azərbaycanın sərt tələbi qarşısında Vardanyanın işdən çıxarılması separatçıların “rəhbərliyi”nə olan etimadı tamamilə sarsıdacaq. Bu isə sosial çətinliklər məngənəsində əzilən, təzyiq və əsarət altında qara günlərini yaşayan sadə ermənilərin Azərbaycan vətəndaşılğını qəbul etməsi prosesini sürətləndirə bilər. Artıq Qarabağda hər kəs qondarma qurumun heç bir gələcək vəd etmədiyini anlamaqdadır.
Digər tərəfdən, artan narazılıqlar fonunda daxili çəkişmələrin gücləməsi gözlənilir ki, bunun ilkin əlamətləri Vardanyanın qovulmasından keçən qısa müddətdə özünü göstərməkdədir. Yaranan qarşıdurmanın daha da artması isə qondarma qurumun parçalanmasına, hətta dağılmasına səbəb ola bilər. Son günlər Ermənistan mətbuatında tez-tez işlədilən “Artsaxın (Qarabağ iqtisadi rayonunun bir hissəsi) tamamilə məhv olmaq təhlükəsi yaranıb” fikirləri də vəziyyətin separatçılar üçün nə dərəcədə gərgin olduğunu təsdiq edir.
Əsas odur ki, Qarabağın ermənilər yaşayan hissəsindəki real vəziyyət və proseslərin ehtimal olunan inkişaf istiqamətləri hər bir halda Azərbaycanın nəzarətində və diktəsindədir. Finala isə çox qalmayıb...