Əhməd Qurbanoğlu |
[email protected] |
Günün nəbzi
Baş separatçı dilemma qarşısında
Bir neçə gündür ki, ermənilərin “ana Hayastan”ında və Azərbaycanın Qarabağ iqtisadi rayonunun haylar yaşayan hissəsində yenidən qazanlar, necə deyərlər, paqqapaq qaynamaqdadır. Özü də əvvəlki vaxtlarda olduğu kimi, qapalı şəraitdə yox. Artıq qapağı qaldırılan və hərarəti gündən-günə yüksələn İrəvandakı və Xankəndidəki qaynar qazanlar öz qurbanlarını gözləyir. Başqa sözlə, bu qaynaq qazanların birində “iki çoşka”dan hansının, yəni, Hayastanın baş naziri Nikol Paşinyanınmı, yoxsa Xankəndidəki quldurbaşı Araik Arutyunyanınmı başının bişəcəyi, sadəcə, zaman və məkan məsələsidir. Hələlik dəqiq proqnoz vermək mümkün olmasa da lap yaxın günlərdə Xankəndidə qaynayan qazanda quldurbaşının başının bişəcəyi daha real görünür.
Bəs bu qənaətə əsas yaradan hansı amillərdir? Məsələ burasındadır ki, çiynindəki ağır yükü atdıqdan, yəni, Vardanyan problemini çözdükdən sonra yeni-yeni özünə gələn Araiki martın 10-da Nikol öz hüzuruna çağırıb və kefinə əməlli-başlı soğan doğrayıb. Paşinyanın ailə nəşri olan “Hraparaq”ın məlumatına görə, son dərəcə gərgin keçən görüşdə baş nazir baş separatçıya rəsmi Bakının Qarabağ ermənilərinə ünvanladığı tələbləri təkrarlayıb. Deyib ki, istəsəniz də, istəməsəniz də yubanmadan Azərbaycana inteqrasiya etməli, azərbaycanlılarla anlaşaraq birgə yaşamalısınız: “Bunun başqa alternativi yoxdur. Alternativi müharibədir. Bu isə dəhşətli fəlakətə-“artsax”dakı 120 min erməninin (halbuki Qarabağda heç 40-50 min hay yaşamır-Red.) tamamilə məhvinə gətirib çıxarar.”
Şübhəsiz, uzun çəkən görüşün detalları tam bəlli olmasa da “Hraparaq”ın sızdırdığı qısa məlumatdan belə anlaşılır ki, baş nazir baş separatçını çətin dilemma qarşısında qoyub. Baş separatçının İrəvan səfərindən sonra səsləndirdiyi bədbin notlarla yüklənmiş bəyanatlar, verdiyi qeyri-müəyyən, baş-ayaq açıqlamalar, xüsusilə öz tərəfdarları ilə məhdud çərçivədə müzakirələr zamanı sayıqlamaları bu versiyanın həqiqətə uyğun olduğunu bir daha sübut edir. Yəni, çox güman ki, Nikol Araikə deyib ki, müharibə baş verəcəyi təqdirdə mənim köməyimə qətiyyən bel bağlama. Birincisi, o səbəbdən ki, Hayastan artıq Azərbaycanın ərazi bütövlüyünü, eyni zamanda, Qarabağda suveren hüquqlarını tanıyıb. Belə bir şəraitdə biz sizə nə haqla hərbi yardım göstərə bilərik? İkincisi, ən əsası, kömək etmək istəsək belə bunun üçün nə canlı resursumuz, nə də ki, silah-sursatımız var. Yaxşısı budur get Bakının dediklərini elə.
Bax, indi siz deyin, belə bir şəraitdə biçarə Araik nə etsin? Necə deyərlər, yuxarı baxır bığdır, aşağı baxır saqqal. Ya Azərbaycan Respublikasına reinteqrasiya yolunu seçməli, ya da “prezident vəzifəsi”ndən istefa verib birdəfəlik rədd olub “ana Hayastan”a pənah aparmalıdır. Sonuncu yolu seçəcəyi halda “ana Hayastan”da onu gül-çiçəklə qarşılamayacaqlarına əmindir. Belədə Azərbaycanın təklifini qəbul etməkdən başqa variant qalmır. Yeri gəlmişkən, martın 1-də Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinləri ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilmiş Milli Məclisin deputatı Ramin Məmmədovun Xocalı şəhərində, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin qərargahında erməni sakinlərin təmsilçiləri ilə görüşündə rəsmi Bakının bu prinsipial mövqeyi kəskin şəkildə ortaya qoyulmuşdu. Bu görüşdən dərhal sonra quldurbaşının qondarma separatçı rejimin “təhlükəsizlik şurası”nın iclasını çağırıb orada dediyi aşağıdakı sözlər onun həqiqətən də çıxılmaz durumda olduğunu göstərirdi: “Biz ya seçdiyimiz mübarizəni davam etdirməyi seçirik, ya da ictimaiyyətdə elə bir əhval-ruhiyyə yaranarsa ki, Azərbaycanın təqdim etdiyi təklifi qəbul edək, o zaman onların öz vətəndaş hüquqları çərçivəsində sözlərini demək imkanları var.”
Pardon! Araikin Nikolun xatırlatmasından hələ 10 gün əvvəl üstüörtülü şəkildə vurduğu bu ehyama diqqət yetirin: “...ictimaiyyətdə elə bir əhval-ruhiyyə yaranarsa ki, Azərbaycanın təqdim etdiyi təklifi qəbul edək, o zaman onların öz vətəndaş hüquqları çərçivəsində sözlərini demək imkanları var.” Bilirsiniz bununla baş separatçı nə demək istəyib? Onu demək istəyib ki, biz gec-tez Azərbaycanın təklifini qəbul etməyə məhkumuq. Ancaq bunu mən edə bilmərəm. Ən azı ona görə ki, hələ 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Gəncədə, Bərdədə, Tərtərdə və Azərbaycanın digər ərazilərində dinc əhaliyə qarşı xain raket hücumlarının əmrini şəxsən özüm verdiyimi rəsmi şəkildə bəyan etmişəm. Bütün bu və digər cinayətlərə görə Azərbaycanın hüquq-mühafizə orqanlarının qarşısında cavab verməliyəm. Ona görə də azərbaycanlıların “Asta qaçan namərddir” zərb-məsəlinə uyğun olaraq aradan çıxmaqdan başqa yolum qalmayıb.
Görünən odur ki, İrəvandan dilxor, yəni, necə deyərlər, əli ətəyindən uzun, suyu süzülmüş vəziyyətdə qayıdan Araikin “prezident”likdən getməkdən başqa çıxış yolu qalmayıb. Baş separatçı həm də onun fərqindədir ki, yaxın vaxtlarda Azərbaycan bu tarixi bölgəsində suverenliyini bərpa etdikdən sonra burada Araik kimilərin “prezident”liyinə ehtiyac da olmayacaq. Ona görə də “İrəvan səfərindən” qayıtdıqdan dərhal sonra özünün quldur dəstəsini başına toplayıb və “prezident” vəzifəsində qalmaq istəmədiyini açıqca bəyan edib. Belə görünür ki, əslində düz edib. Çünki bütün yollar bu bölgəni Bakıya aparır...