17 mart 2023 22:06
310

Ulu öndər Heydər Əliyev daim xalqımızın mənəviyyatının qorunması üçün çalışıb

Hər bir xalq dövlətinin formalaşması, tanınması, müstəqilliyini qazanılması və əbədiləşdirilməsi, dünya birliyində yerini müəyyən etməsində əməyi olan, torpaqlarının bütövlüyü, toxunulmazlığı, müdafiəsi yolunda düşmənə sinə gərən, qılınc çalan, canından keçən övladları ilə fəxr edir. Azərbaycan dövlətinin müstəqilliyinin bərpa olunması, qorunması və reallığa çevrilməsində, ölkənin bütövlüyünün təmin olunmasında, demokratik dövlət quruculuğunun başa çatdırılmasında, onun müdafiə qüdrətinin təmin edən ordunun yaradılmasında, iqtisadi yüksəlişinin təməlinin qoyulmasında, xalqın milli-mənəvi dəyərlərinin qorunub dünya mədəniyyətinin tərkib hissəsinə çevrilməsində misilsiz xidmətləri olan Heydər Əliyev də  Azərbaycan xalqının həmişəyaşar, hər bir azərbaycanlının qəlbində özünəməxsus yeri olan  övladlarındandır. 2023-cü il Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin  anadan olmasının 100 illiyinin bayram edilməsi və “Heydər Əliyev İli” elan edilməsi ilə yaddaşlarda qalacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli Sərəncamı hər birimizdən bir daha Heydər Əliyev irsinə müraciət etməyi, onun xalqı yolunda gərgin, lakin səmərəli fəaliyyəti, zəngin təcrübəsi və dəyərli, müdrik kəlamlarından bəhrələnməyi tələb edir.

Heydər Əliyev dühası xalqını, Vətənini, onun gələcəyini düşünən hər bir azərbaycanlı üçün inkişaf yoludur. Biz Heydər Əliyev ideyalarını rəhbər tutub, həmin fikir və ideyalardan qidalanaraq bu yol ilə uğurlu gələcəyə addımlamalıyıq. Bunun üçün isə Heydər Əliyev irsi daim öyrənilməli, onun yeni çalarları üzə çıxarılmalı, tədqiq olunmalı və ondan hər bir azərbaycanlı faydalanmalıdır.

Heydər Əliyevin xalq, Azərbaycan dövləti, müstəqilliyimiz, milli rifah və gələcək naminə fəaliyyəti müxtəlif səpkilərdə tədqiq olunmuş, layiqli qiymətini almış, ən ali dəyərini isə onun fikir və düşüncələrinin millətin, hər bir azərbaycanlının qəlbində, beynində, həyata baxışlarında özünə yer tapmasındadır. Bununla belə Heydər Əliyev irsi tükənməz xəzinə olduğundan, onda daim tədqiqatlar üçün məkan vardır.

Bir qayda olaraq Heydər Əliyevin fəaliyyəti iki zaman kəsiyində - Sovet dövründə Azərbaycan Respublikasına rəhbərlik etdiyi 1969-1982-ci illər və keçid dövründə, yəni 1993-cü ildə ikinci dəfə Azərbaycanda rəhbərliyə qayıdandan sonra müstəqil Azərbaycanda demokratik dövlət quruculuğunu başlayıb başa çatdırması mərhələsi (1993-2003-cu illər) kimi nəzərdən keçirilir. Bizə elə gəlir ki, Heydər Əliyevin fəaliyyətinin daha bir dövrü diqqətdən kənarda qalmamalıdır. Özü xalqının qəlbində, qurucusu olduğu dövlətin varlığında yaşayan, ideyaları  inkişafımızın yoluna işıq saçaraq reallığa çevrilən həmin dövr bugünümüz, zəfərlərə qovuşduğumuz, yaşadığımız  günlərdir. Heydər Əliyev ideyaları əbədiyaşar olduğuna görə bu dövr də xalqımız üçün müstəqilliyimiz kimi daimi və əbədi olacaqdır.

Biz, gələcək nəsillər Heydər Əliyev ideyalarına sadiqliyi qoruyaraq daim onun tükənməz irsinə müraciət etməli, onu tədqiq etməli, öyrənməli, xalqın, dövlətin rifahı üçün bu irsdən səmərəli istifadə etməliyik.

Ulu öndər Heydər Əliyev ümumbəşəri problem olan narkomaniyanı sağlam həyat tərzinə, saf mənəviyyata və milli-mənəvi dəyərlərimizə ən böyük təhlükə hesab edirdi. Ümummilli Lider narkotik vasitələrin qanunsuz dövriyyəsinin zərərli nəticələrini həmişə diqqətə çatdırır, onlara qarşı mübarizənin təşkilinə önəm verir, xüsusən gənc nəslin narkotik vasitələrdən istifadəsinə qarşı mübarizə aparılmasını tələb edirdi.

17 fevral 1997-ci il tarixdə BMT-nin Yaxın və Orta Şərqdə narkotik vasitələrin qanunsuz  dövriyyəsinə nəzarət və bununla bağlı problemlər üzrə yardımçı komissiyanın 32-ci sessiyasında Heydər Əliyev narkotiklərin yayılmasının təhlükəli nəticələrini, bunun ümumbəşəri problemə çevrilməsini nəzərə alaraq deyirdi: “Narkotiklərə nəzarət, narkomaniya ilə narkobiznes ilə mübarizə əsrimizin son illərində dünyada ümumbəşəri bir problem olmuşdur. Bu mübarizə hər bir ölkənin, xalqın, millətin fiziki və şüuri sağlamlığı uğrunda aparılan mübarizədir. Bunu nəzərə alaraq, Azərbaycan Respublikasında narkotiklərə nəzarət, narkomaniya və narkobizneslə mübarizə məsələsi son illər ümummilli proqram çərçivəsində aparılır və biz buna xüsusi fikir veririk.”

Heydər Əliyev bildirirdi: “Hər bir ölkədə narkotik maddələrin istehsalı, onların qeyri-qanuni istifadəsi ilə ciddi mübarizə aparılmalıdır. Məlumdur ki, narkotik maddələrin müəyyən miqdarda istehsalı yalnız və yalnız tibb, müalicə məqsədləri ilə bağlıdır. Bu hallardan əlavə, başqa məqsədlər üçün narkotik maddələrin istehsalı tamamilə qadağan olunmalı, qarşısı ciddi alınmalı və qeyri-qanuni istehsalla məşğul olan şəxslər, qruplar, təşkilatlar ciddi məsuliyyətə cəlb edilməlidirlər. Biz respublikamızda məsələni belə qoymuşuq. Mən məsələnin belə kəskin qoyulmasını bu gün beynəlxalq toplantı qarşısında bir daha bəyan edirəm və Azərbaycan Respublikasının bütün təşkilatlarından həmin vəzifələrin yerinə yetirilməsini tələb edirəm”.

Dahi rəhbər Heydər Əliyev qloballaşma istiqamətinin meydana çıxdığı, dünyanın getdikcə bir-birinə yaxınlaşdığı bir  zamanda milli-mənəvi dəyərlərin qorunması, onlara sadiqliyin saxlanılması üçün hər kəsdən sayıqlıq göstərməyi tələb edir, narkomaniyanın yayılmasının qarşısının alınması üçün bunu vacib hesab edirdi.

Heydər Əliyev millətə, dövlətə, dövlətçiliyə sədaqəti yüksək qiymətləndirir, Vətənə, millətə sədaqətliliyi hər bir şəxsin yüksək mənəviyyata malik olması ilə əlaqələndirirdi. Yüksək mənəviyyta malik olmaq üçün isə xalqının milli-mənəvi dəyərlərinə sahib olmağı vacib sayırdı. Gəncləri xalqın gələcəyi, Azərbaycanın gen fondu kimi dəyərləndirən Heydər Əliyev onları hərtərəfli qorumağı hamı üçün bir vəzifə kimi müəyyən edir, bunun yollarını və vasitələrini də göstərirdi. Hər bir gənci ayrıca fərd kimi deyil, Azərbaycanın gələcəyi kimi görür, sağlam mənəviyyatla böyüməyi onların vəzifəsi kimi müəyyən edirdi.

Heydər Əliyev xalqın sağlamlığının qorunması, gənclərin  narkotik  vasitələrdən  istifadə  etməsi  meyillərinin  qarşısının alınması zəruriliyini sonralar da dəfələrlə xatırlatmış, narkotik vasitələrin ölkəmizə daxil olmasının qarşısının alınmasının bu sahədə müsbət nəticələrin əldə edilməsi üçün vacib hesab etmişdir.

Narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə ulu öndər Heydər Əliyevin “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 26 avqust 1996-cı il tarixli 485 nömrəli Fərmanı ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmışdır. Komissiyanın əsas vəzifəsi narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək, bu sahədə dövlət orqanlarının və ictimai birliklərin fəaliyyətini əlaqələndirməkdən ibarətdir.

Həyata keçirilən hüquq islahatları çərçivəsində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə önəmli yer tutur. Heydər Əliyev tərəfindən imzalanmış “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi haqqında” 09 avqust 1994-cü il tarixli Fərman ilə cinayətkarlığa qarşı mübarizə tədbirləri daha da gücləndirilmiş, hüquq-mühafizə orqanlarının bu istiqamətdə uzunmüddətli dövr üçün fəaliyyət proqramı müəyyənləşdirilmişdir.

Ulu öndər Heydər Əliyev narkotiklərlə mübarizədə beynəlxalq əməkdaşlığın zəruriliyini son dərəcə vacib amil hesab edirdi. Eyni zamanda narkomaniya ilə mübarizədə dövlət orqanlarının qarşısında mühüm vəzifələr qoyurdu.

2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013–2018-ci illər üçün Dövlət Proqramı” ı və nəhayət, 22 iyul 2019-cu il tarixli sərəncamla “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq etmiş və hazırda Proqram uğurla yerinə yetirilməkdədir.

Dövlət siyasətinin əsasını təşkil edən insan, vətəndaş amili daim dövlət başçısı İlham Əliyevin diqqət mərkəzindədir. Əhalinin sağlamlığının yüksək səviyyədə qorunması prioritet məsələlərdəndir. Azərbaycanın gələcəyi kimi dəyərləndirilən gənclərimizə diqqət və qayğı isə daha mühüm vəzifə kimi qeyd edilir. Gənclər arasında idmanın, mədəni-kütləvi tədbirlərin genişləndirilməsində, idmana marağın artırılması naminə inşa olunan idman komplekslərinin tikilməsində də əsas məqsədlərdən biri sağlamlığın təmin edilməsi ilə yanaşı, insanların bu cür ağır fəsadlar törədən vərdişlərdən uzaqlaşdırılmasına nail olmaqdır. Azərbaycan gəncliyinin bu gününə və gələcəyinə xidmət edən Dövlət Proqramlarının müddəalarında bu kimi tələblər öz əksini tapıb.  

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramında narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə cəmiyyətin, dövlətin və qeyri-hökumət təşkilatlarının səylərinin birləşdirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi kompleks mübarizəni zəruriyi öz əksini tapmışdır.  

Bu gün həyatın bütün sahələrində olduğu kimi, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində də Azərbaycan Respublikası ulu öndər Heydər Əliyevin yolu ilə irəliləyir. Bu yol Azərbaycan üçün uğurlu inkişaf, sağlam gələcək, saf mənəviyyat, zəfər yoludur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında qazanılmış uğurlar bizi üzərimizə düşən vəzifələri Azərbaycanın uğurlarına, inkişafına layiq səviyyədə yerinə yetirməyə səsləyir. Heydər Əliyev ideyalarını reallığa çevirməkdə hər birimiz öz töhfəmizi verməli, dövlətimizin inamlı gələcəyini təmin etməkdə səfərbər olmalıyıq. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə Heydər Əliyevin sağlam həyat, saf mənəviyyat uğrunda mübarizəsinin tərkib hissəsidir.  Bu mübarizədə də Azərbaycan xalqının zəfər qazanacağına inanırıq.

Şeyda Məhərrəmova,
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin sədri