KÖŞƏ

Vəli İlyasov

Yaxşılığa yamanlıq, kor eşşəyə samanlıq

08 aprel 2023 01:15
2232

Bəli, belə nümunə var və hələlik ondan dünyanın başqa heç bir yerində yoxdur. Əcəb əcaib millətdirlər, bunlara yaxşılıq edirsən, dava-dərman verib ölümdən qurtarırsan, dirçələn kimi öz simasızlığını göstərir, şər atır, iftira yağdırır.

Söhbət ermənilərə tibbi yardım göstərən həkimimizin və tibb bacımızın xeyirxahlığından gedir.

Yayılan məlumatda bildirilir ki, Laçın-Xankəndi yolunda Rusiya sülhməramlıları Şuşa həkimlərindən tibbi yardım istəyib. Sülhməramlı hərbçilər Laçın-Xankəndi yolunda aksiya keçirilən əraziyə yaxınlaşaraq həkimə ehtiyac olduğunu bildiriblər. Əraziyə gətirilən xəstələrə ilkin tibbi yardım göstərildikdən sonra tibbi ləvazimat lazım olduğu və daha bir tibb maşınına ehtiyac olduğu bildirilib. Şuşalı həkimlər  əraziyə gələrək xəstələrə ilkin tibbi yardım göstərdikdən sonra onları Xankəndi xəstəxanasına çatdırıblar. Orada Şuşadan gələn həkim erməni həkimləri ilə birlikdə xəstələri həyata qaytarıblar.

Hamı üçün maraqlıdır ki, görəsən ötən günlər ərzində ermənilər hadisə barədə necə məlumat yayıblar? Görək heç olmasa bir rəsmi, ya qeyri-rəsmi şəxs Azərbaycan dövlətinə, ən azı xidmət başında olan həkimlərimizə dilucu olsa da “sağ ol” deyibmi? Xeyr! Nəinki sağ ol deməyiblər, hətta xislətlərinə uyğun şəkildə şərləməyə, böhtan atmağa cəhd göstəriblər! Erməni mətbuatının yazdığına diqqət edin: “Geri qayıtmaq barədə əvvəllər razılığa gəlinməsinə baxmayaraq, Gorus-Xankəndi  avtomobil yolunun bağlanmış  Şuşa hissəsində Azərbaycan hökumətinin agentləri özlərini “ekoloji fəal” kimi təqdim edərək, bu mülki şəxsləri daşıyan Rusiya sülhməramlı qüvvələrinin maşınlarının keçidinə mane olublar”. Bunu  “artsax” rejiminin oyuncaq “ombudsman”ı Qeqam Stepanyan adlı hay yazıb. Görün, bunların hüquq təhsili, qanun keşiyində durmalı olan "bambılıbusman"ları bu ağıldadırsa o biriləri nə gündədir? Nə isə...Sərsəmləməsinin davamında Geqam iddia edib ki, bir neçə aydır ailələrindən ayrılmış  27 mülki şəxs, o cümlədən qocalar, uşaqlar və əlillər Rusiya tərəfi ilə razılaşdırılaraq  və həmin dövlətin sülhməramlılarının müşayiəti ilə aprelin 4-də saat 15:30 radələrində Gorusdan Xankəndiyə gediblər. Guya ekoloji fəallar “bu mülki şəxsləri daşıyan Rusiya sülhməramlı qüvvələrinin maşınlarının keçidinə mane olublar”. Nəticədə vətəndaşlar 5 saata yaxın burada qalıblar. Rusiya tərəfi ilə azərbaycanlılar arasında nəticəsiz aparılan danışıqlardan sonra maşınlar Gorusa qayıdıblar. Bax, belə! Bu“məzlum ermənilər” hələ də başa düşmək istəmirlər ki, bu torpağın sahibi Azərbaycandır və istər Rusiya sülhməramlıları, istərsə də haylar bu yerlərdə qonaqdırlar. Deməli, icazəni də qonaqlar ev sahibindən almalıdırlar. Bunu qanmaq Allah ölümü deyil ki?

Haylar Yer üzünün yeganə millətidir ki, bunları dəmir yumruqdan savayı heç nə ilə qandırmaq olmur. Avantürist Qeqam bir az da uzağa gedərək özündən qəribə təsirli səhnələr də quraşdırıb. Guya azərbaycanlılar  maşınlardan birinə giriblər, gözləmə və danışıqlar zamanı 4 mülki şəxs özünü pis hiss edib, onlardan üçü huşunu itirib və sair və ilaxır ... Amma Geqam orasını demir ki, maşına girən azərbaycanılılar ermənilərə nə ediblər ki, onlar huşlarını itiriblər. Ola bilər ki, orasını söyləməyi lazım bilməyib: “Onlar Rusiya sülhməramlılarının müşayiəti ilə Xankəndidəki  Tibb Mərkəzinə aparılıb. Qalan dinc sakin - 23 nəfər Gorusa qayıdıb”.

Bu da "sağ ol" əvəzinə iftira. Ermənidən bundan artıq nə gözləmək olar ki?! Dünyada sərgərdan gəzib-dolaşan bir topluma dövlət qurmaq üçün ərazi verdik, qədrimizi necə bildilərsə, indi də ona oxşar "minnətdarlıq" edirlər.

Separatçılar və onların ağu verənləri hələ də anlamaq istəmirlər ki, bölgədəki əvvəlki reallıq bərpa olunub və həmişəki kimi burada ev sahibi Azərbaycandır! Gorusdan Qarabağa gəlmək istəyən şəxs Azərbaycanın sərhəd qapısında sənədlərini təqdim etməlidir, Qarabağda yaşamaq hüququna malikdirsə, əraziyə daxil ola bilər. Bu qədər sadə! Axı, bura "Həsənsoxdu dəyirmanı" deyil ki, hər yetən çuvalını ora daşısın.

Azərbaycan ərazilərinə qanunsuz daxil olduqlarına görə Azərbaycanın hüquq-mühafizə orqanları həmin şəxsləri dərhal həbsə edə, ya Qızıldaşa, ya da Qobustana göndərə bilərdi. Qanunla həmin 23 nəfər Gorusa qaytarılmamalı, adını çəkdiyimiz yerlərdən birinə, özü də müəyyən müddətə göndərilməliydi. Əgər hüquq-mühafizə orqanlarımız  bunu etməyibsə, onda separatçılar gəlib Azərbaycan polisinin çəkmələrini öpməlidirlər.

Amma özünü qanmazlığa qoyan separatçılar Azərbaycanı “təkəbbürlü davranış”da, beynəlxalq ictimaiyyətin çağırışlarına və Beynəlxalq Məhkəmənin qərarına “əməl etməmək”də ittiham edirlər. Ermənistan hətta məğlub olduğu halda, Azərbaycanın heç bir vətəndaşı bu ölkənin ərazisinə, özümüzün dədə-baba torpaqlarımıza gedə bilmir.  Ermənistandan 1988-ci ildəki deportasiyanın qurbanı olanlardan bir neçəsi  Laçından Gorusa, Göyçəyə, İrəvana öz yurd-yuvalarına getmək istəsə, Ermənistan tərəf buna icazə verərmi? Yaxşı olar ki,biz də test edək: bir qrup Qərbi azərbaycanlı maşınlara minib “evimizə gedirik”-desinlər. Ermənilər buna imkan verərlərmi? Əlbəttə, verməzlər. Onlar insanlıqdan o qədər uzaq məsafədə qalıblar ki,  halı pisləşənimiz olsa su da verməzlər, nəinki həkim yardımı təşkil edərlər...Belə şeylərə görə bizim qədim zərb-məsəlimizdə çox gözəl deyilib ki, “Yaxşılığa yamanlıq, kor eşşəyə samanlıq”.