KÖŞƏ

Vəli İlyasov

Şillə yağışı...

02 may 2023 01:58
2504

Paşinyan hakimiyyəti geri addım atsa ətəyindən yapışdığı Qərbin, irəli getsə ətəyinə tüpürdüyü Rusiyanın seriyalı qapazları başına dolu kimi yağacaq

Belə bir aqibət Ermənistanı gözləyirdi. Beş ildən bəri İrəvanda göstərilən tragikomediyalar, oynanılan təhlükəli tamaşalar məntiqlə ölkənin axırını bu yerə çıxarmalı idi. İkinci Qarabağ müharibəsindəki biabırçı məğlubiyyətin əsas səbəbkarı kimi günahı Vladimir Putində görən haylar onun portetlərini, Rusiyanın bayrağını yandırır və təhqir edir, "Rədd olsun Rusiya" şüarı qaldırırlar. Üç yüz il ruslara nökərçilik edən hayların cəsarətlənməsi, birdən-birə onlara qarşı çıxmaları, yeni "ağa"  axtarışına çıxması nəhayət, Rusiyanı qəti addımlar atmağa vadar edib.

Səbri tükənən Rusiya ipə-sapa yatmayan Ermənistana qulaqburması vermək üçün ona qarşı bir sıra iqtisadi sanksiyalar tətbiq etməyə başlayıb. Belə məlum olur ki, ən adi istehlak məhsullarından korluq çəkən bu ölkə vassalı olduğu Rusiyadan tamamilə asılı vəziyyətdə yaşayırmış. O da məlum olur ki, sovet dövründə tamamilə Moskvanın dotasiyası hesabına tüfeyli həyat keçirən haylar müstəqil olduqdan sonra da özlərini saxlaya bilmirlər. Biz hələ Ermənistanın sərhədlərinin Rusiyanın sərhəd qoşunları tərəfindən qorunduğunu, 102-ci bazanın Gümrüdə olduğunu demirik. İndi asılı olduğu dövlətin üzünə ağ olan haylar bədəlini ödəməyə məcbur edilirlər. Son illər dəfələrlə edilən xəbərdarlıqları boyun ardına vuran ermənilər kimlərinsə onlara qucaq açacağını gözləyirdilər. Lakin şirin vədlərə aldanıb yenə də meydanda tək qaldılar. Yenicə tətbiq olunan iqtisadi sanksiyalar onları dərin təşvişə salıb.

Verilən  xəbərlərə görə, ermənilər narazılıq edirlər ki, Rusiya Hayastanı müəyyən güzəştlərə getməyə və diktə edilmiş şərtlərlə razılaşmağa məcbur etmək üçün iqtisadi sanksiyalara əl ataraq Ermənistanın süd məhsullarının Rusiyaya ixracını qadağan edib. Belə görünür ki, indi növbə digər növ kənd təsərrüfatı məhsullarının ixracına və Rusiyadan Ermənistana maye qazın idxalına məhdudiyyətlərə çatıb. Rusiya tərəfindən atılan bu addımlardan hiddətlənən erməni fermerlər və yük maşınları günlərlə kənd təsərrüfatı məhsullarını Rusiyaya apara bilmədiklərini bildirirlər. Artıq yüz illər boyu onların yolunda yandırılan “yaşıl işıq” söndürülüb. Gürcüstanda bazara kənd təsərrüfatı məhsulları daşıyan erməni sürücülərə və fermerlərə deyilir ki, bu, Rusiya tərəfinin qəbul etdiyi qərardır.

Döğalar və axçilər ondan da şikayətlənirlər ki, rəsmi Moskvanın qərarları nəticəsində Ermənistanda istixana təsərrüfatları böyük itkilərə məruz qalır-yetişdirilən məhsullar bazara çatmadan zay olur.  Çünki həmin məhsullar üki-üç gün realizə olunmasa xarab olur və zibilliyə atılır. Bundan əlavə, Ermənistana maye qaz idxal edən yük maşınları yanacaq doldurmaq üçün Rusiyaya daxil ola bilmir. Nəticədə Ermənistanda maye qazın qiyməti son bir ayda demək olar ki, 80 faiz artıb. Rusiya tərəfi bu məhdudiyyətləri texniki problemlərlə izah etsə də görünən odur ki, baş verənlər Ermənistana qarşı əməlli-başlı iqtisadi sanksiyalardır və bunun arxasında siyasi sifariş dayanır. Əlbəttə, dayanacaq. Ambisiyaları və axmaq planları siyasət hesab edən Paşinyan hökuməti həm özünü, həm də iki milyona yaxın əhalini olduqca çətin bir vəziyyətə salıb. Görün hələ Rusiya orada yaşayan və işləyən, Ermənistana hər il yüz milyonlarla pul göndərən erməniləri sıxışdırsa nələr olar? Axı, Ermənistanda yaşayan işsiz ailələrin əksəri Rusiyadan göndərilən pulların hesabına öz ehtiyaclarını ödəyirlər.

 İndi Paşinyan hakimiyyəti nə geri çəkilə, nə də irəli gedə bilir. Geri addım atsa ətəyindən yapışdığı Qərbin, irəli getsə ətəyinə tüpürdüyü Rusiyanın seriyalı qapazları başına yağış kimi yağacaq. Ümid qalıb astvasa...