![]() |
Zahid Rza |
AXCP sədri Əli Kərimlinin toruna düşən gənclər anoloji addımı ataraq bu qurumu tərk etməyə başladılar. Son dövrlərdə Ə. Kərimlinin yanında olan gənc cəbhəçilər onun dəstəsini tərk edərək Razi Nurullayevin sədri olduğu AXCP-də birləşirlər. Həmin gənclər Ə.Kərimlinin partiya daxilində yaratdığı özbaşınalığa, yürütdüyü avtoritar və ədalətsiz siyasətə etiraz edərək partiyanı onun despotluğundan xilas etmək uğrunda mübarizə aparanlara qoşulduqlarını bildirirlər. Onlar qeyd edirlər ki, partiya daxilində əksəriyyət eyni addımı atmağa hazırlaşır. Hətta iş o yerə çatıb ki, Ə.Kərimlinin dəstə üzvləri onları tərk edənlərə qarşı təhqir və zorakı üsullardan istifadə etməkdən belə çəkinmirlər. R. Nurullayevin qrupuna qoşulanlardan Mikayıl Quliyev adlı gənc bildirib ki, bu addımına görə Ə. Kərimlinin yaxın adamları ona hücum edərək təhqir ediblər. M. Quliyevin sözlərinə görə, sədrin hazırda həbsxana həyatı yaşayan müşaviri Məmməd İbrahim ona yaxınlaşaraq onun və Razi Nurullayevin ünvanına küçə söyüşləri ilə təhqirlər yağdırıb: “M. İbrahim mənə yaxınlaşaraq R. Nurullayevə neçəyə satıldığımı soruşdu. Bundan sonra, “bəlkə səni ora kəşfiyyata göndərək dedi”.
Qeyd edək ki, vaxtilə AXCP-ni eyni səbəblərdən tərk edənlərin də bir çoxu R. Nurullayevin hərəkətlərini dəstəkləyirlər. Azərbaycan Xalq Cəbhəsinin ilk üzvlərindən olan, hazırda Aydınlar Partiyası sədrinin müavini Qorxmaz İbrahimli açıqlamalarında bildirib ki, Ə Kərimli əvvəl-axır cavabını almalı idi: “Özünəvurğunluqda Stalindən geri qalmayan sədr partiyada islahat aparmaq istəyən silahdaş və dostlarından qisas almağa nail oldu. Bumeranq indi onun üstünə dönüb. Razi bəyin bu addımını təqdir edir və uğur diləyirəm. Hər kəs mənim kimi səssiz getməli deyildi”.
Keçmiş cəbhəçi bildirib ki, bundan sonra da o partiyadan bezərək istefa verənlər olacaq. AXCP içərisində avtoritarizmdən bezmiş onlarla cəbhəçi ciddi mübarizəyə qalxıb. Partiya onun özəl mülkü deyil.
Yuxarıda qeyd edilən fikirlərin təsdiqi olaraq qeyd edək ki, artıq AXCP-də bir nəfər də olsun ictimai sanbalı ilə tanınan şəxs qalmayıb. Ə. Kərimli və onun partiyasının siyasi məhvə məhkum olduğunu söyləyənlərin iddialarının tezliklə reallaşacağı göz önündədir.