Vəli İlyasov |
Araiklər, rubenlər, samvellər isə birdəfəlik Qarabağdan süpürülüb atılacaqlar
"Azərbaycan bölgədə sülhün təmin edilməsinin tərəfdarıdır. Lakin sülh prosesi üçün tək tərəfin təşəbbüsü yetərli olmur."
Bu fikri BMT Baş Assambleyasının 75-ci prezidenti, Türkiyənin sabiq Avropa İttifaqı işləri naziri, Türkiyə parlamentinin üzvü Volkan Bozkır deyib: “30 illik işğal dövründə Qarabağda cinayətlər törədildi. Azərbaycan öz torpaqlarını işğaldan azad etdi və bütün yaşananlara rəğmən Ermənistana sülh əli uzatdı. Ermənistan bu sülh əlini tutmalı və addımlar atmalıdır. Amma təəssüf ki, Ermənistandan bu addımları görmürük. Hazırda Ermənistanın daxilində dağınıqlıq hökm sürür. Digər bir məqam isə erməni diasporasının təxribatları ilə bağlıdır. Ermənistanda yaşayan əhali kasıb həyat sürür. İqtisadi cəhətdən getdikcə zəifləyirlər. Bu problemlərdən yeganə çıxış yolu isə Azərbaycanla sülhdür."
Volkan Bozkır əlavə edib ki, dünyanın müxtəlif yerlərində yaxşı şəraitdə yaşayan ermənilər yerli əhalinin müsbət addım atmasına mane olurlar. Çünki onlar illərlə Azərbaycana və Türkiyəyə səbəbsiz düşmən olublar.
Əslində ermənilərə istər Türkiyədə, istərsə də Azərbaycanda yaşamaq üçün yer verilib, onlar daim dövlətin himayəsində yaşayıblar. Lakin sonradan Sovet dövlətinin təbliğatına uyan ermənilər heç bir əsas olmadan yaşadıqları ərazilərə iddia ediblər. Bununla araya yersiz düşmənçilik salıblar. Sovet hökuməti süni surətdə qondardığı Ermənistan dövlətinin ərazisində bufer yaradaraq Azərbaycanla Türkiyə arasında məqsədli şəkildə maneə yaradıb. Nəticədə Naxçıvan blokada vəziyyətinə düşüb. İndi bu mənfur səhv düzəldilməlidir.
Çünki dünyada reallıq deyilən bir anlayış var. Azərbaycan Qarabağı işğaldan azad etdi. Ermənilər bunu qəbul etsələr də, etməsələr də Qarabağ Azərbaycanın əzəli torpağıdır. İndi sülh sazişinin imzalanması üçün qarşıda bir sıra məsələlər durur. Məsələn, ilk növbədə Zəngəzur dəhlizi açılmalıdır. Azərbaycanın güclü mövqeyi bu məsələlərin həllində önəmli rol oynayacaq. Türkiyə bütün gücü ilə Azərbaycanın yanındadır və lazımi siyasi dəstəyi verir. Ermənistan istəsə də, istəməsə də bu məsələ həll olunacaq.
Qarabağda məqsədli şəkildə saxlanan separatçı ermənilər isə sülh prosesini müvəqqəti ləngitsələr də sonadək mane ola bilməzlər. Moskvanın göndərişi ilə bir müddət əvvəl Xankəndiyə gəlmiş Rusiya vətəndaşı, miyarder Ruben Vardanyan məhz sülh məsələsini əngəlləmək tapşırığını alıb.
Xankəndidə rus sülhməramlılarının arxasında gizlənmiş erməni milyarder Ruben Vardanyan “təhlükəsizlik və inkişaf cəbhəsi” ictimai hərəkatının icraiyyə komitəsinin koordinatoru seçilib. Onun adamlarından daha bir neçəsi üzvlər sırasına daxil edilib.
Avantürist Vardanyan Araik Arutyunyanın səyi nəticəsində Xankəndidəki “vəzifələrindən” kənarlaşdırılsa da, separatçılara maliyyə yardımını davam etdirməkdədir. Həmçinin Qarabağdakı ermənilərin Azərbaycana reinteqrasiya prosesinə mane olmaq üçün təbliğat aparır. Bununla da o, kimin casusu olduğunu açıq büruzə verir.
Artıq ermənilərin otuz il əvvəlki sərsəm iddialarından-"böyük Ermənistan", "dənizdən dənizə", "miatsum" və s. əsər-əlamət qalmayıb. Nikol Paşinyan başa düşür ki, həyatı tükdən asılı qalan Hayastan bu ərəfədə Türkiyə və Azərbaycanla münasibətləri qaydaya salmasa, onu və ölkəsini labüd məhvolma gözləyir. Onsuz da müstəqilliyi olmayan, ondan-bundan daim yardım istəyən bir dilənçi ölkənin yeganə çıxış yolu qonşularla normal münasibət qurmaqdır. Yoxsa, daha bir zərbə ilə müqəvva kimi yıxıla bilər. İndiki şəraitdə isə yıxılana balta çalan istənilən qədərdir.