29 mart 2016 23:44
4170

“Neftqaztikinti” Tresti 2015-ci ili necə başa vurub?

Trest neft-qaz yataqlarının abadlaşdırılmasında böyük uğurlara imza atıb

SOCAR-ın təsdiq olunmuş Tədbirlər proqramında nəzərdə tutulan respublika əhəmiyyətli istehsalat obyektlərində əsaslı tikinti, təmir və yenidənqurma işləri Trest tərəfindən vaxtında və tam həcmdə yerinə yetirilib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqaztikinti” Tresti neft-qaz yataqlarının abadlaşdırılması, texnoloji neft-qaz-mədən avadanlıqlarının quraşdırılması, sualtı, yeraltı və yerüstü magistral neft-qaz-su boru kəmərlərinin çəkilməsi, asfalt-beton örtüklərinin vurulması, dənizdə və quruda hidrotexniki qurğuların, dayaq bloklarının, estakada və estakadayanı meydançaların, qaz-kompressor stansiyalarının, neft rezervuarlarının və sosial obyektlərin tikintisi üzrə podratçı fəaliyyəti ilə məşğul olur. Trestin tərkibinə müxtəlif profilli 11 bölüm və Gürcüstan Nümayəndəliyi daxildir. Trest Azərbaycan Respublikasının bütün regionlarında, o cümlədən “Günəşli” və “Neft Daşları” yataqlarında, Qum adası, Pirallahı, Çilov, Xərə-Zirə və digər adalarda və onların ətrafında, Səngəçal-Duvannı rayonunda və digər yerlərdə müxtəlif sifarişçi təşkilatlar üçün podratçı olaraq bütün növ xidmətlər göstərir. Bu istiqamətdə ötən il görülən işlər barədə SOCAR-ın “Neftqaztikinti” Trestinin müdiri, Əməkdar mühəndis Mirkazım Abasovdan məlumat aldıq.

M.Abasov “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, Trest öz işini beynəlxalq standartların tələblərinə əsasən təhlükəsiz, ətraf mühitə ziyan vurmadan və keyfiyyətlə yerinə yetirməyi qarşısına məqsəd qoyub. “Neftqaztikinti” Tresti Türkiyə Standartları İnstitutu tərəfindən TSE-İSO-EN 9001, TSE-İSO-EN 14001, TS-OHSAS 18001 və TürkAK tərəfindən TS EN İSO/İEC 17025 Beynəlxalq Sertifikatlarına layiq görülüb. 2015-ci il ərzində Trest tərəfindən ümumi podrat üzrə 231398,6 min manatlıq, öz gücü ilə 217416,0 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilib, ümumi podrat üzrə yerinə yetirilmiş işlərin 78158,6 min manatı əsaslı təmir və 153240,0 min manatı isə əsaslı tikinti işlərinin payına düşür: “”Neftqaztikinti” Tresti 2015-ci il ərzində 231 milyon manatdan çox dəyəri olan tikinti-quraşdırma və təmir işləri yerinə yetirib ki, bunlara da 45162.0 ton metal-konstruksiyaların quraşdırılması, dənizdə sualtı 24 km, estakada və meydançalarda 158 km, quruda 103 km boru kəmərlərinin çəkilməsi, 26 mindən çox qaynaq birləşmələrinin defektskopiyası, 10 km sualtı, 300 km yeraltı yüksək gərginlikli kabel, 11 km hava elektrik ötürücü xətlərinin çəkilməsi, 352520 m2 asfalt salınma işləri və 20343 m3 dəmir-beton, beton və əmtəə betonu istehsalı işləri daxildir.”

Mirkazım Abasov onu da vurğuladı ki, Trest tərəfindən 2015-ci ildə podrat işləri proqramında nəzərdə tutulmuş obyektlərin tikintisi ilə yanaşı, SOCAR-ın rəhbərliyinin iştirakı ilə keçirilmiş texniki müşavirələrdə, tədbirlər proqramında qeyd olunmuş bir çox dövlət əhəmiyyətli obyektlərdə də tikinti-quraşdırma işləri yerinə yetirilib: “Belə ki, SOCAR-ın təsdiq olunmuş Tədbirlər proqramında nəzərdə tutulan nəhəng kompleks tikinti və yenidənqurma işləri Trest tərəfindən vaxtında və tam həcmdə yerinə yetirilib. SOCAR tərəfindən işlənməkdə olan ən böyük ehtiyata və məhsuldarlığa malik “Günəşli” yatağında neft və qaz hasilatının artırılması məqsədilə dərin dəniz özüllərinin genişləndirilməsi və yenidən qurulması, quyuların qazılması üçün əlavə şaxtaların buraxılması, mövcud texnoloji yığım və nəql sistemlərinin təkmilləşdirilməsi, çıxarılan qazın sahilə itkisiz nəqli sisteminin qurulması işləri Trestə həvalə olunub. Trestin kollektivi işlərin öhdəsindən gələrək proqramın yerinə yetirilməsində kadr və texniki potensialdan maksimum istifadə edərək böyük istehsal nəticələrinə nail olub.”

M.Abasov qeyd etdi ki, “Neftqaztikinti” Tresti 2015-ci ildə bir neçə istehsalat obyektinin tikintisini başa çatdıraraq istismara təhvil verib: “Buna misal olaraq, “”Günəşli” yatağı 11 saylı DDÖ-nün genişləndirilmiş hissəsində əlavə 4 quyunun qazılması üçün yenidən qurulması” (I və II kompleks üzrə), “Çilov adasında 10 ədəd istismar quyusunun qazılması üçün 112 saylı SDÖ-nün tikintisi”, “Çilov adasındakı əmtəə çənləri parkında 2000 m3 həcmli çənin tikintisi”, “Çilov adasının yeni qəsəbəsindəki yanalma körpüsündə stasionar kranın quraşdırılması və yük meydançasının tikintisi”, “Çilov adasının yeni qəsəbəsindəki yanalma körpüsünün yenidən qurulması”, “”Günəşli” yatağı DDÖ-lərdə məişət çirkab sularının utilizasiyası məqsədilə kiçik həcmli bioloji təmizləmə qurğularının tikintisi (DDÖ 6,10,11,13)”, “Abşeronneft” NQÇİ-nin “Darvin bankası” yatağında 670 saylı SDÖ-də əlavə 4 quyunun qazılması üçün yenidənqurulması”, “Abşeronneft” NQÇİ-nin “Qərbi Abşeron” yatağında 10 ədəd istismar quyusunun qazılması üçün 20 saylı SDÖ-nün tikintisi”, “Abşeronneft” NQÇİ-nin 290 saylı meydançanın genişləndirməklə neft yığım məntəqəsinin tikilməsi və məhsulun sahilə nəqli”, “Abşeronneft” NQÇİ-nin 2,3 saylı NQÇS-də inzibati və istehsalat (emalatxana) binalarının tikintisi”, “Abşeronneft” NQÇİ-nin “Darvin Bankası” yatağında yerləşən 670 saylı SDÖ-nün əlavə 4 quyunun qazılması üçün yenidənqurulması”, “Neft-Daşları” yatağında QSM-LTSS arası əvəzedici estakadanın tikintisi”, “Neft-Daşları” yatağında 252 saylı meydança-PQ34 arası estakadanın tikintisi”, “Neft-Daşları” yatağında 10 ədəd istismar quyusunun qazılması üçün 1954A saylı EYM-nin tikintisi”, “Neft-Daşları”ndakı QTES 48-dən Çilov adasına 35 kV-luq kabel xəttinin çəkilməsi”, “Qazıməmməd-Qazax (1-ci xətt) 1020 mm magistral qaz kəmərinin 0-210 km arası hissəsinin yenidən qurulması” (114-138 km, 138-148 km), “Astara-Qazıməmməd arası 1220 mm qaz kəmərinin 189,5 km-dən Şirvan İES üçün yeni alternativ qaz kəmərinin çəkilməsi” və s. obyektləri göstərmək olar.”

Ümumdövlət qaz proqramının kompleks şəkildə inkişaf etdirilməsinə və regionların qaz təsərrüfatı infrastrukturunun müasir standartların tələblərinə uyğun təşkil olunmasına dair Azərbaycan Respublikası Prezidentinin məlum Sərəncamına əsasən, bir çox dövlət əhəmiyyətli obyektlərdə “Neftqaztikinti” Tresti tərəfindən tikinti-quraşdırma işləri yerinə yetirilib. Qeyd olunan proqramın respublika əhəmiyyətli olduğunu nəzərə alaraq Trest rəhbərliyi tərəfindən işlərin intensiv aparılmasının mütəşəkkil qaydada təşkil olunması məqsədilə müvafiq tədbirlər görülüb.

Trestin ötən ildə də müxtəlif xarici və yerli şirkətlərlə məqsədyönlü əməkdaşlıq etməklə öz üzərinə düşən vəzifələri vaxtında və yüksək keyfiyyətlə yerinə yetirdiyini diqqətə çatdıran M.Abasov vurğuladı ki, “Heavy Crane” FZE şirkətinin Azərbaycan filialı, “Caspian Pipe Coatings” MMC, Gürcüstan Bələdiyyə İnkişaf Fondu və digər bu kimi beynəlxalq şirkətlər 2015-ci ildə də “Neftqaztikinti” Trestilə sıx əməkdaşlıq ediblər: “Trest ölkə hüdudlarından kənarda da öz fəaliyyətini genişləndirməkdədir. Belə ki, 2006-cı ildən Trestin Gürcüstan Nümayəndəliyi fəaliyyət göstərir. Nümayəndəlik Gürcüstan ərazisində neft-qaz boru kəmərlərinin və digər hidrotexniki qurğuların tikintisi, həmçinin infrastruktur layihələrinin icrası ilə məşğul olur. Nümayəndəlik tərəfindən hazırda “Telavi-Kurdqelauri su təchizatı sisteminin bərpası” və “Kareli su təchizatı sisteminin bərpası” layihələri üzrə tikinti-quraşdırma işləri uğurla davam etdirilir.”

SOCAR rəhbərliyi neft-qaz sənayesində yeni texnologiyaların tətbiqinə hər zaman xüsusi diqqət göstərir. Bu məqsədlə “Neftqaztikinti” Trestinin rəhbər və mühəndis-texniki işçiləri bir sıra Avropa ölkələrində xidməti səfərlərdə olub, beynəlxalq sərgi, təlim və konfranslarda iştirak ediblər.

M.Abasov vurğuladı ki, 2012-ci ilin sonlarından başlayaraq Trest tərəfindən ölkənin neft-qaz sənayesində ilk dəfə olaraq yarımavtomat və avtomat qaynağı tətbiq edilir: “Qaynaq işlərində bu kimi yeni texnologiyanı tətbiq etməklə Trest neft-qaz xətlərinin tikintisi zamanı keyfiyyətli qaynaq işlərinin aparılmasını, qaynaq materiallarının ərimə əmsalının yüksək olmasını, qaynaq birləşmələrinin mexaniki xassələrinin stabil və keyfiyyətli olmasını, qaynaqçının (operator) fiziki yüklənməsinin azalmasını təmin etmiş olur. Yarımavtomat və avtomat qaynaq bu gün də Trest tərəfindən uğurla tətbiq edilir və bu qaynaq üsulunun Trestin icra etdiyi layihələr üzrə tətbiq sahələri günü-gündən daha da genişləndirilir.”

Trestin müdiri bildirdi ki, SOCAR rəhbərliyi tərəfindən təsdiq olunmuş podrat proqramının yerinə yetirilməsi, NQÇİ-lərdə keçirilmiş texniki müşavirələrin protokollarının qərarlarının icra olunması və obyektlərin vaxtında istismara təhvil verilməsi 2016-cı ildə də “Neftqaztikinti” Trestinin qarşısında duran əsas vəzifələrindən biridir. SOCAR tərəfindən təsdiq olunmuş proqrama əsasən 2016-cı ildə Trest tərəfindən ümumi podrat üzrə 241972,4 min manatlıq, öz gücü ilə isə 237867,4 min manatlıq tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi nəzərdə tutulur. Trest bu işləri beynəlxalq tələblərə əsasən təhlükəsiz, ətraf mühitə ziyan vurmadan, vaxtında və yüksək keyfiyyətlə icra etməyi qarşısına məqsəd qoyub.

Mirkazım Abasov bir məsələni xüsusi qeyd etdi ki, ötən il Trest kollektivi üçün əlamətdar və yaddaqalan il olub: “Belə ki, 2015-ci ilin 19 mart tarixində Trestin yeni inzibati binasının açılış mərasimində SOCAR prezidenti Rövnəq Abdullayev və Şirkətin digər rəhbər şəxsləri iştirak etmişlər.”

Sonda qeyd etmək lazımdır ki, SOCAR-ın “Neftqaztikinti” Tresti əldə etdiyi mükafatlarının sırasına daha birini əlavə edib. Belə ki, 11 mart 2015-ci il tarixində “Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubu” və “Caspian Energy İnternational Media Group” tərəfindən “Caspian Energy İntegration Award-2015” mükafatlarının təqdim edilməsi mərasimində Trest “Neft-qaz yataqlarının abadlaşdırılması sahəsində İlin Şirkəti” nominasiyası üzrə qalib elan olunub.

Orxan Vahidoğlu, “İki sahil”