07 iyul 2023 22:34
490

Tikinti sektoru: Dünən və bu gün

Sosial Tədqiqatlar Mərkəzində keçirilən konfransda bu sahədəki problemlər və onların həlli yollarından bəhs edildi

İyulun 7-də Sosial Tədqiqatlar Mərkəzində (STM) “Tikinti sektoru subyektləri arasında vahid müqavilə formasının tətbiq zərurəti, tənzimlənməyən münasibətlərin sektorda yaratdığı problemlər və onların həlli yolları” mövzusunda konfrans keçirildi.

Konfransı Sosial Tədqiqatlar Mərkəzinin  İdarə Heyətinin və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc açaraq bildirdi ki, “Korrupsiyaya qarşı mübarizə üzrə 2022-2026-cı il Milli Fəaliyyət Planı”nda “Tikilməkdə olan və ya tikilmiş və istismara qəbul edilməmiş çoxmənzilli binalarda mənzillərə dair verilmiş hüquq müəyyənedici sənədlərin vahid informasiya bazasının yaradılması, bu istiqamətdə daşınmaz əmlakın təminat qeydinin aparılması mexanizmlərinin təkmilləşdirilməsi” vəzifəsi müəyyən olunub.

Z.Oruc qeyd etdi ki, STM “Milli Fəaliyyət Planı”nın 4-cü prioritet istiqaməti - dövlət xidmətlərinin və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi sahəsində tədbirlərin monitorinqinə və ictimai rəyin öyrənilməsinə birbaşa məsuliyyət daşıyır: “Bu qurum hüquqi və fiziki şəxslərin tikinti ilə bağlı aldıqları xidmətlərin keyfiyyət səviyyəsini, həmçinin hüquqi və fiziki şəxslərin bu xidmətlərdən məmunluq göstəricilərini öyrənməyə çalışır. SSRİ-nin süqutundan sonra təkcə sosial-iqtisadi tənəzzül deyil, eləcə də mənzillə təminat sahəsində mənfi tendensiyalar yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra, 1995-1996-cı illərdə səngiməyə başladı və ölkə üzrə əhalinin mənzil tikintisinin inkişafında 2000-ci illərdən etibarən yüksələn dinamika müşahidə olundu.”

STM rəhbəri söylədi ki, 2000-ci illərdə istifadəyə verilən yaşayış sahəsi cəmi 487 min kvadratmetr olduğu halda, bu göstərici 2005-ci ildə 1583 min kvadratmetr, 2015-ci ildə 1932 min kvadratmetr, 2020-ci ildə isə 5224 min kvadratmetr təşkil edib: “Sovet dövründə istifadəyə verilən yaşayış yerlərində kəndlərin əhəmiyyətli həcminə baxmayaraq, hazırda bu sahədə artım daha çox şəhərlərin hesabınadır. 1990-cı ildə istifadəyə verilən yaşayış sahələrinin 45.5 faizi şəhərlərdə, 54.5 faizi kənd yerində olduğu halda, 2020-ci ildə 90.3 faizi şəhər yerində, 9.7 faizi isə kənd ərazilərində olub. Ölkə üzrə bütün mənzil fondunun ümumi sahəsi son 20 il ərzində 1.6 dəfə artıb. 2003-cü 125 milyon kvadratmetr təşkil edən bütün mənzil fondu 2022-ci ildə 200.7 milyon kvadratmetrə bərabər olub. Bu, şəhər ərazi vahidləri üzrə 2 dəfə, kənd ərazi vahidləri üzrə 1.5 dəfə artım deməkdir. Əhalinin hər nəfərinə düşən mənzil sahəsindəki dinamikanı nəzərdən keçirdikdə məlum olur ki, artım 1.4 dəfə olub.”

Həmçinin nəzərə çatdırıldı ki, son 10 il ərzində orta hesabla əhalinin hər nəfərinə düşən mənzil və ev sahəsi 17.6 kvadratmetrdən 20 kvadratmetrə çatıb: “İqtisadi rayonlar üzrə bu istiqamətdə ən yüksək artım Abşeron-Xızı, ən az Mil-Muğan iqtisadi rayonları üzrə qeydə alınıb. Əhalinin hər 10 min nəfərinə düşən mənzillərin sayı MDB ölkələri üzrə xeyli fərqlənir. Ən yüksək göstərici Belarus (49) və Qazaxıstanda (62) olduğu halda, Azərbaycanda bu göstərici 2018-ci ildə 16,6 mənzil təşkil edib. Lakin rəqəmlər arasında belə kəskin fərqin səbəblərindən biri də mənzil və yaşayış fondlarının qeydiyyatının başa çatmamasıdır.”

Z.Oruc vurğuladı ki, daşınmaz əmlakın qeydiyyatı problemi Prezident İlham Əliyevin daim diqqət mərkəzində olub. Ötən il ölkə ərazisində 49 min evin, 94 min mənzilin mülkiyyət hüququ təsdiqlənib.

Konfransda çıxış edən İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov bu gün ölkədə kiçik və orta biznesin yaratdığı əlavə dəyərdə tikinti sektorunun üçüncü yeri tutduğunu bildirdi. Diqqətə çatdırıldı ki, hazırda tikinti sektoru ölkədə məşğulluq yaradan 3-cü ən çox sahə kimi xarakterizə olunur: “İqtisadiyyatın həcminə baxdıqda isə ÜDM-də tikinti sektorunun payında xeyli artım müşahidə edildiyini görürük. Kiçik və orta biznesin də bu sahədə xüsusi çəkisi var. Ötən ilin göstəricilərinə görə, 15 minə yaxın KOB subyekti bu sektorda fəaliyyət göstərib. Son beş il ərzində tikinti sektoru KOB subyektlərinin dayanıqlı fəaliyyət göstərdiyi ikinci sahə olub. Bu da həmin sahədə ixtisaslaşan KOB subyektlərinin bilik, bacarıq və təcrübələrinin kifayət qədər formalaşdırıldığını göstərir.”

Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası İdarə Heyətinin sədri Ramiz İsayev, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov ölkəmizdə tikinti sektorunun inkişafı, bu sahədə vahid standartların formalaşdırılması ilə bağlı görülən işlərdən, həyata keçirilən genişmiqyaslı islahatlardan danışdılar.

Konfransda Milli Məclisin deputatları Qüdrət Həsənquliyev, Naqif Həmzəyev, Jalə Əhmədova və digərləri çıxış edərək tikinti sektorunda qarşıya çıxan problemlərdən söhbət açdılar.

Sonda tədbir iştirakçılarının aktual mövzularla bağlı sualları cavablandırıldı.

Cavid Əkbərov, “İki sahil”