Vəli İlyasov |
Azərbaycanda prezident seçkilərinin keçirildiyi ərəfədə müxalifətin bir ovuc dağıdıcı qanadına mənsub olan şəxslərin və onlara züy tutanların necə həyasızcasına fəallaşdıqlarının şahidi olduq. Həmin qrupun üzvləri xalq arasında heç bir nüfuz sahibi olmadıqlarından xalq arasına çıxmayaraq sosial şəbəkələrə doluşaraq hakimiyyət əleyhinə hərzə-hədyan yağdırır, şər-böhtan maşınını gecə-gündüz dayanmağa qoymurdular. Onlar ən çirkin qarayaxmalardan, hətta leksikonumuzda olmayan nalayiq ifadələr işlətməkdən, nüfuzlu insanları açıq təhqir etməkdən belə çəkinmirdilər. Bu adamlar proqramlaşdırılmış robotlar kimi çirkin əməllərini təkrar etməkdən usanıb yorulmurdular.
Artıq seçkilər başa çatıb, cənab İlham Əliyev xalqın böyük əksəriyyətinin dəstəyi ilə yeddi il müddətinə yenidən ölkə başçısı seçilib. Haray-həşir salan radikal müxalifət elə susub ki, elə bil qurbağanın gölünə daş atıblar.
“Bildirçinin bəyliyi darı sovulana qədərdir” deyiblər. Əli Kərimli, Cəmil Həsənli və bir neçə özükimiləri Azərbaycanı gözü götürməyən bəzi xarici dairələrin diktəsi ilə oyunbazlıq edərək yaramaz əməllərə qurşanmışdılar. Məqsəd külli miqdarda pul qazanmaqdan, lakeylik etdikləri ağalarına yarınmaqdan ibarət idi. Demək düzgün olmaz ki, onlar bu iyrənc əməlləri bilməyərəkdən edirdilər, bəlkə mahiyyətini bilmədikləri fəaliyyətə qurşanmışdılar. Xeyr. Bu adamlar nə etdiklərini yaxşı bilirlər. Pul və vəzifə hərisliyi bunları məsləksiz, əqidəsiz və vicdansız bir fəaliyyətə sövq edib. Həm də birinci dəfə deyil, bu, onlarda çoxdan “ənənə”yə çevrilib.
Bütün bunları xalq görür və lazımi nəticə çıxarır. Bir neçə gün əvvəl başa çatan prezident seçkiləri xalqın reaksiyasını açıq-aydın göstərdi. Göstərdi ki, həmin şəxslər dövlətini, onun müstəqilliyini, soydaşlarını düşmənlərin ayaqları altına atmağa müntəzir olanlar mövcudiyyətdən başqa heç nə deyillər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev andiçmə mərasimindəki çıxışında bu barədə çox sərrast fikirlər bildirib. Prezident vurğulayıb ki, milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı öz həddini göstərdi. Dövlət başçısı deyib: “O ki qaldı antimilli qruplaşmaya, onlar tam marginallaşıb. Bu seçkilər bir daha göstərdi ki, onların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Onların yerini Azərbaycan xalqı çoxdan müəyyən edib, bu da tarixin zibilxanasıdır. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Seçkilərdən əvvəl və seçkilərdən sonra onların təşkil etdikləri yığıncaqlar bir daha onu göstərir ki, Azərbaycan xalqı heç vaxt yol verməz ki, xaricdən idarə olunan qruplaşma Azərbaycanda hansısa mövqeyə malik olsun. Biz bundan sonra da demokratik inkişafla bağlı səylərimizi artıracağıq, gələcək fəaliyyətimizdə də bu istiqamət önəmli yer tutacaqdır.”
Prezident seçkiləri təsdiq etdi ki, Azərbaycan xalqı çıxdaş hesab etdiyi bir qrup milli satqına öz sırasında yer verməz. Vermədi də. Seçkilər sübut etdi ki, Azərbaycan xalqı öz Prezidenti cənab İlham Əliyevin və vahid milli ideya ətrafında cıx birləşib. Bu sarsılmaz monolit birliyi isə heç bir qüvvə poza bilməz.
Seçkilər aydın göstərdi ki, ölkəmizdə on beş il ərzində siyasi mübarizə mədəniyyəti istiqamətində yeni müsbət meyillər yaranıb. Bu, Azərbaycanda bərqərar olan dərin demokratiyadan xəbər verir. Təəssüf ki, bir ovuc pul-para aludəçisi iqtidarın yaratdığı demokratik şəraitdən öz iyrənc məqsədləri üçün sui- istifadə etməyə çalışırlar. Onlar bu yolda özlərinə mümkün qədər çox sayda köməkçi toplamağa cəhd göstərsələr də alınmır. Kimin kim olduğu bəllidir və cəmiyyətimizin çıxdaşlarının yeri xalq arası deyil, tarixin üfunətli zibilxanasıdır. Bu yeri onlar öz əməlləri ilə qazanıblar.