KÖŞƏ

Zahid Rza

İşğalçı Ermənistan bütün təxribatlardan əl çəkib danışıqlar masasına oturmalıdır

06 aprel 2016 15:11
814

31 mart-1 aprel tarixlərində ABŞ-ın paytaxtı Vaşinqtonda IV Nüvə Təhlükəsizliyi Sammiti keçirildi. Azərbaycan Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamanın dəvəti ilə IV Nüvə Təhlükəsizliyi Sammitində iştirakı çərçivəsində keçirdiyi yüksək səviyyəli görüşlər, müzakirə edilən enerji, təhlükəsizlik məsələləri işğalçılıq aləti olan Ermənistanın forpostbaşı  Serj Sarkisyanı və onun havadaralarının əsəblərini tarıma çəkdi. Sammitdə iştirak edən S.Sarkisyana diqqət göstərilməməsi, saya salınmaması əslində Ermənistanın nüfuzdan düşməsini, bir dövlət kimi qəbul olunmaması gerçəkliyini ortaya qoydu.  İşğalçı ölkənin kütləvi informasiya vasitələrinin, müxalifət liderlərinin  cinayətkar, hakimiyyətə qarşı sərt tənqidləri cəmiyyətdə gərginliyi daha da artıraraq S.Sarkisyanı və onun korrupsioner hökumətini dalana sürüklədi. Getdikcə artan etiraz səslərindən qorxuya düşən bu cinayətkar rejim Ermənistan ictimaiyyətinin diqqətini xarici və daxili siyasətdəki uğursuzluqlardan yayındırmaq, necə deyərlər, yaxasındakı əldən xilas olmaq üçün  aprelin 1-dən 2-nə kecən gecə Dağlıq Qarabağ münaqişəsi zonasında iriçaplı artilleriya silahlarından cəbhə bölgəsindəki dinc əhalini  daha azğın və daha kobud formada atəşə tutma təxribatına əl atdı. Cəbhə xəttimizin lap yaxınlığında yerləşən yaşayış məntəqələrimizdə dinc əhali arasında  itkilərimiz oldu. Azərbaycan Ordusunun uğurlu əks-həmlə əməliyyatları nəticəsində itirilmiş mövqelərinin geri alınmasının heç bir nəticə vermədiyini anlayan ermənilər cəbhəyanı zonaya yaxın mülki əhalinin yığcam yaşadığı məntəqələri, məcburi köçkün qəsəbələrini atəşə tutmaqla təxribatlarının miqyasını daha da genişləndirirlər.

Ancaq Silahlı Qüvvələrimizin qısa müddətdə həyata keçirdiyi sürətli əks-həmlə ilə erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarıldı, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olundu. Düşmənin çoxsaylı hərbi texnikası sıradan çıxarıldı, yüzlərlə canlı qüvvəsi məhv edildi, böyük itkilərə məruz qalan erməni hərbi qulluqçuları vahimə içində silah-sursatlarını ataraq döyüş mövqelərini tərk etməyə başladılar.

Bu gün əsas tələb belədir ki,  beynəlxalq və regional təhlükəsizliyi təhdid edən Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkməlidir. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar bu real təhlükəni aradan qaldırmaq üçün Ermənistana-cinayətkar S.Sarkisyan hökumətinə  göstərilən təzyiqləri daha da artırmalıdırlar. İşğalçı Ermənistan bütün təxribatlardan əl çəkib danışqlar masasına oturmalıdır. Şübhəsiz ki, ermənilər ordumuzun  son günlərdə onlara verdiyi unudulmaz dərsdən sonra danışıqlar masasına oturmağa məcbur olacaqlar. Necə deyərlər, başqa yol yox artıq!

 Azərbaycan  hər zaman olduğu kimi, bu gün də münaqişənin sülh yolu ilə həll edilməsi prinsipinə sadiqdir. Hətta Azərbaycan Ordusu erməni tərəfinin təxribatçı əməllərinə baxmayaraq üç gün bundan əvvəl birtərəfli qaydada atəşi dayandırdı. Biz bu gün də atəşkəsə hazırıq. Bir şərtlə ki, Ermənistan qoşunları BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, bütün işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı, ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır. Lakin Ermənistan beynəlxalq hüququn bütün norma və prinsiplərini pozaraq, sınanılmış  təxribatlara əl ataraq hazırkı status-kvonu  saxlamağa çalışır.

Aprelin 2-də Azərbaycan Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclasında ölkə başçısı İlham Əliyev bildirdi ki, Ermənistan sülh istəmir: “Ermənistan işğal edilmiş torpaqlardan çəkilmək istəmir və bütün səyləri ona yönəldib ki, status-kvonu maksimum saxlaya bilsin. Bu sözlərin kifayət qədər çox sübutları var. Danışıqlar prosesi iyirmi ildən artıqdır ki, aparılır. Bu iyirmi il ərzində həlledici məqamlarda Ermənistan həmişə təxribatlara əl atırdı. Təmas xəttində Ermənistan tərəfindən daim gərginlik yaradılır. Eyni zamanda, keçən əsrin sonlarında Ermənistan parlamentində terror aktının törədilməsi də məhz bu məqsədi güdürdü ki, münaqişə ilə bağlı mümkün olan razılaşmanı əngəlləsinlər və beləliklə, status-kvonu saxlaya bilsinlər”.

 Silahlı Qüvvələrimiz hər zaman olduğu kimi, bu gün də cəbhə xəttində  düşmənin bütün cəhdlərinə, təxribatlarına layiqli cavab verir. Ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında bunu bir daha vurğuladı: “Düşmənin bütün təxribatları bundan sonra da cavabsız qalmayacaq. Düşmənə bundan sonra da layiqli cavab veriləcək. Azərbaycan Ordusu buna qadirdir. Azərbaycan övladları öz doğma torpağını müdafiə edirlər, Vətən uğrunda vuruşurlar, şəhid olurlar. Bütün şəhidlərimizin xatirəsi bizim ürəyimizdə yaşayır və əbədi yaşayacaq”.