Bəşəriyyət yaranandan bəri sülh axtarışındadır. Əbədi sülh ideyasının dünya qədər yaşı var. Bütün dövrlərin mütəfəkkirləri sülh idealını təqdir edib, ona yaxınlaşmağın yollarını arayıblar.
Dünyanın müasir tarixində “Sülh uğrunda hərəkatlar” təsis olunub, “Sülhün təmin edilməsinə” görə mükafatlar verilir. EleanoraRuzvelt yazırdı ki,“Sülh haqda danışmaq kifayət deyil, kimsə sülhə inanmalıdır. İnanmaq da kifayət deyil, kimsə sülh üçün nəsə etməlidir“. Mütəlif dövlətlər öz neyrallıqlarını müxtəlif formalarda ifadə edir. Məsələn Kosta-Rika sadəcə ordusunu buraxmaqla neyrallığına nail olduğunu ifadə etdiyi halda İsveçrədə “silahlı neyrallıq” formasında neyrallıq mövcuddur. Bu o deməkdir ki, İsveçrə xaricdən gələcək təhlükələrdən özünü qorumaq üçün hərbi gücə malikdir.
İsveçrə Konfederasiyasının uzun bir silahlı tərəfsizlik tarixi vardır. Bu ölkə 1815-ci ildən bu yana heç bir müharibədə iştirak etməmiş və yalnızca 2002-ci ildə BMT-yə üzv olmuşdur. Buna baxmayaraq, İsveçrə hal-hazırda aktiv xarici siyasət yürüdür və tez-tez dünya miqyasında sülh yaratma missiyalarında iştirak edir.
Qoşulmama hərəkatı ABŞ və Sovet İttifaqının qoşulmama siyasəti vasitəsilə üçüncü dünya gücü yaratmaq cəhdi üçün millətlər tərəfindən təşkil olunmuş hərəkatdır. Bu hərəkatın əsasını qoyan qüvvələr kimi Yuqoslaviya, Hindisatan, İndoneziya, Miri və Qana 1961-ci il Bandung Konfransında tam olaraq həyata keçirməyə başladılar. Hərəkatın üzvləri sırasına dünyanın yarıdan çox əhalisini təşkil edən Asiya, Afrika və Latın Amerikası dövlətləri və əsasən inkişaf etməkdə olan dövlətlər daxildir. Təşkilatın hazırda 120 üzvü var. Eyni zamanda 17 müşahidəçi dövlət və 10 müşahidəçi beynəlxalq təşkilat da var. Qurumda idarəçilik rotasiya əsasında dəyişir.Qoşulmama Hərəkatı 120 ölkəni birləşdirməklə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır.
Hərəkatın 5 əsas prinsipi vardır: dövlətlər bir-birinin ərazi bütövlüyü və suverenliyi üçün qarşılıqlı hörmət; qarşılıqlı qeyri-təcavüz prinsipi qorunması; daxili işlərə qarışılmaması, bərabərlik və qarşılıqlı fayda; birlikdə dinc yaşamaq.
2011-ci ildən Azərbaycan Respublikası Qoşulmama Hərəkatına tam hüquqlu üzv qəbul edilmişdir. 2019-cu ildən Qoşulmama hərəkatına Azərbaycan Respublikası prezidenti İlham Əliyev sədrlik edir. Ölkə başçısı İlham Əliyev qeyd edib ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi zamanı öz priorietlərini və fəaliyyətini Banduq prinsipləri üzərində quracaq. Bu prinsiplər aşağıdakılardır:
BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, eləcə də əsas insan hüquq və azadlıqlarına hörmət etmək;
Dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etmək;
Sayından asılı olmayaraq bütün irqlərin və xalqların bərabərliyini tanımaq;
Digər dövlətlərin daxili işlərinə qarışmaqdan çəkinmək;
BMT Nizamnaməsi çərçivəsində hər bir dövlətin özünü fərdi və ya kollektiv şəkildə müdafiə etməsi hüququna hörmət etmək;
Böyük dövlətlərin hər hansı xüsusi maraqlarına xidmət etmək üçün kollektiv müdafiə tədbirlərinin istifadəsindən çəkinmək;
Digər dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı yönəlmiş hər hansı bir fəaliyyətdən, eləcə də güc tətbiq etməkdən və güc tətbiq etməklə hədələməkdən imtina etmək;
BMT Nizamnaməsinə uyğun olaraq bütün beynəlxalq mübahisələri dinc, sülh yolu ilə həll etmək;
Qarşılıqlı maraq və əməkdaşlığı təşviq etmək;
Ədalət və beynəlxalq öhdəliklərə hörmət etmək.
Prezident İlham Əliyev bildirib ki, bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq, qarşılıqlı maraqların qorunması ilə əməkdaşlığın təşviqi kimi prinisipləri ehtiva edən Banduq prinsipləri Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür. Qoşulmama Hərəkatına sədrlik etmək üçün Azərbaycanın namizədliyinin yekdil şəkildə dəstəklənməsi təsadüfi deyil. Azərbaycanın Qoşulmama Hərəkatına sədr seçilməsi üzvlərin yekdil həmrəyliyi ilə baş verdi. 120 ölkənin yekdil qərarı ilə 2023-cü ilin axırına kimi Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uzadılması ölkəmizə böyük bir hörmət və fəaliyyətimizin qiymətləndirilməsi əlamətidir. Belə bir beynəlxalq təşkilata sədrlik edərkən, Azərbaycan dünyada baş verən hadisələrə obyektiv mövqe nümayiş etdirərək öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmişdir.
Azərbaycaın sədrliyi dövründə bir sıra təşəbbüslərə imza atılmışdır:
Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi irəli sürülmüşdür.
Hərəkatın Gənclər Şəbəkəsi formalaşdırılaraq institutsional inkişaf istiqamətində addımlar atılmışdır.
Digər bir təşəbbüs Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır.
Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya və ayrı seçkiliyə qarşı mübarizə aparmağa davam edəcək.
İkinci Qarabağ müharibəsi dövründə Qoşulmama Hərəkatının üzv dövlətləri Azərbaycan xalqının ədalətli mübarizəsini yekdilliklə dəstəkləyib. Qoşulmama Hərəkatında təmsil olunan ölkələr anti-Azərbaycan mahiyyətli bəyanatı blokladılar. Azərbaycana qarşı ittihamı blokladılar və bununla da ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumuna mane oldular. Bu istiqamətdə atılan addımlar müharibə dövründə Azərbaycan Respublikası üçün böyük xarici dəstək əhəmiyyəti daşıyırdı. Çünki müharibə təkcə döyüş meydanın da deyil, həm də siyasi arenada gedirdi. Azərbaycan dünyada ən böyük ədalətsizliklə üzləşmiş ölkələrdən biri idi. Ərazimizin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi etnik təmizləmə ilə nəticələndi. Bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Bizim tarixi və dini irsimiz erməni işğalçıları tərəfindən yer üzündən silinib. Məscidlərimizin təhqiri, mədəni və dini abidələrimizin dağıdılması – bunlar faktlardır və bunu heç kəs görməzdən gələ bilməz. Təəssüf hissi ilə qeyd etməliyik ki, böyük zəfərə qədər bu məsələlər diqqət kənar qalmışdır. Dünyanın böyük siyasi gücləri bu hadisələrin qarşısını almaq üçün hər hansı əməli tədbirlər görmürdülər. Qoşulmama Hərəkatı təkcə ölkələr üçün maraqlarını müdafiə etmək və bir-birini dəstəkləmək platforması deyil, beynəlxalq arenada daha fəal rol oynamaq üçün platforma da ola bilər. Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirməyə, təsisatımızın institusional inkişafına yönəlib. Qoşulmama Hərəkatının tarixində bununla bağlı müzakirələr olub və bu müzakirələri yenidən başlamağın vaxtı çatıb. Bu gün dünyada qlobal qütbləşmənin, müharibənin, münaqişənin, proqnozlaşdırıla bilinməyən vəziyyətin, ərzaq, enerji və humanitar böhranların şahidiyik. Bunlara qarşı mübarizə aparmaq, sülhün tərəfdaşı kimi daim siyasi varlığımızı güclü bir şəkildə bildirməliyik.
Gülbəniz İsayeva,
Bakı şəhəri, Xətai rayonu S.Həsənov adına 63 saylı tam orta məktəbin tarix müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü