![]() |
Zahid Rza |
Aprelin əvvəlində işğalçı Ermənistan silahlı qüvvələrinin təmas xəttindəki təxribatçı əməllərinə layiqli cavab verən qəhrəman ordumuzun şəhid əsgər və zabitlərinin nəşinin torpağa tapşırıldığı, xalqımızın öz Ali Baş Komandanı ətrafında sıx birləşdiyi günlərdə AXCP sədri Əli Kərimli öz xəyanətkar xislətini bir daha göstərdi. Əslində Ə.Kərimli iyirmi ildən artıqdır ki, milli maraqlarımıza xəyanət etməklə məşğuldur. Cəmiyyətimiz də yaxşı bilir ki, bu adamın mayası xəyanətlə yoğrulub. Vaxtilə onunla eyni “cəbhədə” olan şəxslərin açıqlamaları, aparılan araşdırmalar Ə.Kərimlinin xəyanətkar əməllərinin üstündəki qalın pərdələri sökərək əsl həqiqətləri üzə çıxarıb. Bir vaxtlar Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) komsomol təşkilatı katibi olan Ə.Kərimli elə o illərdə bu təhsil müəssisəsində yaradılan “Yurd” təşkilatının rəhbərliyinə gətirildi. Qısa müddət ərzində xüsusi xidmət orqanları tərəfindən onun pafoslu təbliğatı aparıldı. Ə.Kərimlinin saxta “demokrat” obrazı yaradıldıqdan sonra Azərbaycan Xalq Cəbhəsinə yeridildi. Həmin gündən etibarən AXC-də təfriqələr, intriqalar və xəyanətlər başladı. AXC-Müsavat tandeminin birillik hakimiyyəti dövründə dövlət idarəçiliyində yüksək postda təmsil olunan Ə.Kərimli baş verən bütün xəyanətlərdə və uğursuzluqlarda öz rolunu məharətlə oynadı. Keçmiş dövlət başçısı, AXC-nin sədri mərhum Əbülfəz Elçibəy müsahibələrində bunu dəfələrlə vurğulamışdı. Ə.Elçibəy deyirdi ki, Ə.Kərimlinin bir əli mənim cibimdə, digəri əli isə başqalarının cibindədir. Ə.Kərimli nəinki el malına, respublikanın var-dövlətinə xain gözlə baxmış, o hətta ona çörək vermiş, vəzifə sahibi etmiş öz lideri Ə.Elçibəyə də xəyanət etmişdi. Elçibəy Kələkidə olarkən Ə.Kərimli “cəbhə”nin idarəçiliyini ələ almış, inhisarında olan qəzetlərin muzdlu mirzələrinə onun barəsində dilə gətirilməsi mümkün olmayan təhqirlər yazdırmışdı.
AXCP sədri Əli Kərimlinin sabiq müavini Razi Nurullayev bir müddət bundan əvvəl verdiyi açıqlamada onun partiyadakı maliyyə fırıldaqlarını açıb-tökmüşdü. R.Nurullyaev bildirirdi ki, pul məsələlərini özündən və yaxın olduğu 2-3 nəfərdən başqa heç kim bilmirdi. Sabiq müavin faktlarala sübut edirdi ki, Ə. Kərimli heç yerdə işləmədiyinə baxmayaraq övladlarını ən bahalı Avropa məktəblərində oxutdurur. Belə ki, onun ən kiçik oğlu Londonda doğulub. Böyük oğlu Bakıda ən bahalı məktəb olan “Oksford”da təhsil alıb. İndi də Londonda ən bahalı universitetdə oxuyur.
AXCP-nin “mətbəx”inə kifayət qədər bələd olan R.Nurullayev deyirdi ki, yaşlı nəsil “cəbhəçilər” Ə.Kərimlinin fırıldaqlarından, çirkli əməllərindən bezərək təşkilatı tərk edirlər. Onun ətrafında yalnız şirin vədlərlə aldadılmış beş-on nəfər qalıb. İş o yerə çatıb ki, Ə.Kərimli AXCP Suraxanı rayon təşkilatının sədrliyinə öz cangüdənini gətirib. Bu saxta “vətənpərvər” təşkilatın iclaslarında həmin gənclərə “facebook”da kimləri “bəyən” etmək, hansı “komment” yazmaq tapşırığı verilib.
Bütün xəyanət daşlarının altından AXCP sədri Ə.Kərimli çıxır. AXCP sədri Ə.Kərimli xarici antiazərbaycan dairələrdən aldığı pullarla ölkəmizə, müstəqilliyimizə qarşı mübarizə aparan erməni lobbisi ilə həmişə bir səngərdə yer alıb. Qərbdəki bəzi beynəlxalq təşkilatlarla Azərbaycan haqqında şər-böhtan dolu donosları yazdıran erməni kəşfiyyat idarəsi ilə əlaqə yaradan Ə.Kərimli xarici KİV-lərlə işbirliyinə girərək həmişə öz xəyanərkar simasını ortaya qoyub. Bir vaxtlar ermənilərin təbliğatı ilə məşğul olan “Reqnum” informasiya agentliyinə müsahibələr verən Ə.Kərimli həyasızcasına Azrəbaycan əleyhinə təbliğat aparırdı.
AXCP sədri Ə.Kərimli bu gün də öz məkrli planlarını həyata keçirmək üçün erməni lobbisinin, eləcə də terrorçu qrupların ətəyindən yapışıb. Ötən il “Milli Şura”nın “Məhsul” stadionundakı “İŞİD” bayrağı ilə bəzədilən mitinqi də bunu təkzibolunmaz faktlarla təsdiq etdi. Bəzi KİV-lərə daxil olan özəl məlumatlara görə o mitinqin keçirilməsi üçün “Milli Şura” rəhbərliyi (Ə.Kərimli və C.Həsənli) xaricdəki antiazərbaycançı dairələrin birindən 8 min dollar pul alıb. Həmin mənbə iddia edib ki, mitinq üçün 8 min dollar “Milli Şura”ya yaxın olan, amma heç kimin ağlına gəlməyəcək bir şəxsin bank hesabına köçürülüb.
Xəyanətin, satqınlığın bir bumeranq effekti var. Yəni xəyanət edən özü də nə vaxtsa əməllərinin bədəlini ödəmiş olur. Ona görə də aqillərimiz deyib ki, etmə, sənə də edərlər. AXCP-yə, onun sədrinə daha yaxından bələd olan Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bu gün AXCP-nin və Ə.Kərimlinin ətrafında baş verənləri məhz belə xarakterizə edir. F.Mustafa bu məsələ ilə bağlı bir müddət bundan əvvəl mətbuat orqanlarından birinə verdiyi müsahibədə bildirmişdi ki, bütün bunlar ona 16-18 il əvvəli xatırladıb. O vaxt F.Mustafa AXCP-nin tarixinə ekskursiya edərək bildirmişdi ki, rəhmətlik Əbülfəz Elçibəy deyirdi ki, Əli Kərimli müəyyən qüvvələrdən sifariş alaraq, ona qarşı iyrənc vasitələrdən istifadə edir, onun mövqeyini zəiflətməyə çalışır. Ümumiyyətlə, onun siyasətdə olmasına müəyyən dərəcədə maneəçiliklər yaratmaq istəyir. Onun hər hansı şəkildə yenidən dirçəlməsinə imkan verməmək barədə müəyyən öhdəlikləri var. Bütün işlərini də buna doğru yönəldib.
AXCP sədri Ə.Kərimlinin xəyanətlərini sadalamaqla bitməz. Bu zat öz əməlləri ilə adını Azərbaycanın siyasi tarixinə xəyanətkar kimi yazdırıb. Təəssüf ki, Ə.Kərimli tarixin ibrət dərslərindən nəticə çıxarıb bu cür xəyanətkar əməllərindən hələ də əl çəkmir.