![]() |
Zahid Rza |
Aprelin əvvəlində işğalçı Ermənistan cəbhənin təmas xəttində təxribata əl ataraq yaşayış məntəqələrimizi, dinc əhalini ağır silahlarla atəşə tutdu. Şanlı ordumuzun layiqli cavabı, güclü əks-həmləsi ilə ağır itkilərə məruz qalan məkrli düşmən qısa müddətdə geri otuzduruldu. Xalqımızın öz Ali Baş Komandanı ətrafında sıx birləşdiyi o günlərdə ordumuz erməni faşistlərinin burnunu əzərkən “sapı özümüzdən olan baltalar”ın özümüzə qarşı informasiya təxribatı səngimək bilmədi.
Gercəkdən də antiazərbaycan dairələrin maşası olan antimilli ünsürlərin, dağıdıcı müxalifət partiyalarının “lider”lərinin və onların inhisarında olan mətbuat orqanlarındakı muzdlu nökərlərin, zombiləşmiş qaragüruhçu dəstənin ölkəmizin əleyhinə fəaliyyəti insanda ikrah hissi yaradır. Ancaq son günlər baş verənlər bu marginalların simasızlığını tam çılpaqlığı ilə ortaya qoydu.
Birbaşa AXCP sədri Əli Kərimlinin “qulluğunda” dayanan, onun sifarişlərini yerinə yetirərək, bu zatın redaktəsi olmadan işıq üzü görməyən “Azadlıq”, qəzeti, Ə.Kərimlinin təbliğatını aparan “Azadlıq” Radiosu və onların cərgəsində yer alan bəzi internet media orqanları o simasızlığın lap mərkəzində yer aldılar desək, heç də səhv etmərik. Keçən ilin avqust ayının əvvəllərində erməni kəşfiyyat-təxribat qrupları Ermənistan-Azərbaycan dövlət sərhədində və qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə basqınlar edib, ordumuz tərəfindən layiqli cavablarını alanda həmin media orqanlarının “jurnalistləri” yenə öz təxribatçı əməllərini davam etdirirdilər. Onlar ölkə qanunlarına məhəl qoymadan, qeyri-peşəkarcasına ağızlarına gələni yazır, “şərhlər” verir, bəzi “ekspertlər”in hərzə-hədyan açıqlamalarını öz səhifələrində tirajlayırdılar.
Həmişə obyektivlikdən, peşəkarlıqdan dəm vuran bu saxta “demokratlar” nədənsə mətbuatın, qəzetçiliyin bu kimi əsas kriteriyalarına əməl etmirlər. Daha doğrusu, bu kriteriyalar onlara sərf etmir. Ölkədəki demokratik şəraitdən, söz, mətbuat azadlığından sui-istifadə edən “Azadlıq” qəzetinin mirzələrinin qələmindən ancaq zəhər-zəmbərək iftiralar, şər-böhtan, əsassız ittihamlar tökülür. Milli maraqlardan, erməni işğalından, bir milyona yaxın qaçqın və məcburi köçkünün problemlərindən söhbət düşəndə isə belələri elə qeybə çəkilirlər. Özü də elə itirlər ki, onları gündüzün günortasında çıraqla axtarsan belə tapa bilməzsən.
Ancaq belələri unudurlar ki, tutduqları düzgün yol deyil. Müxalifətçilik belə olmur. Mənəvi-psixoloji burulğanlar girdabında çırpınan belələri nədənsə hər şeydən əvvəl vətəndaşlıq borclarını “yaddan çıxarırlar”. Bu marginallar unudurlar ki, antiazərbaycan dairələrin qrant paylayan üfunətli ofislərinin mərmər döşəmələri üstündə gəzib tula payı almaqla, yallanmaqla heç nəyə nail ola bilməyəcəklər. Belələri bilməlidirlər ki, Vətənin halal çörəyinə kəm baxıb düşmənin yalı ilə bəslənənləri tarix heç vaxt unutmur, xalq yaddan çıxarmır və həmişə lənətlə xatırlayır.