07 sentyabr 2023 00:47
569

Tarixdə dəhşətli iz buraxan qəzalar

Təəssüf ki, dünyada tez-tez baş verən qəzaların yüzlərlə qurbanı olur. Bu yazıda dünya tarixində öz qanlı izini buraxan ən qorxunc qəzalardan danışacağıq.

İki təyyarənin toqquşması 583 nəfərin həyatına son qoydu

Dünyanın ən qorxunc təyyarə qəzası günəşli Kanar adalarının Tenerife şəhərinin aeroportunda qeydə alınmışdır. 583 insanın ölümünə səbəb olan bu qəza iki “Boing 747” təyyarələrinin ucuş zolağında toqquşması nəticəsində baş vermişdir. Həmin gün, 27 mart 1977-ci il tarixində dispetçer komandasının anlaşılmazlığı ucbatından pilotlara səhv tapşırıq verilmişdir. O gün “Las- Palmas” hava limanında terror hadisəsi baş verdiyinə görə, bütün uçuşlar təxirə salınmış və təyyarələr yaxınlıqdakı “ Los- Rodeos” hava limanına göndərilmişdi. Dörd saat gözlədikdən sonra yorulmuş ekipaj Los- Rodeosdan ayrılmağa tələsdi. Yanlış qərar nəticəsində KL4805 və PA 1736 uçuş-enmə zolağında bir-biri ilə toqquşdular. Dəhşətli qəza nəticəsində KL 234 sərnişin və 14 ekipaj üzvü hamısı həlak oldu , çünki toqquşma zamanı təyyarə səmada idi. Amerika təyyarəsi PA1736 -nın içində olan sərnişinlərin sadəcə 61-nin həyatını xilas edilə bildi.

"Titanik"in ilk və son səfəri

Tarixdə ən çox tanınan və bir çox romana və filmə mövzu olan gəmi qəzası 15 aprel 1912-ci ildə Atlantik okeanının şimalında baş verdi. Əsla batmayacağı düşünülən lüks sərnişin gəmisi "Titanik" ilk səfərində 2223 sərnişin və heyətlə İngiltərənin Southampton şəhərindən Nyu-Yorka gedirdi. Gəmi 15 apreldə qəfil ortaya çıxan bir aysberqlə toqquşur və okeanın qaranlıq sularında batır. Qəzada 1514 adam həyatını itirdi. Bir neçə saat sonra qəza yerinə çatan " Carpathia" gəmisi isə cəmi 710 adamı xilas edə bildi.

Tokio faciəsi: səbəb və tükürpədici nəticə

Yaponiyanın Obon bayramı ərəfəsində, 12 avqust 1985-ci ildə “ Haneda” Beynəlxalq Hava Limanından uçuş edən “Japan Airlines” şirkətinə məxsus təyyarə Tokio yaxınlığında qəzaya uğrayır. Bu dəhşətli qəza qurbanlarının sayına görə digərlərindən heç fərqlənmir. Qəza zamanı təyyarənin içində 509 sərnişin və 15 ekipaj üzvü olub. Bu dəhşətli qəzadan cəmi 4 nəfər sağ qalıb.

Əvvəlcə hər şey normal qaydada gedirdi, lakin göyə qalxdıqdan sonra cəmi 12 dəqiqəlik uçuşdan sonra 7200 metr yüksəklikdə gövdəsində yaranan çat nəticəsində təyyarədə texniki nasazlıqlar başlayır və salonda təzyiq düşməyə başlayır. Qəzanın dəqiq koordinatları hadisədən 20 dəqiqə sonra məlum olub. Lakin Yaponiyanın xilasetmə xidmətində baş verən dəhşətli qarışıqlıq səbəbindən, hadisə yerinə ilk heyət yalnız 14 saatdan sonra gəlib çıxa bilib.

Mütəxəssislərin sözlərinə görə, fəlakətdən 10 saat sonra qurbanların bəzilərinin sağ qaldığı məlum olub. Yaralı insanların əksəriyyəti yerdə qalıb donmuşdular. Aparılan tədqiqat nəticəsində aydın olub ki, 1978-ci il iyunun 2-si eniş edərkən təyyarənin quyruğu zolağa dəyib .Təmir işləri keyfiyyətlə aparılmadığına görə təyyarədə nasazlıq yaranıb. Qəzadan sonra məsuliyyəti öz üzərinə götürən “ Japan Air Lines”in prezidenti istefa verdi, “JAL” texniki xidmətinin rəhbəri isə intihar etdi.

"Dona Paz" necə batdı?

Dənizdə baş vermiş ən böyük qəzalardan biri "Dona Paz" gəmisinin batmasi idi. Bu hadisə 20 dekabr 1987-ci ildə Filippində baş verdi. Təxminən 4 min 500 adamla Leyte adasından Filippinin paytaxtı Manilaya gedən" Dona Paz" gəmisi Tablas boğazı yaxınlığında 8 min 800 barel benzin daşıyan "MT Vector" neft tankeri ilə toqquşdu. Toqquşmadan dərhal sonra başlayan yanğın, gəmiyə yayıldı. Tankerdən tökülən benzin gəmilərin ətrafını da bir alov dənizi ilə dövrəyə aldı. Nəhəng gəminin sərnişinlərindən sadəcə 24-ü xilas olmağı bacardı. Təxmini ölüm sayı 4375 olaraq açıqlandı. "Vektor"un 13 nəfərlik heyətindən isə yalnız 2-si həyatda qala bildi.

"Lusitania"ya alman sualtı qayığının hücumu və ...

I Dünya müharibəsi ərəfəsində Nyu-Yorkdan İngiltərənin Liverpul şəhərinə gedən ingilis sərnişin gəmisi "Lusitania" 7 may 1915-ci ildə İrlandiya sahillərində alman sualtı qayığının atdığı bir torpeda tərəfindən vuruldu. Dövrün ən böyük gəmisi olaraq məşhurlaşan " Lusitania" vurulduqdan sonra 18 dəqiqə ərzində batdı. Gəmidə olan 1959 adamdan yalnız 761 adam xilas ola bildi. Bütün dünyanın diqqətini özünə çəkən bu qəza ABŞ-ın döyüşə daxil olmasının ən böyük səbəblərindən biri oldu.

İki təyyarənin göydə toqquşması nə ilə nəticələndi?

1996-ci ilin payızında Səudiyyə Ərəbistanı Hava yollarına məxsus SVA763 (Boing ) reysi Dehlidən Səudiyyə Ərəbistanın Ciddə şəhərinə istiqamət götürmüşdü. Təyyarənin içində 289 sərnişin vardı, onların əksəriyyəti Ərəbistana işləməyə gedən hindlilər idi.

Həmin gün Qazaxıstana məxsus KZA1907(İl-76) reysi Çimkənddən Hindistanın paytaxtı Dehliyə uçurdu. Bu təyyarədə 27 sərnişin və 10 ekipaj üzvü var idi. Qazaxıstanlı pilotun təcrübəsinin olmadığına görə təyyarələrin arasında məsafəni saxlaya bilmədi və 4109 metr yüksəklikdə aralarında cəmi 3 metr məsafələri olan təyyarələr toqquşdu. Laynerlərin qalıqları 7 km radiusda səpələndi və hər iki təyyarədə olan insanlar həlak oldu . Xilasedicilər uzun zaman yanmış cəsədlərin kimliyini müəyyənləşdirə bilmirdilər. Qəzaya şahid olan insanların sözlərinə görə, xilasedicilərdən əvvəl qəza yerinə soyğunçular gələrək ələ keçirdikləri əşyaları oğurlamışdılar.

Rusiya təyyarəsinə qarşı terror aktı

Şarm-əl- Şeyxdən qalxan Rusiya təyyarəsi 2015-ci il oktyabrın 31-də Sinay yarımadası üzərində qəzaya uğrayır. Hadisəyə görə, məsuliyyəti İŞID terror qruplaşması öz üzərinə götürür.Təyyarədə olan 224 nəfərın hamısı həlak olur. Qəzanı araşdıran Rusiya da qəzanın səbəbinin terror aktı olmasını təsdiqləyir.

Yenə də almanlar...

II Dünya müharibəsi ərəfəsində İngiltərə hökumətinin Fransadakı vətəndaşlarının azad buraxılması üçün göndərdiyi "Lancastria" gəmisi 17 noyabr 1940-cı ildə alman döyüş təyyarələrinin hücumuna məruz qaldı. Fransanın "St.Nazair" liman şəhəri sahillərində 20 dəqiqə ərzində batan gəmidə 4 mindən çox insan həyatını itirir. Gəmidən sızan 1400 ton yanacaq gəminin alovlara bürüdüyünə görə və həyatlarını xilas üçün suya atılanlar yanaraq həlak olur. Dəhşətli qəza zamanı köməyə gələn digər gəmilər yalnız 2 min 500 adamı xilas edə bilir.

Samirə Tağıyeva, “İki sahil”