KÖŞƏ

Vəli İlyasov

Heç nə

26 oktyabr 2023 00:34
4931

Hay köçünün müəmmaları...

Rəsmi Bakı beynəlxalq hüquq və ölkə qanunvericiliyinə uyğun olaraq Qarabağdakı erməni əhalisinin təhlükəsizliyi üçün lazımi şəraiti yaratmışdı. Bu faktı beynəlxalq təşkilatlar da təsdiq edir. O da məlumdur ki, erməni əhalisini bölgədən kütləvi çıxmağa sövq edənlər separatçılar və Ermənistan hakimiyyətidir. Sual yaranır: Necə yəni, erməni öz ermənisini yaşadığı yerdən didərgin salır? Niyə? Bunlar yüz ildir ki, Qarabağ üçün sinov gedirdilər. Bu, inanılmaz və təəccüblü görünsə də köçün qarşısındakı pərdə qalxdıqca bunun həqiqət olduğu açkar görünür.

Xəbərdən xəbəri olmayan Ermənistan mediası hələ də antiterror tədbirləri nəticəsində qondarma rejimin təslim olmasından sonra erməni əhalisinin təmsilçiləri ilə Azərbaycanın mərkəzi hakimiyyət nümayəndələri arasında keçirilən görüşlərin qapalı hissəsində nələrin müzakirə edildiyini araşdırmağa, anlamağa çalışır. Erməni mediası iddia edir ki, əhalinin çıxmasına səbəb həmin görüşlərdəki müzakirələrdir.

Reallığa müəyyən qədər yaxın görünən iddianı “İravunk” qəzeti irəli sürüb. Qəzet iddia edir ki, Yevlax görüşündə Azərbaycanın mərkəzi hakimiyyəti konkret şərt irəli sürüb: “Ya Qarabağdakı erməni əhalisinin hamısı bir nəfər kimi Azərbaycana inteqrasiya olunur və Ermənistanla əlaqələri kəsir, ya da reinteqrasiyanı qəbul etməyən, vətəndaşlıq almaq istəməyənlərin sərbəst şəkildə getməsinə şərait yaradılır. Üçüncü heç bir variant ola bilməz”. Bu qədər qısa və konkret.

Bu məsələni Azərbaycan müxtəlif səviyyələrdə dəfələrlə gündəmə gətirmişdi. Rəsmi Bakının beynəlxalq hüquqa uyğun olan mövqeyi belə idi ki, Azərbaycan vətəndaşlığını almaq istəyən hər kəsin bərabərhüquqlu və təhlükəsiz şəraitdə yaşaması təmin olunacaq, bunu istəməyənlərin getməsi üçün  şərait yaradılacaq. Şübhəsiz, bu təklif erməni əhalisinin nümayəndələrinə də təqdim olunub. Üçüncü variant olmadığı üçün separatçılar və Ermənistan hakimiyyəti əhalinin kütləvi köçünü təşkil ediblər. Ancaq bu köçdən də faydalanmaq fürsəti düşünüblər. Yoxsa Laçın postundan beş-on nəfər erməni Ermənistan ərazisinə keçən kimi bütün dünyada haray-həşir salardılar. Şivən qoparmaqda bunların tayı-bərabəri yoxdur. Ancaq hətta kütləvi köç zamanı da səslərini çıxarmadılar və mane olmağa təşəbbüs belə göstərmədilər. Çünki hər şey onların yazdıqları ssenari üzrə rəvan gedirdi.

Hayastan rəhbərlərinin məqsədi bundan istifadə edərək həmişəki kimi  Azərbaycana qarşı “etnik təmizləmə”, “deportasiya” kimi iddialar irəli sürmək, “qaçqın” adı altında xarici havadarlarından maliyyə yardımı əldə etmək və Bakıya qarşı əllərindən çıxan Qarabağ kartını “Qarabağ erməniləri” kartı ilə əvəzləmək olub. Baxmayaraq ki, Azərbaycan daxilində erməni separatizmi məhv edilib və bundan sonra belə planların  təsir imkanı yoxdur. Ermənistan hakimiyyəti maksimum “erməni qaçqınlara yardım” adı ilə Avropadan pul dilənə bilər. Axı, Avropa haylar üçün  "sağmal inək" kimi bir şeydir. Pulsuzlayan kimi şivən qoparıb onları yaxşıca "sağırlar." Artıq pullar gəlməyə başlayıb və başda duran bir qrup hayın ağzı dada gəlib. Xalis gəlirdir, Qarabağ ata-babalarının torpağı deyil ki, onun davasını çəksinlər, onlar üçün belə daha sərfəlidir. Xarici donorların yardım üçün növbəyə düzülmələri Ermənistan hakimiyyətini və mafioz qrupları daha da ruhlandırır, onlar xəyanətkarlıqla etdiklərinin düzgünlüyünə inanırlar. Erməni toplumunun bədbəxtliyi üzərində öz səadətlərini tapanlar dost deyil, əsl düşməndirlər.

Bir vaxtlar Zori Balayanın, Silva Kaputikyanın, Viktor Hamparsumyanın "böyük Ermənistan", "dənizdən dənizə", "miatsum" ideyaları beləcə məhv olub getdi. Bığ aldıqları yerdə saqqalı da qoyub getdilər. Yerində və qaldı? Heç nə.