KÖŞƏ

Zahid Rza

“Yaşıl dəhliz” fəaliyyətə başlayır

24 may 2016 14:32
772

Bir müddət bundan əvvəl Prezident İlham Əliyev bəyan etmişdir ki, 2016-cı il islahatlar ili olacaqdır. Cari ilin əvvəlindən Prezident tərəfindən imzalanan Sərəncam və fərmanlar, həyata keçirilən tədbirlər, görülən irimiqyaslı işlər bir daha sübut edir ki, dövlət başçısının güclü siyasi iradəsi və qətiyyəti ilə uğurla davam etdirilən islahatlar bundan sonra da iqtisadi inkişafın dayanıqlılığının təmin edilməsinə böyük töhfələr verəcəkdir. Ölkədə korrupsiya və rüşvətxorluq hallarına qarşı davamlı mübarizənin gücləndirilməsi,  inkişafa mane olan  bütün əngəllərin, süni maneələrin aradan qaldırılması, təsərrüfat subyektlərinin inhisarçılıq fəaliyyətinin və haqsız rəqabətin qarşısının alınması, idarəetmənin təşkilatı quruluşunun təkmilləşdirilməsi istiqamətində ciddi addımların atılması, vergi və gömrük məcəllələrinə dəyişikliklər edilməsi, dövlət xətti ilə sahibkarlara kreditlərin verilməsi artıq böyük bir praktikaya çevrilmişdir. Prezident İlham Əliyevin bu günlərdə “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında imzaladığı Fərman da ölkə başçısı tərəfindən həyata keçirilən yeni iqtisadi siyasətin uğurla reallaşdırılmasının əyani sübutudur.  

Qeyd edək ki, bu Qaydaların məqsədi gömrük rəsmiləşdirilməsinin daha çevik və şəffaf həyata keçirilməsi və məmur-sahibkar münasibətlərinin müasir idarəçilik prinsipləri əsasında inkişaf etdirilməsi, o cümlədən risk qiymətləndirilməsinin nəticələri əsasında, avtomatlaşdırılmış elektron informasiya sisteminin imkanlarından istifadə etməklə, yarana biləcək təhlükənin səviyyəsinin əvvəlcədən müəyyən edilməsi, gömrük nəzarətinin formalarının idxal-ixrac prosedurları üzrə tətbiqinin daha da optimallaşdırılmasından ibarətdir. Həmin Qaydalarda nəzərdə tutulmuş risk qiymətləndirilməsinin və idxalatçıların risk qrupları üzrə bölgüsünün aparılması, habelə buraxılış sistemlərinin və gömrük nəzarəti tədbirlərinin tətbiqi ilə bağlı bütün proseslər məmur-sahibkar təması olmadan, elektron sistem vasitəsilə həyata keçirilir.

Onu da vurğulamaq lazımdır ki, malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və beynəlxalq təcrübədə mövcud olan digər buraxılış sisteminin yaradılması ilə əlaqədar “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 mart tarixli Sərəncamından irəli gələn tapşırıqlar uğurla icra olunur. Bundan başqa, qısa idxal bəyannaməsi və ona əlavə olunmuş baytarlıq, fitosanitar, gigiyenik və ya digər sertifikatların və mülki dövriyyəyə verilən xüsusi icazənin əvvəlcədən yoxlanması və gömrük ərazisinə buraxılışını tənzimləyən prosedur qaydaları müəyyən edilir və qaydalara uyğun olaraq qısa idxal bəyannamələrinin elektron qaydada təqdim edilməsi ilə əlaqədar “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqi həyata keçiriləcək. Sərəncama əsasən, başqa ölkələrin gömrük orqanları ilə məlumat mübadiləsinin həyata keçirilməsi işinin təşkili məqsədilə bir sıra ölkələrlə müqavilələr imzalanıb və bu proses davam etdirilir. Nəzərə alsaq ki, bundan sonra bütün bəyannamələr elektron formada təqdim olunacaq, o zaman qısa müddətdə gömrük sistemində əsaslı dəyişiklərə təkan veriləcəyini, müəyyən neqativ halların və  bürokratik əngəllərin qarşısının alınacağını əminliklə deyə bilərik.