KÖŞƏ

Sevinc Mürvətqızı

Sarkisyan ümidini muzdlulara bağlayıb

26 may 2016 14:14
1517

İşğalçı Ermənistan müharibə fobiyasından çıxa bilmir

Ermənistandakı mövcud durum ilk növbədə belə qənaətə gəlməyə zəmin yaradır ki, bu gün hakimiyyətdə olan  Serj Sarkisyan iqtidarı Azərbaycan Ordusunun öz torpaqlarını işğaldan azad edəcəyindən narahatdır. Xüsusilə aprel əməliyyatlarının ardınca Ermənistanda əsgər və zabit heyətindəki problemlər qabarıq şəkildə özünü büruzə verdi. Ona görə də Sarkisyan bu yöndə ciddi islahatlar aparmağa məcbur olub. Belə  ki, Sarkisyan köhnəlmiş, sovetdənqalma hərbi texnikanı yeniləməklə yanaşı, zabit və əsgər heyətində də çatışmazlıqları aradan qaldırmağa yönəlik addımlar atır. 

Serj Sarkisyanın “ideyası” nəticəsiz qaldı

Aprel əməliyyatları başlayar-başlamaz birinci Qarabağ savaşında Azərbaycana qarşı döyüşmüş qoca, əldən düşmüş  insanları orduya cəlb edən Serj Sarkisyan hakimiyyəti bu ideyanın da nəticəsiz qaldığını gördü. Xatırlatmaq yerinə düşər ki, məhz həmin zaman işğal olunmuş ərazilərə səfərbər olunan qocalar hərbi əməliyyatlara qoşulmaq yerinə kef məclisləri təşkil edib, əyyaşlıqla məşğul olublar. Hətta bəzi ərazilərdə mülki vətəndaşlarla onlar arasında qarşıdurmalar da yaşanmışdı. Bu da onu deməyə əsas verir ki, Sarkisyanın “ideyası” özünü doğrultmamış qaldı.

Erməni legionunun hazırlanmasında başqa hansı maraq ola bilər?

Bundan sonra işğalçı Ermənistan rəhbərliyi ümidini xaricdə yaşayan ermənilərə bağladı. Bəlli oldu ki, Sarkisyan Amerikada yaşayan erməni muzdlularının ordumuza qarşı döyüşmələri üçün Qarabağa gəlmələrini istəyir. Sözügedən fakt “İntellinews” saytının Azərbaycanın işğal olunmuş ərazilərindən hazırladığı reportajdan sonra üzə çıxıb. Həmin reportajda bildirilir ki, aprel döyüşlərindən sonra bölgəyə xaricdən ermənilər gəlib. Qeyd olunub ki, Qarabağa gələnlər arasında Amerika erməni legionunun (American Armenain Legion) üzvləri də var.

Xatırladaq ki, bu günlərdə Türkiyədə nəşr edilən “Sabah” qəzetində ABŞ-dakı erməni legionu haqqında informasiyalar yayılmışdı. Adıçəkilən nəşr Türkiyə kəşfiyyatındakı mənbəyə istinadən xəbər verirdi ki, MİT (Türkiyənin kəşfiyyat təşkilatı) erməni legionunun təlimlərini əks etdirən fotofraqmentlər əldə edib. Onlar Kaliforniya (ABŞ-da ermənilərin ən sıx yaşadığı ştat) yaxınlığında yaradılan xüsusi düşərgədə təlim keçirlər.

Bu həmin legion haqqında son məlumat deyil. Belə ki, Rusiyanın “Oxitmity” saytının erməni yazarı Vaqram Aqajanyan yazısında erməni legionuna dair məlumatlar barədə qeydlər edərək yazıb ki, onlar ABŞ ordusunun dəniz piyada qoşununun keçmiş zabitlərinin rəhbərliyi altında məxfi hazırlıq keçirlər və erməni legionunda bir neçə min döyüşçü cəmləşib.

Söz yox ki, bütün bunlar Ermənistan hakimiyyətinin öz torpaqlarını işğaldan azad etməyə qadir Azərbaycan Ordusunun gücü qarşısındakı acizliyinin, qorxaqlığının bariz nümunələridir. Sual oluna bilər ki, məgər Ermənistan öz ordusuna güvənmir ki, ABŞ-da əlavə erməni legionunu təlim etdirir? Bu faktın özü Ermənistanın işğalçılıq və təcavüzkar siyasətinin davam etdiriləcəyi barədə sübutları ortaya qoymurmu? Erməni legionunun hazırlanmasında başqa hansı maraq ola bilər?

Samvel Babayan ermənilər tərəfindən “qəhrəman” kimi qarşılansa da...

Daha bir ilginc məqam da diqqətdən yayınmayıb. Bu dəfə isə Sarkisyana yaxınlığı ilə seçilən erməni KİV-ləri məğlub vəziyyəti pərdələməkdən ötrü əsl erməni bicliyinə əl atıblar desək yanılmarıq. Növbəti xəbərlər sırasında qondarma “DQR”-in ilk “müdafiə naziri” Samvel Babayanın Ermənistana döndüyü bildirilir. Bu barədə yazan “armtoday” agentliyi xəbər verir ki, onun işğalçı ölkəyə dönüşü “vətəndaş təşəbbüsü” sayəsində baş tutub. Qeyd edək ki, Qarabağ döyüşləri zamanı mülki azərbaycanlılara qarşı xüsusi qəddarlığı ilə seçilən Samvel Babayan ermənilər tərəfindən “qəhrəman” kimi qarşılanır. Digər bir qisim ermənilər isə onun haqqında heç də xoşagələn fikirlər söyləmirlər. Həmin Samvel Babayan separatçı rejimdə “müdafiə naziri” vəzifəsində olarkən erməni əhalisinə qarşı repressiyalar tətbiq edir, ailələrdə yaşayan gənc qızları oğurlatdırır, müxtəlif cinayətlər törədirdi. İndi isə “armtoday” saytı aprel döyüşlərindən sonra məlğub vəziyyəti pərdələməkdən ötrü yazır ki, Samvel Babayanın “təcrübəsi” bu gün də erməni ordusuna lazımdır və ona görə də son illər daimi yaşayış yeri olan Moskvadan İrəvana geri dönüb.

Sarkisyan özünə məzar sifariş edib

Göründüyü kimi, Sarkisyan öz başını o qədər itirib ki, hətta Ermənistan əhalisinə inamsızlığını aşkar şəkildə etiraf edir. Ümidini muzdlulara bağlayan erməni prezident yəqin ki, növbəti dəfə səhv nəticə çıxardığını da anlayacaq. Əlbəttə ki, Azərbaycanla kompromisə getməsə, danışıqlar prosesini pozsa, ölkəmiz işğal altındakı ərazilərimizi hansı yolla olursa-olsun geri qaytarmağa məcbur qalacaq. Bax, onda nə legionerlər, nə də qoca “könüllülər” ona dayaq ola biləcəklər. Əksinə, onsuz da viran qalmış Ermənistanı və separatçı “DQR”-i birdəfəlik itirib, həmin torpaqları özlərinə məzar seçəcəklər. Yəqin Serj Sarkisyan da özünə məzar yeri sifariş edib...