Vəli İlyasov |
Bir neçə gün əvvəl Müsavat Partiyasının sabiq və indiki başqanları olan İsa Qəmbər və Arif Hacılı respublikanın Baş Prokurorluğuna çağırılaraq dindiriliblər. Mətbuatda yayılan xəbərlərdə bildirilir ki, dindirilmənin predmeti həmin şəxslərin saxta sənədlər verərək əsasən gənclərin ölkədən “siyasi mühacir” kimi getmələrinə şərait yaratmaları olub. Ancaq eks və hazırkı başqanlar çağırışın səbəblərini başqa səmtə yönəltməyə cəhd göstəriblər.
Qeyd etmək lazımdır ki, Müsavat Partiyasında bir neçə funksionerin adı əvvəllər də “mühacir biznesi”ndə hallanmış, lakin sonralar mövzu qapanmışdı. Məlum olmuşdu ki, bu biznesə girməyə başqaları da can atır. “Yurd” sədri Əli Kərimlinin kənardan apardığı müşahidələri onu bu biznesə cəlb edirdi. Başa düşürdü ki, həmin biznesdən yaxşı pul qazanmaq mümkündür. Ona görə də müsavatçılara yaxınlaşıb yarınaraq orada özünə yer edəndən sonra fikrini dəyişib xeyirxahlarına xəyanət hazırladı. Məqsəd bu biznesə şəriksiz sahib olmaq idi. Hiss olunmayacaq dərəcədə müsavatçıları sıxışdırıb alveri öz əlində cəmlədikdən sonra Əli Kərimli onlara dirsək göstərib bu işdən uzaqlaşdırdı.
On beş ildir ki, “mühacir alveri” “yapan” “Yurd” sədri kifayət qədər var-dövlətə yiyələnib. O, daha on beş il əvvəlki kasıb funksioner deyil, indi o” bazarın” dəllalından “xaç atası”na çevrilib. Keçən müddətdə onun saxta sənədlərlə Gürcüstandan keçməklə Avropaya “siyasi mühacir”lər çıxardığı faktlarla da sübut olunub. “Yurd” sədrinin “miqrant alverini” ifşa edən səs yazıları və digər faktlar ictimailəşdirilib. Ancaq cibinə axan külli miqdarda pullar onu elə şirnikləndirib ki, hər ifşanı və rüsvayçılığı qəbul edir. Hətta onunla bu işdə ortaq olan bir sıra araşdırmaçı jurnalistlər Avropa İttifaqının (Aİ) Bakıdakı Nümayəndəliyinə gedərək Əli Kərimlinin korrupsioner əməllərini açıb tökmüşdülər. Səbəbi o idi ki, Əli Kərimli onlarla şərik olmaq istəmirdi. Aİ “Yurd” sədrinə ayrılan maddi vəsaitləri kəsdi, elə buna görə də maliyyəsiz qalan “Azadlıq” qəzeti bağlandı. “Mən salim olum, cümlə-cahan batsa da batsın” prinsipi ilə yaşayan Əli Kərimli bunun üçün heç narahat da olmadı. Nəyinsə bağlanmağı, kimlərinsə işsiz qalmağı onu düşündürmədi.
“Bazarı” genişləndirmək, bununla da gəlirləri xeyli artırmaq üçün ayrıca şəbəkəyə ehtiyac duyulduğunu görən Əli Kərimli oraya ən yaxın adamlarını, o cümlədən oğlu Türkeli və Qənimət Zahidi də qoşaraq Fransanın Strasburq şəhərində “Azerbayjan needs democracy”-(“Azərbaycan naminə demokratiya”) AND adlı təşkilat yaradıb. Orada çalışanların vəzifəsi Əli Kərimlinin “siyasi miqrant” statusu verib göndərdiyi adamları yerləşdirməkdir. Əsas məsələləri isə burada Əli Kərimli özü həll edir. Xarici ölkələrdə yaşamağa və işləməyə getmək niyyətində olanları şirnikdirici təkliflərlə cəlb edən “Yurd”çular onların hər birindən 3 min avro və ya dollar pul alaraq müqabilində saxta sənədlər tərtib edirlər. Həmin şəxslərə “müxalifətçi” adı ilə bərabər “siyasi mühacir” statusu verilərək Strasburqdakı qərargaha göndərilir. Orada onları qarşılayanlar isə dediyimiz kimi, öz işlərini bilirlər.
Bütün bu işlərin görülməsində Əli Kərimliyə “Milli Şura” sədri Cəmil Həsənli canıyananlıqla kömək edir. Ona görə də Əli Kərimlinin “mühacir biznesi”ndən əldə edilən pullardan ona da “görüm-baxım” olunur. Bu səbəbdəndir ki, “Milli Şura”nı “Yurd”un bir bölməsinə, Cəmil Həsənlini isə Əli Kərimlinin köməkçisinə bənzədirlər. Həqiqəti əks etdirən bənzətmədir. Artıq hamıya məlumdur ki, Əli Kərimlinin “mühacir bazarı”nın “intişar” tapmasında Cəmil Həsənlinin böyük əməyi var. Hətta bəzən Əli Kərimlinin səlahiyyətli mümayəndəsi rolunda onu əvəz edir. Məsələn, Strasburqda AND-ın təsis yığıncağına Əli Kərimlinin əvəzinə “Milli Şura” sədri getmişdi və s. Amma unutmaq olmaz ki, Əli Kərimli də elə Əli Kərimlidir, onun ipinin üstünə odun yığmalı deyil...