KÖŞƏ

Vəli İlyasov

Ə.Kərimlinin baykot “taktikası”

02 mart 2018 22:34
4113

Ölkəmizdə prezident seçkiləri yaxınlaşdıqca dağıdıcı müxalifət düşərgəsində gərginlik daha da artır. Hər birinin ətrafında on beş-iyirmi nəfər olan “rəhbərciklər” ora-bura vurnuxaraq imitasiya ilə məşğul olur, heç özləri də nə etdiklərini bilmirlər. Bu işdə “ana” müxalifət iddiasında olan və parçalanmış AXCP-nin bir qanadının başçısı Əli Kərimli dağıdıcıların oynadıqları gülünc səhnəciklərdə baş rolların ifaçısıdır. O, dəstəsinin seçkilərdə iştirak etməyəcəyini və xalqın yekdilliklə iştirak edəcəyi bir mühüm siyasi kampaniyanı boykot edəcəyini bildirib.

Əli Kərimli onun bu ideyasına kimsənin reaksiya verməməsinə və ona qoşulmamasına yəqinlik hasil edəndən sonra başa düşüb ki, bu rüsvayçılığı tək öz üzərinə götürməsin. Yəni başqalarını da boykota cəlb etməklə həm ətrafındakıları sakitləşdirsin, həm də biabırçılıqda şərikləri olsun, necə deyərlər, cəhənnəmə gedən yoldaşını özündən də çox istəyər.

Ancaq bunlar Əlinin yalnız özünü aldadan illüziyalarıdır. Çünki onun boykot çağırışına hələ ki, Müsavatdan başqa qoşulan yoxdur. Opponentlərinin bir qismi AXCP-nin bu barədəki müraciətini dərhal rədd ediblər. Qalan partiyalar hələ götür-qoy etdiklərini bildiriblər. Hətta bəziləri birbaşa cavab veriblər ki, onlar prezident seçkilərindən kənarda qalmayacaq və öz qüvvələrini sınayacaqlar, yəni boykot onlara heç nə vermir. Bu fikir boykot yolu seçmiş Müsavatın öz daxilində birmənaı qarşılanmayıb və bu qərardan narazılar getdikcə artır

Qeyd edək ki,  AXCP-nin və onun bir “şöbəsi” olan “Milli Şura”nın qəbul etdikləri boykot qərarı ictimaiyyət tərəfindən ciddi narazılıqla qarşılanıb. Ona görə də qətiyyətlə demək olar ki, boykot tərəfdarları cəmiyyətin qınağına tuş gələcəklər.

Əli Kərimli və ona züy tutan Müsavat başqanı Arif Hacılı ilə “Milli Şura” sədri Cəmil Həsənli indi pis vəziyyətdə qalıblar. Bundan çıxış yolunu birləşmiş mitinq keçirməkdə görən bu “rəhbərciklər” xarici ağalarına göstərmək istəyirlər ki, iqtidara qarşı çıxan yalnız onlardır. Əlbəttə, bilirlər ki, bu “xidmət”in qarşılığında külli miqdarda pul durub. Bu səbəbdən də etiraz mitinqinə daha çox iştirakçı cəlb etməyə çalışırlar. Ancaq onların bu niyyətləri baş tutmur. Siyasətdən uzaq olanların bu meydana girməsi və at oynatmağa çalışması cəmiyyətdə lap əvvəldən allergeya yaradır.

Bu günlərdə AXCP sədri Əli Kərimlinin əmisi oğlu Nuhəli Kərimov redaksiyamıza gəlmişdi. O, dedi ki, bizim tayfanın ağsaqqalları Əliyə dəfələrlə məsləhət gördülər ki, siyasətdən geri çəkilsin, bu meydan onun meydanı deyil. Onlar nə qədər təkid etsələr də ancaq Əli heç kimin sözünü eşitmədi.

Nuhəli müəllim təəssüflə bildirdi ki, görünür pul, mənsəb hərisliyi Əlinin gözünü elə tutub ki, heç kəsi eşitmək belə istəmir. Yoxsa gedib doğulub böyüdüyü kənddə işləyib halal çörək qazanardı, bu qədər təhiz-töhmət qazanmazdı. Ancaq pul düşkünü olduğuna görə  bu yolda hətta xalqını belə satmaqdan çəkinmir. Bu yerdə rəhmətlik Mirzə Ələkbər Sabirin “Satıram” şeirindən bir misra yada düşür: “Kimə nə dəxli ki, hər şey satıram.”