KÖŞƏ

Əhməd Qurbanoğlu
[email protected]

AŞPA-nın üzü və astarı

01 fevral 2024 00:21
2917

Günün nəbzi

Bu qurumun tərkibində Azərbaycana qarşı çox sərt davranılır. Bunun səbəbi nədir? Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. O vaxtdan Azərbaycanda vəziyyət heç də pisləşməyib. Dəyişən yalnız Azərbaycanın qanuni sərhədlərini bərpa etməsi olub

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ikinci günündə Azərbaycan nümayəndə heyətinin bəyanat verərək AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq barədə qərarını açıqlayıb iclas zalını tərk etməsindən, yalnız bundan sonra qurumun bizim deputatların 2025-ci ilin yanvar sessiyasına qədər səsvermə hüququnun məhdudlaşdırılmasına dair “daldan atılan daş” effektli 15898 saylı qətnaməni təsdiqləməsindən bir həftədən artıq vaxt keçməsinə baxmayaraq, məsələ ətrafında qızğın mübahisələr, debatlar, müzakirələr səngimək bilmir. Bu mübahisələrə, debatlara, müzakirələrə toxunmamışdan öncə gəlin görək AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiq etməmək barədə qətnamə layihəsini gündəliyə salarkən bütün prosedur qaydalara əməl edibmi? Başqa sözlə, Assambleya tərəfindən qətnamənin təsdiqi bir yana qalsın, ən azından məsələ müzakirəyə çıxarılarkən 1949-cu il avqustun 10-da Avropa Şurasının parlament qolu funksiyasını yerinə yetirmək məqsədilə təsis olunmuş bu qurumun özünün rəsmi sənədlərində əksini tapmış insan hüquqları, demokratiya və qanunun aliliyi prinsiplərinə nə dərəcədə əsaslanılıb? Bəri başdan deyək ki, şübhəsiz, bu gün Avropa Şurasının 46 üzv dövlətinin milli parlamentlərini təmsil edən 306 deputatdan təşkil olunmuş Assambleya sözügedən qətnaməni qəbul edərkən beynəlxalq hüququn fundamental tələblərinə, yuxarıda qeyd etdiyimiz kimi, özünün rəsmi sənədlərində əksini tapmış prinsiplərə əsaslansaydı bu dərəcədə sərt tənqidlərə, tənələrə, qınaqlara tuş gəlməz, üzdəniraq “sənəd” belə geniş ajiotaj doğurmazdı.

Elə ilk baxışdaca diqqəti cəlb edən əsas məqam odur ki, AŞPA rəhbərliyi, xüsusilə lazımsız kağız parçasından artıq dəyəri olmayan qətnamə layihəsinin müəllifi, üzdəniraq almaniyalı deputat Frank Şvabe “sənəd”in qəbulunu şərtləndirən amilləri sadalayarkən Azərbaycan tərəfinin guya Avropa Şurasına üzv qəbul olunarkən götürdüyü öhdəlikləri yerinə yetirməməsini xüsusi qabardıb. Amma, gəlin açıq danışaq. Onun nəyi necə və hansı formada qabartmasından asılı olmayaraq bilənlər bilir ki, əsl sifətini insan hüquqları, demokratiya, qanunun aliliyi kimi pafoslu ibarələrlə örtən AŞPA-nın hər vasitə ilə gizlətməyə çalışdığı astar üzündə siyasi korrupsiya, xristian təəssübkeşliyi, “onlardan olmayanlara” etnik və dini nifrət, ikili standartlar, təkəbbürlülük, şovinizm, Azərbaycanofobiya, İslamofobiya kimi onun özünün iflasını sürətləndirən təhlükəli tendensiyalar lövbər salıb.

AŞPA-nın son anti-Azərbaycan davranışlarını təhlil edərkən ilk növbədə göz önünə bu qurumun rəsmi sənədlərində əks olunmuş üç əsas prinsipdən birincisi, yəni, insan hüquqları məsələsi gəlir. Üzdəniraq qətnamənin “canına”, “ruhuna” yamaq kimi calaq edilən Azərbaycanda “siyasi məhbus”ların mövcudluğu və fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə AŞPA müşahidəçilərinin dəvət edilməməsi kimi absurd iddiaları çıxmaq şərtilə “sənəd”in mayası başdan-ayağa erməni təəssübkeşliyi, erməni sevgisi, erməni tərəfkeşliyi ilə yoğrulub desək, şübhəsiz, səhv etmərik. Özünü Avropa məkanında haqqın, ədalətin, insan hüquq və azadlıqlarının, demokratiyanın. qanunun aliliyinin qarantı kimi təqdim edən AŞPA-nın utanıb-qızarmadan, abır-həya gözləmədən Azərbaycan hakimiyyətini “etnik təmizləmədə”, “100 mindən artıq Qarabağ ermənilərini zorakılaqla qovmaqda”, “dini dözümsüzlükdə” ittiham etməsi absurd olduğu qədər də gülüncdür. Bu absurd və sərsəm fikirlər o qurumun tribunasından uca səslə bəyan edilir ki, bizim nümayəndə heyətimiz ötən 23 ildə məhz bu tribunadan ən azı yüz dəfələrlə daşdan keçən faktlar və sübutlar əsasında 1988-1989-cu illərdə 300 minə yaxın azərbaycanlının indi Ermənistan adlanan tarixi torpaqlarımızdan son nəfərinə qədər ən vəhşi və qeyri-insani üsullarla qovulduğunu, 30 ilə yaxın erməni hərbi birləşmələrinin işğalı altında olmuş Qarabağda və Şərqi Zəngəzurda bu vandal toplumun törətdiyi soyqırımı və qətliamları, Azərbaycan və İslam mədəniyyətinə aid abidlərin yerlə-yeksan edilməsini avropalı deputatların kar qulaqlarına çatdırmağa çalışmışdır. Hələ onu demirik ki, bizim millət vəkillərimiz AŞPA rəhbərliyinə və deputatlarına ən azı on dəfələrlə yazılı və şifahi müraciətlər edib vaxtilə Ermənistanda yaşamış azərbaycanlılara məxsus tarixi və mədəni abidələrin hazırkı vəziyyətini, eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurdakı maddi-mədəniyyət nümunələrimizin durumunu öz gözləri ilə görüb işğalçıya təsir göstərməyi tələb etsələr də, daim haqdan-ədalətdən dəm vuran avropalıların eşidən qulaqları kar, görən gözləri kor olaraq qalmışdır. İndi isə bu daltoniklər bütün mənəvi və etik normaları aşaraq Azərbaycan dövlətini “Qarabağın erməni əhalisinin etnik təmizlənməsi”ndə, “AŞPA-nın müşahidə missiyasını Laçın yoluna buraxmamaq”da suçlayır, bütün bunlar azmış kimi, hətta bununla bağlı xüsusi qətnamə də qəbul edirlər. Fikrimizcə, AŞPA-dakı Ukrayna nümayəndə heyətinin üzvü Aleksiy Qonçarenkonun məlum müzakirələr zamanı çıxışında yazının yarımsərlövhəsinə çıxardığımız aşağıdakı sözlər ötən onilliklər ərzində bu qurumun astar qatında məharətlə gizlədilmiş əsl siması(zlığı)nı tam çılpaqlığı ilə günəş işığına çıxarır: “Bu qurumun tərkibində Azərbaycana qarşı çox sərt davranılır. Bunun səbəbi nədir? Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. O vaxtdan Azərbaycanda vəziyyət heç də pisləşməyib. Dəyişən yalnız Azərbaycanın qanuni sərhədlərini bərpa etməsi olub.”

Bəli, tamamilə doğru buyurur ukraynalı deputat. Əslində, “Dəyişən yalnız Azərbaycanın qanuni sərhədlərini bərpa etməsi olub" fikri müzakirələr zamanı Assambleya rəhbərliyinin və əksər üzdəniraq deputatların addımbaşı “demokratiya”, “insan haqları”, “qanunun aliliyi”. “etnik təmizləmə” və sair kimi bəlağətli ibarələrlə pərdələnmiş çıxışlarında Azərbaycana qarşı total hücumların əsl məqsəd və məramını ifşa edir.

Başqa bir daşdan keçən ifşaedici fakt. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin müxalifətdən olan üzvü Erkin Qədirli məsələyə münasibət bildirərkən nə qədər müxalif mövqe sərgiləməyə çalışsa da AŞPA-da ölkəmizin Vətən müharibəsində Qələbəsini həzm edə bilməyənlərin çox olduğunu etiraf etməyə məcbur olub: “Qarabağda ermənilər yaşadığı müddətdə Qələbəmizə dözümlü yanaşırdılar. Hətta rus sülhməramlılarının gəlişini alqışlayanlar var idi. Sentyabrda keçirilən antiterror tədbirlərini, ardınca ermənilərin Qarabağı tərk etmək qərarını həzm edə bilmədilər. Bu, onların iç üzünü göstərdi. Ötən il iki qətnamə qəbul edildi. Öncə Laçın yolu, daha sonra Ağdam yolu ilə bağlı ittihamlar səsləndi. Heç bir haqlı arqumentimizi qəbul etmirdilər. İkinci biabırçı qətnaməyə 60-dan çox düzəliş verdik.” E.Qədirli bildirib ki, qərarın qəbul edilməsinin əsas səbəbi növbədənkənar prezident seçkiləri ilə bağlıdır: “ATƏT-in dəvət olunması, Avropa Şurasının isə dəvət olunmaması onları çox acıqlandırıb. Bizə dedilər ki, AŞPA-nın nümayəndə heyətini seçkini müşahidə etmək üçün çağırın, qərarı səsverməyə çıxarmayaq.”

Bax, belə! Demokratiya dəllalları əvvəlcə Azərbaycana bazarlıq təklif ediblər. Görəndə ki, bu iyrənc niyyətləri də baş tutmur qətnamənin müəllifi Frank Şvabenin dili ilə Azərbaycan hakimiyyətini şantaj etmək üsuluna keçiblər. Mənliyini və vicdanını erməni konyakının “ləzzətinə” satmış bu üzdəniraq deputat isə utanıb-qızarmadan iddia edib ki, bəs deməzsən “Azərbaycana prezident seçkiləri üçün pulla satın alınmış çoxlu müşahidəçilər dəvət olunub.” Belə yerdə Azərbaycanın “Pişiyin ağzı ətə çatmayanda deyər ki, murdardır” məşhur atalar məsəlini xatırlamamaq olmur.

Bütün bunlardan sonra bir daha aydın olur ki, xalqımıza və dövlətimizə qənim kəsilmiş Avropanın öndə gedən erməni dəstəkçilərinin, xüsusilə Fransa, Almaniya kimi dövlətlərin neokolonialist təfəkkürlü rəhbərlərinin, onların oyuncağına çevrilmiş AŞPA-nın, Avropa İttifaqının, Avropa Parlamentinin, necə deyərlər, yuxularını ərşə çəkən, gözlərinə ox olub batan Azərbaycanın Cənubi Qafqazın lider dövləti statusuna sahib olmasıdır. Başqa sözlə ifadə etməli olsaq, bu ermənipərəst dövlətlər və beynəlxalq təşkilatlar 2020-ci ilin 44 günlük İkinci Qarabağ müharibəsindən Zəfərlə çıxıb torpaq bütövlüyünü bərpa edən, 2023-cü ilin sentyabrında Qarabağ iqtisadi rayonunda birgünlük mükəmməl antiterror tədbirləri nəticəsində ərazisindəki terrorçu separatizm yuvasını dağıdaraq bütün ölkə ərazisində tam suverenliyinə nail olan Azərbaycanın uğurlarını heç cür həzm edə bilmirlər. Necə həzm etsinlər! Axı, sözügedən qətnaməni hazırlayıb qəbul edən bu əbləhlərə və onların sifarişçilərinə bütöv, güclü qeyri-xristian Azərbaycan deyil, ərazilərinin 20 faizi sonsuzluğa qədər erməni işğalı altında qalmalı olan zəif Azərbaycan lazım idi! Göründüyü kimi, bu alçaq niyyətləri də baş tutmadı! Başqa sözlə, beynəlxalq erməni lobbisinin dəyənəyi funksiyasını yerinə yetirən anti-Azərbaycan dairələr əvvəllər olduğu kimi, bu dəfə də gümanlarında yanıldılar. Real gücə, xalqın dəstəyinə arxalanan Azərbaycan hakimiyyəti isə qətiyyətli addımları ilə növbəti dəfə onunla diktə, şantaj və təhdid dilində danışmağın qeyri-mümkünlüyünü sübut etdi!