![]() |
Zahid Rza |
Formula-1 yarışları ərəfəsində erməni lobbisinin, antiazərbaycan dairələrin maşası olan antimilli ünsürlərin, bəzi müxalifət partiyalarının “lider”lərinin və onların inhisarında olan mətbuat orqanlarındakı muzdlu nökərlərin ölkəmizin əleyhinə fəaliyyəti insanda ikrah hissi yaradır. Ancaq son günlər baş verənlər həmin üzdəniraq qaragüruhun əməllərinə işıq saldı və bu simasızlıq tam çılpaqlığı ilə ortaya çıxdı. Birbaşa AXCP sədri Əli Kərimlinin “qulluğunda” dayanan, onun sifarişlərini yerinə yetirərək, bu zatın redaktəsi olmadan işıq üzü görməyən “Azadlıq” qəzeti, Ə.Kərimlinin təbliğatını aparan və onların cərgəsində yer alan bəzi internet media orqanları o simasızlığın düz mərkəzində dayandılar desək, heç də səhv etmərik. Aprel döyüşləri zamanı ordumuz erməni hərbi biləşmələrini darmadağın edəndə də həmin media orqanlarının “jurnalistləri” yenə öz təxribatçı əməllərini davam etdirdilər. Onlar ölkə qanunlarına məhəl qoymadan, qeyri-peşəkarcasına ağızlarına gələni yazır, “şərhlər” verir, bəzi “ekspertlər”in hərzə-hədyan açıqlamalarını öz səhifələrində tirajlayırdılar.
Həmişə obyektivlikdən, peşəkarlıqdan dəm vuran bu saxta “demokratlar” nədənsə mətbuatın, qəzetçiliyin bu kimi əsas kriteriyalarına əməl etmirlər. Daha doğrusu, bu kriteriyalar onlara sərf etmir. Ölkədəki demokratik şəraitdən, söz, mətbuat azadlığından sui-istifadə edən “Azadlıq”çıların qələmindən ancaq zəhər-zəmbərək iftiralar, şər-böhtan, əsassız ittihamlar tökülür. Milli maraqlardan, erməni işğalından, bir milyona yaxın qaçqın və məcburi köçkünün problemlərindən söhbət düşəndə isə belələri dərhal qeybə çəkilirlər. Özü də elə itirlər ki, onları gündüzün günortasında çıraqla axtarsan belə tapa bilməzsən.
Ancaq üzdəniraqlar unudurlar ki, tutduqları düzgün yol deyil. Müxaləfətçilik belə olmur. Mənəvi-psixoloji burulğanlar girdabında çırpınan belələri nədənsə hər şeydən əvvəl vətəndaşlıq borclarını “yaddan çıxarırlar”. Bu marginallar unudurlar ki, antiazərbaycan dairələrin qrant paylayan üfunətli ofislərinin mərmər döşəmələri üstündə gəzib tula payı almaqla, yallanmaqla heç nəyə nail ola bilməyəcklər. Belələri bilməlidirlər ki, Vətənin halal çörəyinə kəm baxıb, özgənin (həm də düşmənin) yalı ilə bəslənənləri tarix heç vaxt unutmur, xalq yaddan çıxarmır və həmişə lənətlə xatırlayır.