![]() |
Zahid Rza |
Tarixin hansı səhifəsini çevirsək, işğalçının sonunun faciə ilə bitdiyinin şahidi oluruq. Ötən əsrin 90-cı illərindən başlayaraq əbədi və əzəli torpağımız olan Dağlıq Qarabağı və onun ətraf rayonlarını havadarlarının yardımı ilə işğalda saxlayan, ruhundan tutmuş sümüyünə, iliyinə qədər türk-müsəlman düşmənçiliyi ilə zəhərlənmiş erməni daşnak millətçilərinin sonu da belə olacaq. Bu, artıq qaçılmazdır.
Məsələ orasındadır ki, bunu avtoritar və işğalçı rejimdən cana doymuş, aclıq, səfalət girdabında boğulan sadə Ermənistan vətəndaşları deyirlər. Gündəlik erməni mətbuatının səhifələrində tanınmış politoloqların, analitiklərin açıqlamlarından bəlli olur ki, Ermənistan bu müharibəni uduzub. Onlar gündən-günə güclənən, regionun ən qüdrətli dövlətinə çevrilən Azərbaycanın gücünü etiraf edərək bildirirlər ki, Ermənistanın yalnız bir yolu var: işğaldan əl çəkmək, və torpaqları qısa zaman kəsiyində öz sahibinə-Azərbaycana qaytarmaq.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasının xarici siyasətimizin əsas hədəfi olduğunu dəfələrlə bəyan edən Prezident İlham Əliyev torpaqlarımız işğal altında qaldıqca, müharibə bitmiş sayılmayacaq. Ermənistan müharibənin ikinci mərhələsinin başlamasını istəmirsə, işğal etdiyi torpaqlardan xoşluqla çıxsın: “Biz həmsədr ölkələrdən etimad tədbirləri haqqında dəfələrlə eşidirik. Ən gözəl etimad tədbiri erməni işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılmasıdır. Nə qədər ki, torpaqlarımız işğal altındadır, müharibə bitmiş hesab oluna bilməz. Mən dəfələrlə demişəm ki, müharibə davam edir. Müharibənin birinci mərhələsi başa çatıb. Ermənistan istəmirsə ki, ikinci mərhələ başlasın, onda düzgün nəticə çıxarsın, işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxsın. Bəlkə o vaxt gələcəkdə müstəqil erməni dövləti xəritədə qala bilər. Əslində bu gün də erməni dövlətini müstəqil adlandırmaq olmaz. Biz bundan sonra da münaqişənin həlli işində prinsipial mövqeyimizdən dönməyəcəyik və bütün imkanlardan istifadə edib Ermənistanı işğalçı, kriminal ölkə kimi ifşa edəcəyik”.
Ermənistanın müstəqil dövlət olmadığını və bir müddət bundan əvvəl Astanada Avrasiya İqtisadi Birliyinin yaradılması ilə bağlı keçirilən imzalama mərasimində Serj Sarkisyanın rəzil duruma düşməsinə münasibət bildirən erməni politoloq Artur Sakunts bildirib ki, onların (AİB) gələcək niyyəti Sarkisyandan attaşe kimi istifadə etməkdir: “Təəssüf ki, Ermənistan bu proseslərdə heç bir rola malik deyil. Ermənistanın bu ittifaqda rolu Kalininqrad regionunun statusundan artıq deyil”.
Tanınmış gürcü ekspert, “Georgia Online” portalının baş redaktoru Qoça Qvaramiya deyib ki, başqa dövlətlərin əsiri olan Ermənistan anlamalıdır ki, Dağlıq Qarabağın Azərbaycan torpağı olması aksiomadır: “Ermənilər bilməlidirlər ki, Azərbaycanın beynəlxalq aləmdə tanınan sərhədlərinin Ermənistan tərəfindən dəyişdirilməsini heç bir dövlət tanımayacaq, bütün dövlətlər Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu, Ermənistanda nə qədər tez başa düşülsə, bir o qədər tez sülh əldə olunar. Bu ərazi Azərbaycanındır və həmişə Azərbaycanın olaraq qalacaq. Bu, faktdır, siyasi aksiomadır! Ermənistan bununla barışmalıdır”.
Göründüyü kimi, işğalçı Ermənistan hərətərfli uduzub. Buna görə bu təcavüzkar dövlət, daha doğrusu forpost işğala son qoyaraq qısa müddətdə torpaqlarımızı qaytarmalıdır ki, ölkə başçısı İlham Əliyevin dediyi kimi, bir dövlət olaraq xəritədə qala bilsin. Vaxt azdır, zaman isə Ermənistanın ziyanına işləyir.