KÖŞƏ

Vəli İlyasov

Həmsədrlər regiona yeni təkliflərlə gələcəklər

31 yanvar 2018 22:50
2932

Ermənistan-Azərbaycan, Dağlııq Qarabağ münaqişəsinin dinc yolla  nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri fevralın əvvəllərində regiona səfərə gələcəklər. Bu barədə mətbuata Minsk qrupunun rusiyalı həmsədri İqor Popov məlumat verib. Rusiyalı diplomat səfər çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri ilə görüşəcəklərini də bildirib.

Həmsədrlər bu dəfəki səfərlərində münaqişə tərəflərinə yeni həll variantları təqdim edəcəklərini açıqlayıblar. Səfərin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Polşada keçirilən görüşlərində Minsk qrupunun tərəflərə təqdim etdiyi variant üzərində danışıqların intensivlışdirilməsinə xidmət etdiyi xüsusi vurğulanır.

 Yeni təkliflərin detalları mətbuata açıqlanmasa da, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov erməni həmkarı Edvard Nalbandyanla görüşündən sonra həmsədrlərin kreativ təkliflər irəli sürdüyünü söyləyib.

Ancaq Ermənistan prezidenti Serj Sarkisyanın son davranışları  deməyə əsas verir ki, o heç də münaqişənin ədalətlə həll olunmasına tərəfdar deyil. Bir neçə gün əvvəl Avropa Şurasının qış sessiyasındakı aqressiv çıxışı ilə Serj Sarkisyan həm özünü ifşa etdi, həm uzun illər davam edən bu münaqişənin həllinə hazır olmadığını ortaya qoydu. Doğrudur, sesiyada Azərbaycan nümayəndə heyətinin üzvləri Sarkisyanın cavabını verib yerində oturtdular. Ancaq sessiyadakı çıxışında o yenə davakar mövqe tutduğunu göstərdi. Ermənistan prezidenti özünü nə qədər “sığortalamağa” çalışsa da artıq Avropada kimin işğalçı, kimin işğala məruz qaldığını bilirlər. Azərbaycan  apardığı fəal siyasət və təbliğat nəticəsində Ermənistan bu gün “informasiya müharibəsində” məğlub durumdadır. Qeyd etmək lazımdır ki, artıq nüfuzlu beynəlxalq təşkilatlarda Ermənistanın mövqeləri laxlamaqda davam edir və ona təzyiqlər artır. Məsələn, 2018-ci ildə  ATƏT-ə sədrlik edən  İtaliyanın  xarici işlər naziri Ancelino Alfano  ilk  bəyanatında bildirib ki, bütün münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə dəstək verəcək. Belə mövqe Azərbaycanın milli maraqlarına uyğundur.

 Siyasi şərhçilərin ehtimalına görə,  ATƏT sədrinin  həmsədr ölkə kimi Rusiyadan Ermənistanın sabotaj xarakterli addımlarına son qoymasını tələb etmək niyyəti də var. Hesab edilir ki, Ermənistanın yaratdığı gərginlik Avropanın regionda təhlükəsizlik və enerji maraqlarına tamamilə ziddir. Avropalılar yaxşı bilirlər ki, bir-iki ildən sonra Azərbaycanın təbii qazı sərt qışlarda onları yanacaqla təmin edəcək. Bundan başqa da, bir çox Avropa ölkələri bəzi dövlətlərdən asılılıqdan xilas olacaqlar. Bu səbəbdən  “qoca qitə” ölkələri  Azərbaycanda gərginliyin davam etməsinə razı deyillər. Ona görə də İtaliya çalışacaq ki, ATƏT-ə sədrlik etdiyi  müddətdə Dağlıq Qarabağ münaqişəsinin həllində aparılan danışıqların effektivliyinə sanballı töhfə versin.