KÖŞƏ

Zahid Rza

Paradoks

29 iyun 2016 23:14
809

Dünyanın əsas güc mərkəzlərinin və böyük dövlətlərinin artıq Azərbaycanı Avrasiya məkanında əsas ölkələrdən biri kimi qəbul etməsi danılmaz həqiqətdir. Maraqlıdır ki, həmin qüvvələr bu reallığa  təkcə  qlobal enerji təhlükəsizliyindəki müstəsnalığa görə deyil, başqa prizmalardan da yanaşırlar. Çox haqlı olaraq burada coğrafi, mədəni, siyasi, geosiyasi, hərbi və iqtisadi amilləri də önə çəkirlər.

Cənubi Qafqaz regionunun iqtisadiyyatının 85 faizinə sahiblik edən Azərbaycanın uğurları nüfuzlu beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək dəyərləndirilir. Bu bir tərəfdən ölkənin iqtisadi inkişafının düzgün istiqamətdə aparıldığının təsdiqi, digər tərəfdən isə xarici sərmayədarlar üçün bir fəaliyyət istiqamətinin göstəricisidir desək, yanılmarıq. “Moodys”, “Fitch Raitings”, “Standard and Poors” kimi aparıcı reytinq agentlikləri hətta inkişaf etmiş ölkələrin maliyyə reytinqini aşağı saldıqları halda, Azərbaycanın maliyyə reytinqini daim ardıcıl olaraq yüksəldirlər. Azərbaycan BMT-nin İnkişaf Proqramının insan kapitalı ilə bağlı hesabatında da müsbət qiymətləndirilib.

Təbii ki, bütün bunlar bədxahlarımızı, erməni lobbisini və onların maliyyə qurumlarının cazibə dairəsində fırlananları hədsiz dərəcədə narahat edir.   Antiazərbaycan dairələrin əlində alətə çevrilən bəzi xarici beynəlxalq təşkilatlar və mətbuat orqanları bütün bunları görməzlikdən gələrək öz qərəzli mövqelərindən əl çəkməyərək zaman-zaman ölkəmizə  qarşı qara piar  kampaniyası aparırlar. “Sapı özümüzdən olan baltalar”,  milli mənlik şüurundan və vətən, xalq təəssübündən məhrum olan bəzi üzdəniraqlar xaricdən aldıqları qrantlar hesabına hazırladıqları donosları “Amnesty İnternational” və “Human Right Watch” kimi beynəlxalq təşkilatlara, eləcə də erməni lobbisinin təsiri altında olan mətbuat orqanlarına yollayırlar. Onlar da həmin materiallardan ölkəmizə qarşı qara piar vasitəsi kimi istifadə edirlər. Nəticədə də yalnız qərəzli və ikili standartlara söykənən hesabatlar ortaya çıxır.

 “Amnesty İnternational”in məhz həmin donosbazların ötürdüyü “materiallar” əsasında ölkəmizə qarşı şər-böhtan dolu, zərrə qədər olsa belə reallığı əks etdirməyən “hesabatlar”ı bunu bir daha təsdiq edir. İş orasındadır ki, onlar müstəqillik yolunda inamla irəliləyən, gündən-günə qüdrətlənən Azərbaycana qarşı nə qədər kin-küdurət, nifrət püskürsələr də, onun dünyanın siyasi xəritəsindəki mövqeyini, əsas güc mərkəzləri tərəfindən etibarlı tərəfdaş kimi tanınmasını etiraf etmək məcburiyyətində qalıblar.

“Amnesty İnternational” kimi təşkilatları maliyyələşdirən antiazərbaycan dairələr və onların respublikamızdakı yerli əlaltıları nə qədər cəhd etsələr də, heç nəyə nail ola bilmirlər. Çünki özləri xirtdəyəcən bataqlığın içindədirlər.  Əslində həmin beynəlxalq təşkilatlar özlərini islah etməli, fəaliyyətlərinə yenidən baxmalı, şəffaflığı, obyektivliyi təmin etməlidirlər. Bu baxımdan “Amnesty İnternational” və “Human Right Watch” kimi təşkilatların başqalarından, eləcə də bizdən nəsə tələb etmələri, kimisə nədəsə qınamaları absurddur.