![]() |
Zahid Rza |
Son illərdə qazanılmış uğurlar, makroiqtisadi göstəricilər düşünülmüş iqtisadi strategiyanın davam etdirilməsinin məntiqi nəticəsi olmaqla yanaşı, Prezident İlham Əliyevin hazırlanmış kompleks tədbirlər proqramının həyata keçirilməsi üçün göstərdiyi qətiyyətin əyani təzahürüdür. Həyata keçirilən uğurlu xarici siyasət nəticəsində artan beynəlxalq nüfuzumuz sayəsində dünyanın güc mərkəzlərinin Azərbaycana marağı gündən-günə çoxalır, ölkəmiz qlobal təşkilatların dünyamiqyaslı tədbirlərinə dəvət alır, əməkdaşlığın yeni konturları cızılır. Dünyanın aparıcı dövlətləri və nüfuzlu araşdırma mərkəzləri Azərbaycanı Cənubi Qafqazda təhlükəsizliyin əsl təminatçısı kimi görürlər.
Təsadüfi deyil ki, dövlət müstəqilliyimizin ikinci onilliyini qeyd etdiyimiz ərəfədə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi işıqlı gələcəyimizə olan inamımızı bir az da artırdı. Çünki bu seçkilərdə dünyanın 155 ölkəsi Azərbaycana böyük etimad göstərmişdi. Ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynaması artıq birmənalı şəkildə qəbul edilir. Azərbaycan Prezidentinin də iştirak etdiyi Davos Dünya İqtisadi Forumunda, həmçinin 48-ci Münxen Təhlükəsizlik Şurasında ölkəmizin son illərdə əldə etdiyi nailiyyətlərin yüksək qiymətləndirilməsi bir daha təsdiq edir ki, həyata keçirilən siyasi-hüquqi islahatlar, yürüdülən sosial-iqtisadi siyasət öz bəhrəsini verir. Elə həmin tədbirlərdə Azərbaycanın dövlət rəhbərinin keçirdiyi yüksək səviyyəli görüşlər də sübut etdi ki, dünyanın inkişaf etmiş dövlətləri bizimlə əməkdaşlığı yüksək qiymətləndirirlər.
Azərbaycanın dünyanın ən inkişaf etmiş iyirmi dövlətinin toplandığı G-20 sammitinə, eləcə də digər beynəlxalq tədbirlərə dəvət olunması ölkəmizin beynəlxalq arenada artan nüfuzunun bariz nümunəsidir. Bütün bunlar onun real imkanlarının, dünyanın qabaqcıl dövlətləri ilə ikitərəfli münasibətlərinin yüksək səviyyədə qurulmasının, sülhpərvər siyasətinin məntiqi yekunudur. Nüfuzlu beynəlxalq təşkilatlar, tanınmış ekspertlər də təsdiq edirlər ki, Azərbaycanın bu cür tədbirlərdə iştirakının “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasında çox böyük rolu olmuşdur.
Azərbaycanın bu cür qlobal təşkilatlarda mövcudluğu ölkənin imici və prestiji baxımından da önəmlidir. Cənubi Qafqazda ən böyük iqtisadiyyata malik olan Azərbaycan sürətli inkişaf edən, Gürcüstana, Türkiyəyə, Yunanıstan və digər ölkələrə fəal sərmayələr yatıran ölkədir. Yəni, respublikamız regionda özünün gələcək xarici investisiya maraqlarını və layihələrini tərəfdaşları ilə razılaşdırıb genişləndirməyi bacaran güclü iqtisadi oyunçu simasında çıxış edir. Dünyanın tanınmış araşdırma mərkəzlərinin ekspertlərinin rəyinə əsasən, Azərbaycanın Avropaya təkcə enerji resursları yox, həm də birgə layihələr təklif etməyə güclü potensialı var.