KÖŞƏ

Zahid Rza

Hər kəs görsün kim kimdir...

05 iyul 2016 14:26
974

Bu günlərdə yenə bəlli oldu ki, Fransa parlamentinin aşağı palatası  qondarma “erməni soyqırımı”nın inkarına görə cəzanın tətbiq olunması ilə bağlı qanun layihəsini yenidən səsverməyə çıxarıb. Bir neçə il bundan əvvəl də bu məsələ Fransa parlamentində səsverməyə çıxarılmışdı. Həmin vaxt erməni lobbisi min bir oyundan çıxsa da, milyonlarla dollar xərcləsə də bu məntiqsiz “qanun”la fikir və söz azadlığını boğduğunu əsas gətirən Fransanın Konstitusiya Məhkəməsi  onu rədd etdi. Görəsən, nə oldu ki, bu ölkənin parlamenti  və ya  deputatları yenidən həmin qondarma məsələnin üstünə qayıtdılar?  Bəlkə Türkiyə ilə, türklərlə bir yandan dostluq edib, bir yandan da sözdə “erməni soyqırımı” nı tanıyan sənədi qəbul edən Almaniyanın Bundestaqı ilə “həmrəylik” nümayiş etdirirlər? Məncə yox. Çünki, tarixdən az-çox başı çıxanlar bilirlər ki, “qoca qitə”nin bu iki ölkəsi arasında tarixən nifaq və çəkişmələr, qanlı müharibələr olub. Deməli ki, ortada alman-fransız, nə bilim İsveç “həmrəyliyi”, ermənilərə “yas tutmaq”, göz yaşı axıtmaq, sahib çıxmaq filan yoxdur. Məsələ başqa cürdür. Yəni,  bu “din davası deyil, un davasıdır”. Elə ki, Türkiyə Rusiya ilə yaxınlaşmağa başladı, qardaş ölkə Suriyadan gələn qaçqınlara görə yardım tələbini sərtləşdirdi, bölgədə öz geosiyasi maraqları uğrunda mübarizəni gücləndirdi, o zaman bu avropalı qoçaqlar yenidən fəallaşdılar. Ancaq deyəsən onlar unudublar ki, bir müddət bundan əvvəl Avropa İnsan Haqları Məhkəməsi (AHİM) İsveçrədə uydurma “erməni soyqırımı”nı inkar etdiyi üçün bu ölkənin məhkəməsi tərəfindən cərimələnən, yəni cəzalandırılan Türkiyə Vətən Partiyasının sədri Doğu Perinçəkin İsveçrə əleyhinə şikayətini haqlı saydı.

Qeyd edək ki, Türkiyə Vətən Partiyasının lideri Doğu Perinçək 23 iyul 2005-ci ildə İsveçrənin Lozan şəhərində keçirilən mitinqdə “Erməni soyqırımı beynəlxalq yalandır!” dediyinə görə polis tərəfindən saxlanılmışdı. 

Bundan artıq nə ola bilər?  Görəsən tarixçilərin işini “öz üzərlərinə götürən” bu avropalı deputatlar qondarma “erməni soyqırımı”na görə AHİM-in qərarlarına arxa çevirirlərsə, o zaman nədən başqa ölkələrdən bu qurumun tələblərini sözsüz yerinə yetirməyi tələb edirlər? Belə məlum olur ki, onlar mənfur geosiyasi maraqlarına görə hətta özlərinin ən “ali” dəyərlərinin üstündən belə xətt çəkərək onları istənilən vaxt ayaqlar altına atmağa hazırdırlar. Budur onların əsl simaları! Fəqət “qoca qitə”nin başbilənləri bir şeyi unutmamalıdırlar ki, ulu babaları kimi gec-tez Türkiyəyə möhtac olacaqlar. Qoca tarix bunun çox şahidi olub. Elə buradaca onlardan birini xatırlatmaq çox yerinə düşərdi: 1526-cı ildə Fransa işğal edilir və kral Fransisko həbsə atılır. Fransız kralı Osmanlı dövlətinin hökmdarı Sultan Süleyman xana məktub yazıb yalvararaq  ona kömək etməsini istəyir. Üç qitənin söz sahibi olan qüdrətli Süleyman xan cavab məktubu yazdıraraq krala kömək ediləcəyini bildirir. Çox istərdik ki,  kral Fransiskonun nəvə-nəticələri olan o  fransız deputatlar həmin məktuba bir daha diqqət etsinlər və kimin-kim olduğunu yaxşıca görsünlər: “Mən ki, sultanlar sultanı, hakanlar hakanı hökmdarlara tac verən, Allahın yer üzündəki kölgəsi Akdənizin (Aralıq dənizinin) və Qaradənizin və Rumelinin və Anadolunun və Azərbaycanın və Şamın və Hələbin, və Misirin, Məkkə və Mədinənin və Qüdsün və bütün Ərəb diyarının və Yəmənin və atəş saçan mizrağımın və zəfər gətirən qlıncımın gücü ilə sahib olduğum neçə məmləkətin sultanı və padişahı Sultan Bayəzid Xanın oğlu Sultan Səlim xan oğlu Sultan Süleyman Hanım. Sən ki Fransa vilayətinin Kralı Fransuvasan.

Hökmdarların sığındığı qapıma elçinizlə məktub göndərib, ölkənizi düşmən istila edib, hazırda həbsdə oluğunuzu bildirib, qurtuluşunuz üçün bizdən yardım tələb edirsiniz. Söylədiyiniz hər şey dünyayı idarə edən taxtımızın ayaklarına ərz olunmuşdur. Hər şeydən xəbərdar oldum. Yenilmək və həbs olunmaq heyrət ediləcək bir şey deyildir. Könlünüzü xoş tutub üzülməyəsiniz. Belə bir durumda atalarımız düşmənləri məğlub etmək və ölkələr fəth etmək üçün səfərdən geri qalmamışlardır. Biz də atalarımızın yolundayıq və daima məmləkətlər və alınmaz qalalar fəth etməkdəyik. Gecə- gündüz daima atımız yəhərlənmiş, qılıncımız hücuma hazır olmuşdur. Uca Allah xeyirlərə bağışlasın. Allahın istədiyi nə isə  o olur. Bundan başqa xəbərləri göndərdiyiniz adamınızdan öyrənərsiniz. Belə biliniz.” 

İndi hər kəs, xüsusilə tarixdən dərs və ibrət götürməyənlər gördümü kim kimdir?