Vəli İlyasov |
Məlumdur ki, bu il ölkəmizdə prezident seçkiləri keçiriləcək. Həmişə belə mühüm tədbirlərə xeyli müddət qalanda “yuyulmamış çömçə” kimi özünü ortaya atıb “mən də varam” deyə haray-həşir qoparan ağılsız və dağıdıcı müxalifətin nədənsə bu dəfə səsi çıxmır. Bunun ən mühüm səbəbi odur ki, həmişə olduğu kimi, hələ də utanmadan sinələrinə döyən müxalifət “liderləri” ortalığa ölkənin inkişafı ilə bağlı hansısa əsaslandırılmış bir konsepsiya qoya bilmirlər. Mövcud olduqları iyirmi altı ildə heç bir ağıllı əməli addım atmağı bacarmayanların hakimiyyət iddiaları absurd görünür. Bacarıqsızlıqlarını büruzə verməməyə çalışan bu adamlar xalqın dəstəyini qazana bilmədiklərindən həmişə Azərbaycanı gözü götürməyən bəzi Qərb dairələri ilə əlbir olaraq hakimiyyət iddiasında olublar.
Ancaq görünür, bunlara külli miqdarda pullar axıdan qərbli ağalar da artıq başa düşüblər ki, dağıdıcı müxalifət Azərbaycanda heç vaxt hakimiyyətə gələ bilməz. Sosial bazası olmayan bir neşə yüz nəfər hakimiyyətə necə gələ bilər? Bu sualın cavabını tapan Qərbdəki dairələr artıq kərimlilərdən, hacılılardan, həsənlilərdən və qeyrilərindən ümidlərini üzüblər. Daha əvvəlki gəlhagəllər qurtarıb, Qərbdən pul gəlmir. Çünki bu adamlar Qərbdəkilərin də gözləntilərini elə gözlərində qoydular.
Bəzi xarici dairələrin Bakıdakı təmsiçilərindən həmişə “sığal” görən Əli Kərimli və digərləri artıq gözdən düşüblər. Onlar nəinki “sığal”dan məhrum olublar, hətta onların qəbul edilməsinə belə yasaq qoyulub.
“Ana müxalifət” iddiasında olan AXCP sədri Əli Kərimli və Müsavat başqanı Arif Hacılı həm ölkə daxilində, həm də xaricdə, ümumiyyətlə, daha heç yerdə qəbul olunmurlar. Xarici ağaları başa düşüblər ki, onlar özlərinə yalnız sərvət toplayan, pul yığan hərislərdir. Yəni, yalançılar tamahkarları aldadıblar.
Dara düşəndə manevr etməkdə pərgar olan Əli Kərimli Qərbdən əli üzülən kimi “örüş”ünü dəyişdi. O, xeyli müddətdir ki, özünü radikal dindarlara şevirib. Nardaran hadisələrindən yaxşı məbləğ əldə edən Kərimli bu yolda öz müavinlərindən birini güdaza verməkdən də çəkinmədi. O, Nardaranda dövlət çevrilişinə cəhd edən Taleh Bağırzadəni və digər təşkilatçıları “siyasi məhbus” siyahısına salaraq xeyli pul qamarladı. Təbii ki, o, bu işləri tək yerinə yetirmir, ona kömək göstərən bir neçə partiya üzvünə kiçik pay ayırmaqla onları şirnikləndirir və özündən asılı vəziyyətdə saxlayır.
Keçən il “Məhsul” stadionunda təşkil etdiyi mitinqə adam yığa bilməyən AXCP sədri öz fəaliyyətinin istiqamətini dəyişdirdi. İşbaz Əli Kərimli indi də “feysbuk” səhifələrində fəaliyyətə keçib. Artıq onun özünə də bəllidir ki, seçki yolu ilə hakimiyyətə gəlmək onun işi deyil. Əgər ətrafındakı beş-on nəfərlə seçkiyə qatılsa daha böyük biabırçılıq baş verər. Görünür, o, bununla barışıb, ancaq “para” yığmaq vərdişindən əl çəkə bilmir və baş barmağını orta barmağına sürtərək “əşi, o olmasın, bu olsun” deyir.