KÖŞƏ

Vəli İlyasov

ATƏT səylərini artıracaqmı?

05 yanvar 2018 14:10
2164

“Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesinin aktivləşməsini alqışlayır”. Mətbuata verilən məlumata görə, bu sözləri “İnterfaks” Agentliyinə müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib.

Qriqori Karasin 2017-ci ilin oktyabrında Cenevrədə uzun fasilədən sonra ATƏT-in Minsk qrupu həmsədrlərinin dəstəyi ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına həsr olunan Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü xatırladıb: “Bu sammitdə danışıqlar prosesinin intensivləşdirilməsi, təmas xəttində gərginliyin azaldılmasına yönələn tədbirlərin görülməsi razılaşdırıldı. Bununla əlaqədar həmsədrlər noyabrda Azərbaycan və Ermənistan XİN başçıları ilə ayrılıqda məsləhətləşmələr keçirdilər. Dekabrda isə Vyanada ATƏT xarici işlər nazirləri Şurasının iclasında nazirlərin görüşü təşkil olundu. Münaqişənin nizamlanmasının əsas məsələləri müzakirə olundu, hansılar ki, hələlik onlarla bağlı konsensusa nail olunmayıb. Bundan başqa, münaqişə zonasında gərginliyin azalmasına yardım edəcək məsələlərə baxıldı. Tərəflərə ATƏT-in müşahidə missiyasının genişləndirilməsi ilə bağlı konkret təkliflər verildi. Nazirlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və digər məsələlərlə bağlı danışıqları 2018-ci ilin yanvarında həmsədrlərin iştirakı ilə davam etdirməyə razılaşdılar”.

Nazir müavini rəsmi Moskvanın bu ilin yanvarında keçiriləcək Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü alqışlayacağını söyləyib: “Rusiya bu görüşün nəticəli olmasında maraqlıdır. Yerevan və Bakının görülmüş işlər əsasında qarşılıqlı güzəştlərin axtarılmasında səylərini dəstəkləyirik. Minsk qrupundakı həmsədrlərlə birlikdə öz tərəfimizdən həlli gecikmiş münaqişənin sülh yolu ilə həllinə bundan sonra da yardım edəcəyik. Rusiya, ABŞ və Fransanın bu vahid mövqeyi Vyanada ATƏT XİN başçılarının iclasında üç ölkənin nümayəndə heyətlərinin rəhbərlərinin birgə bəyanatında da dəqiq qeyd olunub”.

Qriqori Karasinin bəyanatından da açıq görünür ki, bu il Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində işlər canlandırılacaq. Siyasi ekspertlər və politoloqlar belə fikir irəli sürürlər ki, görünür, Ermənistan tərəfi daxili və xarici təzyiqlərə tab gətirə bilmir və özü özünü saldığı quyudan çıxarmağa çalışır. Bu isə yalnız Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə mümkün ola bilər.

Qeyd etmək lazımdır ki, 2018-ci il yanvarın 1-dən ATƏT-ə İtaliya sədrlik edir. Yada salaq ki, İtaliya Azərbaycanla iqtisadi tərəfdaşdır və ölkəmizin ərazi bütövlüyünü tanıyır və daim dəstəkləyir. Ölkələrimizin sıx ticari və mədəni əlaqələri var. Bu ölkənin rəhbərləri və beynəlxalq təşkilatlardakı nümayəndələri daim Azərbaycanın mövqelərini müdafiə ediblər. İndi də ATƏT-in fəaliyyətdə olan sədri Angelino Alfano ilk bəyanatlarında bildirib ki, bu vəzifədə haqqın, ədalətin tərəfində duracaq, separatizmdən illər boyu əziyyət çəkən ölkələrin ərazi bütövlüyünün təmin olunmasına dəstək verəcək.

Şübhəsiz ki, Angelino Alfano İtaliyanın xarici işlər naziri kimi Dağlıq Qarabağ münaqişəsində haqlı tərəfin Azərbaycan olduğunu bilir. ATƏT-in yeni sədri rəsmən bildirib ki, İtaliya bir sıra regionlarda uzunsürən münaqişələrin həllində ATƏT-in fəaliyyətinin qəbul edilmiş formatlar çərçivəsində daha da gücləndirilməsinə çalışacaq. O söyləyib ki, İtaliya Ukraynada, Moldovada, Gürcüstanda və Azərbaycanda illərdən bəri həll olunmamış ərazi münaqişələrinin ədalətli həllində maraqlıdır. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi 2018-ci ildə həllini tapa bilər.