![]() |
Zahid Rza |
Seçkilərdən seçkilərə fəallaşan, erməni lobbisinin təsiri altında olan xarici təşkilatların və maliyyə qruplarının ən yağlı müştərilərindən olan dağıdıcı müxalifətin lakeyləri yenə siyasi arenada peyda olublar. Yenə ermənipərəst dairələrin arxa bağçalarında hazırlanan ssenarilər əsasında “hərəkətlənmə”, “bloklaşma-birləşmə” proseslərinin və yaxud da boykotetmələrin anonsları verilir. 2013-cü ilin prezident seçkiləri ərəfəsində xaricdəki antiazərbaycan qüvvələrin təlimatı və “xeyir-duası” ilə araya-ərsəyə gətirilən “Milli Şura”nın “ölkədəki vəziyyətlə” bağlı yaydığı cəfəngiyat dolu “bəyanat”da bunu təsdiq edir.
Dağıdıcı müxalifətin həm parlament seçkiləri, həm də ölkəmizdə keçirilən və möhtəşəmliyi ilə dünyaya səs salan ilk Avropa Olimpiya Oyunları ərəfəsində belə “bəyanatlar”la çıxış etmələri onların artıq antiazərbaycan dairələrlə işbirliyinə girmələrinin göstəricisi kimi başa düşülməlidir.
Seçki ilində, eləcə də ölkədə mühüm əhəmiyyətli beynəlxalq tədbirlər keçiriləndə şəxsi ambisiyalarının girovuna çevrilmiş bu siyasi ambisioz qrupun hərəkət trayektoriyasında müşahidə olunan pozucu təkrarçılıq, identiklik artıq sağalmaz mərəzə çevrilib. Bunu iddia etməyə kifayət qədər dəlillər var. Ermənipərəst qüvvələrin boyunduruğunu xirtdəyinə keçirərək onların cızdığı xəttin ətrafında dövrə vuran bu marginallar Bakıda böyük təmtəraqla “Eurovision-2012” mahnı müsabiqəsi, I Avropa Oyunları keçiriləndə də ermənilərlə səs-səsə verərək həyasızcasına Azərbaycan əleyhinə təbliğat aparırdılar. Ermənilərlə birgə fəaliyyətdə olan antimilli ünsürlər o zaman bir qrup QHT nümayəndələrini və muzdlu yazarları “səfərbər” edərək “Demokratiya naminə oxu” adlı iyrənc kampaniya keçirdilər. Elə ermənipərəstlərin qrant pulları ilə “yağ içində böyrək kimi bəslənən” Leyla Yunus, Rəsul Cəfərov, Emin Hüseynov kimilər verilən tapşırıqları köləcəsinə yerinə yetirərək AXCP sədri Əli Kərimli kimilərin ermənilərlə antiazərbaycan fəaliyyətini koordinasiyalaşdırırdılar. Ən dəhşətlisi isə o idi ki, ermənilər bu beynəlxalq tədbirin Azərbaycanda keçirilməsinə necə münasibət bəsləyirdilərsə, hər cür böhtançı təbliğata, şantaja əl atırdılarsa bu üzdəniraq xəyanətkar, antimilli ünsürlər də o üsullardan istifadə edirdilər. Həmin günlərdə ölkəmizə “ezam olunmuş” emissarların “milli” komissarları aldıqları çirkli pulları haqq etdiklərini göstərmək üçün hələ küçələrdə bir-iki yürüş də təşkil etdilər.
Belə emissar-komissar işbirliyi London Yay Olimpiadası zamanı da özünü göstərdi. İdmançılarımızın qazandıqları uğurlar erməniləri necə dəli etmişdisə antimilli ünsürləri də çilədən çıxarmışdı. O dövrdə antiazərbaycan dairələrin əlində olan bədnam xarici mətbuat orqanları da məhz bu satqınların ötürdükləri donosları tirajlamaqla bizə qarşı təbliğat aparırdılar. Ancaq heç nəyə nail ola bilmədilər.
Nə yazıq ki, illər dəyişdikcə zaman keçdikcə bu xainlərin xisləti dəyişmir. Məkrli ağalarının qarşısında əmrə müntəzir dayanan bu qızdırmalı lakeylər dünyanın düzəninin pozulduğu, hərbi və iqtisadi böhranların meydan suladığı bir vaxtda da doğru yola gəlib xalqın, Vətənin yükünü onun mərd oğulları ilə birlikdə çəkmək istəmirlər. Şəxsi mənafe hərisliyi, çirkin xislət onlara imkan vermir ki, belə bir ağır yükün altına girsinlər. Ancaq anlamırlar ki, bu yükü çəkmək əziyyətli olduğu qədər də şərəflidir. Tarix məhz belə şərəfli əziyyətə qatlaşanları yaşadacaqdır.