![]() |
Zahid Rza |
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, ümumxalq səsverməsi (referendum) 2016-cı il sentyabrın 26-na təyin edilib. Referendum Aktı layihəsində əksini tapan əlavə və dəyişikliklərin hər biri mütərəqqi xarakter daşıdığından cəmiyyətimiz tərəfindən yekdilliklə müdafiə olunur. Ekspertlərin, nüfuzlu ziyalıların, tanınmış ictimai- siyasi xadimlərin qənaətincə, Konstitusiyaya dəyişikliklər ölkəmizdə həyata keçirilən mütərəqqi islahatların davamı və tərkib hissəsidir. Konstitusiya dəyişiklikləri insan hüquq və azadlıqlarının qorunması və ondan sui-istifadə hallarına yol verilməməsi, xüsusi mülkiyyət ilə bağlı sosial öhdəliklər, vətəndaşların informasiya təhlükəsizliyinin etibarlı təminatı, vətəndaşların seçmək və seçilmək hüquqlarının genişləndirilməsi, dövlət strukturlarının təkmilləşdirilməsi, bələdiyyələrin məsuliyyətinin artırılması və digər vacib məsələlərin tənzimlənməsinə şamil edilməsi nəzərdə tutulur ki, bunlar günümüzün ən aktual məsələləridir.
Konstitutsiya dəyişiklikləri zamanın tələbi olduğundan onun reallaşdırılması da vacib məsələdir. Ancaq dağıdıcı müxalifətin “aşbilənlərindən” olan AXCP sədri Əli Kərimli və onun əlaltıları bu mütərəqqi dəyişikliklərə qarşı çıxaraq sosial şəbəkələrdə, inhisarlarında olan “Azadlıq” qəzetində antiazərbaycan qüvvələrin sifarişlərini yerinə yetirərək pozuculuq fəaliyyətlərini davam etdirirlər. Sosial bazası və elektoratı olmayan bu saxta “demokratlar” referenduma qarşı çıxaraq yenə də mitinq “anonslar”ı verirlər. Antimilli ünsürlərin toplandığı “Milli Şura”nın sədri Cəmil Həsənli də onun yolu ilə gedərək mitinq çağırışları edir. Maraqlıdır ki, onların bu çağırışları cəmiyyətimiz, hətta dağıdıcıların özlərinin iki tək, bir cüt “tərəfdaşları” tərəfindən etirazla qarşılanır. İş orasındadır ki, öz məkrli planlarını həyata keçirmək üçün erməni lobbisinin ətəyindən yapışan Ə.Kərimli ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, seçkilər, idman oyunları zamanı “fəallaşaraq” antimilli fəaliyyətini bir az da gücləndirir.
Ə.Kərimli və əshabələri Bakıda “Eurovision-2012” mahnı müsabiqəsinin, I Avropa Oyunlarının keçirildiyi zamanlarda olduğu kimi, yenə də köhnə şeypurunu çalmağa başlayıb.
Ə.Kərimli və C.Həsənli kimi saxta “demokrat”ların erməni lobbisinin təsiri altında olan beynəlxalq təşkilatlardan maliyyələşdiyini ictimaiyyət çoxdan bilir. Cəmiyyətimiz, həmçinin yaxşı bilir ki, bu “ştatlı demokratlar” ermənipərəstlərin beş-üç qəpik puluna şirniklənərək, onların qarşısında quyruq bulayaraq antimilli fəaliyyətlərini böyük canfəşanlıqla davam etdirirlər. Ancaq hələ də sağa-sola hədyanlar yağdırmaqla, öz ölkəsi haqqında şər-böhtan dolu donoslar hazırlayraq ora-bura şikayət etməklə məşğul olan bu başıpozuq dəstədəkilər anlamırlar ki, onların bu fəaliyyətinin heç bir mənası yoxdur. Artıq ötən əsrin 90-cı illəri deyil ki, bu marginallar kimisə pafoslu nitqlərlə, ləbbeyk deməklə aldatsınlar.
AXCP sədri Ə.Kərimlinin xəyanətkar əməllərindən tərəfdarları da xəbərdardır. Öz liderinə xəyanət edən, onun haqqında muzdlu mirzələrinə min cür hədyan və təhqir yazdıran bir adamdan daha nə gözləmək olar? Ə.Kərimli, C.Həsənli kimi siyasətbazlar hər fürsətdə çalışıblar ki, ölkədəki ictimai-siyasi sabitliyə, əmin-amanlığa zərbə vursunlar. İnhisarlarında olan mətbuat orqanları vasitəsilə dağıdıcı fəaliyyətlərini davam etdirən bu antimilli mikroblar referendumun keçirilmə vaxtı müyyənləşəndən dərhal sonra ölkəmizin əleyhinə təbliğat aparmaqla xaricdəki ermənipərəst “ağalarının” sifarişlərini yerinə yetirmək üçün yeni metodlardan, daha doğrusu, köhnə priyomlardan istifadə etməyə başlayıblar.
Öz çirkin əməlləri ilə tarixin ən xəyanətkar və üzüdönüklərini belə geridə qoyan Ə.Kərimli və onun “sağ əli” C.Həsənlinin əsl siması bir daha ortaya çıxdı. AXCP sədri Ə.Kərimli, “Milli Şura”nın sədri C.Həsənli və onların tərəfdarlarının xəyanətlərini sadalamaqla bitməz. Bu satqın və dönüklər öz çirkin əməlləri ilə adlarını artıq Azərbaycanın siyasi tarixinə xəyanətkar kimi yazdırıblar.