27 iyun 2024 13:16
228

Azərbaycan-İtaliya münasibətlərində yeni səhifə - ŞƏRH

Dünyanın nüfuzlu ölkələrindən sayılan İtaliya ölkəmizin müstəqilliyini tanıyan ilk Avropa dövlətlərindən biridir. İtaliya Cənubi Qafqaz ölkələri arasında ilk səfirliyini 1997-ci ildə məhz Azərbaycanda acıb. 1997-ci il sentyabr ayının 25-də Ulu Öndər Heydər Əliyevin İtaliyaya ilk səfəri baş tutub ki, məhz bundan sonra iki ölkə arasında əlaqələr daha da genişlənməyə başlayıb. Gündən-günə yeni məzmunla zənginləşən Azərbaycan-İtaliya strateji tərəfdaşlıq münasibətləri siyasi, ticari-iqtisadi, enerji, humanitar və digər sahələrdə məmnunluq doğurur. 

Artıq iki ölkənin münasibətlərində yeni bir səhifə açılıb. Belə ki, iyunun 26-da Prezident İlham Əliyev İtaliyanın müdafiə naziri Quido Krosettonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bu günün Azərbaycan-İtaliya əlaqələrinin tarixində əlamətdar olduğunu deyərək, bununla münasibətlərimizdə yeni səhifənin açıldığını, ölkələrimizin artıq hərbi-texniki sahədə də əməkdaşlığa başladığını qeyd edib. Dövlətimizin başçısı İtaliyanın çox inkişaf etmiş hərbi-texniki sənayeyə malik olduğunu vurğulayaraq, təqdim olunan “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsinin Azərbaycana gətirilməsini əlaqələrimizin yüksək səviyyəsinin göstəricisi kimi dəyərləndirib. Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda  Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə İtaliya Respublikasının “Leonardo” şirkətinin istehsalı olan “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsi təqdim olunub. Bu təyyarədən hərbi nəqliyyat, paraşütçülərin və yüklərin havadan atılması, eləcə də tibbi tapşırıqların yerinə yetirilməsi əməliyyatlarında istifadə olunacaq. 

Ölkəmizə böyük nümayəndə heyəti ilə gəlməsinin və İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çiriellinin burada olmasının önəmini qeyd edən Quido Krosetto müdafiə sənayesi sahəsində əməkdaşlığımızın başlanmasından məmnunluğunu bildirib.

Prezident İlham Əliyev, həmçinin Azərbaycan ilə İtaliyanın bir çox sahələrdə strateji tərəfdaş kimi fəaliyyət göstərdiyini deyərək, Avropa məkanında ticarət əlaqələrimizin böyük hissəsinin İtaliyanın payına düşdüyünü və ticarət dövriyyəmizin 15 milyard dolları ötdüyünü vurğulayıb. Dövlətimizin başçısı bir çox İtaliya şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini və bir sıra layihələrdə iştirakını məmnunluqla qeyd edib.

Neft-qaz sahəsindəki əməkdaşlığımızın təkcə ölkələrimiz üçün deyil, bütün Avropa məkanı üçün önəm daşıdığını bildirən Prezident İlham Əliyev bunun inkişafının təməlində güclü siyasi əlaqələrin dayandığını vurğulayıb və “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamənin bu əlaqələrin əsasını təşkil etdiyini bildirib.

Qeyd edək ki, Avropa İttifaqında ən yaxşı və etibarlı tərəfdaşımız olan İtaliya 44 gün davam edən Vətən müharibəsində, eyni zamanda ötən il keçirilən lokal antiteror əməliyyatında bizim haqq işimizi mənəvi cəhətdən dəstəkləyib. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanın 44 günlük haqlı savaşından sonra ölkəmizə səfər edən ilk Avropa nümayəndə heyəti də İtaliyadan  olub. Bu gün işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması işlərində İtaliya şirkətləri səmərəli fəaliyyət göstərirlər. Bu da   tərəfdaşlığımızın yüksək səviyyəsindən  xəbər verir. Prezident İlham Əliyev bu il aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən  beynəlxalq forumda bir daha bildirmişdi ki, İtaliya bizim ən yaxın tərəfdaşlarımızdan və dostlarımızdan biridir: “Əslində, İtaliya hazırda fəaliyyət göstərən şirkətlərin sayına görə Türkiyə şirkətlərindən sonra ikinci yerdədir. Onlar çox mühüm layihələr üzərində işləyirlər. Məsələn, mədəni irsin bərpası üzrə Ağdamda dağıdılmış Qarabağ Xanının sarayının, işğaldan azad edilmiş müxtəlif şəhərlərdə məscidlərin bərpası ilə məşğuldurlar”. 

İtaliya bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) çox yüksək səviyyədə təmsil olunacağını da bəyan edib.

Qvami Məhəbbətoğlu, “İki sahil”