27 iyun 2024 15:29
218

Qlobal çağırışlar və sosial elmlər

İyunun 27-də Sosial Tədqiqatlar Mərkəzində (STM) “Qlobal çağırışlar və sosial elmlər” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Milli Məclisin deputatları, aparıcı elm ocaqlarının nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçiləri və ekspertlər iştirak ediblər.

Tədbirin moderatoru Etibar Əliyev giriş sözündə müasir dövrdə hər bir cəmiyyətin qlobal çağırışlar qarşısında strateji hədəflərini müəyyən etməli olduğunu söyləyib.

STM-in İdarə Heyətinin və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc qlobal çağırışlara cavab verərkən müasir elmi inkişafın vacibliyini vurğulayıb. O, qeyd edib ki, müasir dünyada getdikcə sürətlənən sosial dəyişikliklər son illərdə yeni mərhələyə qədəm qoymaqdadır. Bəşəriyyətin qlobal çağırışları geniş və çoxşaxəli olmaqla ekologiya, energetika, sosial təminat və müdafiə, demoqrafiya kimi uzunmüddətli strategiyalar tələb edən problemləri əhatə edir.

Milli Məclisin deputatı Fazil Mustafa elmi-akademik və tətbiqi tədqiqatların əhatə dairəsinin genişləndirilməsi, maarifləndirmə yolu ilə cəmiyyətin sosial biliyinin artırılması və dünyanın gələcəyi naminə kollektiv məsuliyyətin inkişaf etdirilməsinin vacibliyindən söz açıb.

Professor İlham Məmmədzadə çıxışında müasir dövrdə sosial elmlərin metodoloji və ümumfəlsəfi aspektlərinə toxunub.

Tədbirdə Sosial Tədqiqatlar Mərkəzi tərəfindən tərcümə və nəşr edilən “Sosiologiyada əsas anlayışlar” (E.Giddens, F.Satton) kitabı təqdim edilib.

Azərbaycan dilində nəşrin redaktoru və tərcüməçilərindən biri Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Humay Axundzadə qeyd edib ki, qlobal çağırışlar  həm  ictimai, həm də təbii prosesləri əhatə etsə də, bu problemlərin uzunmüddətli həlli yolları, fəsadlarının qarşısının alınması sosial elmlərin nailiyyətlərini və potensialını tətbiq etməklə mümkündür.

Daha sonra tədbirdə iştirak edən deputatlar qlobal və lokal problemlərin həlli yollarının perspektivlərindən söz açıblar.

Ali məktəbləri təmsil edən professor-müəllim heyəti təqdim edilən sosioloji terminlər lüğətinin sosial elmlər sahəsində təhsilin təkmilləşdirilməsi üçün vacibliyini, terminologiyanın geniş spektrini əhatə etməsini və ana dilimizdə təqdim olunan nəşrin müfəssəlliyini vurğulayıblar.

Cavid Əkbər, “İki sahil”