01 iyul 2024 01:07
157

İranda prezident seçkilərini pozmağı planlaşdıran terrorçular saxlanılıb

Hələ seçki məntəqələri açılmamışdan əvvəl İran ordusunun üzvləri İranda prezident seçkiləri zamanı terror aktları hazırlayan terrorçuları saxlayıblar.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bunu İslam Respublikasının daxili işlər nazirinin müavini Məcid Mirəhmədi deyib.

Onun sözlərinə görə, cinayətkarlar dövlətdə qeyri-sabitlik mühiti yaratmaq və insanları seçki qutularına getməyə qorxutmaq məqsədilə terror əməliyyatları təşkil etməyi planlaşdırıblar.

İranın daxili işlər naziri Əhməd Vahidi qeyd edib ki, seçki məntəqələrində asayiş 180 min hüquq-mühafizə orqanının əməkdaşı tərəfindən təmin edilib.

Xatırladaq ki, iyunun 28-də İranda prezident seçkilərinin birinci turu keçirilib. Dörd namizəd iştirak edib. Onların heç biri 50%-dən çox səs toplaya bilmədiyi üçün birinci turda qalib müəyyənləşməyib. Keçmiş səhiyyə naziri Məsud Pezeşkiyan (islahatçı, birinci turda səslərin 42,5 faizi) və İranın ruhani liderinin respublikanın Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili (mühafizəkar, 38,6 faiz) keçirilməsi planlaşdırılan ikinci tura keçib. İkinci tur iyulun 5 keçiriləcək.

Məhərrəm Ağalaroğlu, “İki sahil”