28 iyun 2024 01:57
245

“Toksik” siyasətçi...

Prezident Makronun yarıtmaz fəaliyyəti Fransanı daxili qarşıdurmalara sürükləyir

Avropa Parlamentinə (AP) seçkilərdəki rüsvayçı məğlubiyyət ölkədə Fransa Prezidenti Emmanuel Makrona və onun rəhbərlik etdiyi “İntibah” (“Renessans”) partiyasının fəaliyyətinə inamsızlığı növbəti dəfə təsdiqləmiş oldu. Ona görə növbəti dəfə ki, sözügedən seçkilərdən əvvəl də fransız xalqı hakimiyyətin daxili və xarici siyasətindən narazı idi və bunu istər tez-tez keçirilən kütləvi aksiyalar, nümayişlər, tətillər, istərsə də rəy sorğuları sübut edirdi. Bu mənada AP seçkiləri xalqın səsinə, obrazlı desək, çalınan həyəcan siqnallarına məhəl qoymayan Makron üçün sonun başlanğıcına çevrildi. Məğlubiyyətdən sonra Milli Assambleyanı (Parlamentin aşağı palatası – M.R.) buraxaraq növbədənkənar seçkilər təyin edən Fransa Prezidentinin bu addımından sonra öz yaxın ətrafı da ondan üz çevirməyə başlayıb. “Bloomberg” agentliyinin yazdığına görə, ən yaxın siyasi müttəfiqləri onun problemlərin həllinə və dövləti idarə etməyə yanaşmasını “toksik” hesab edərək ölkə rəhbərindən tədricən uzaqlaşırlar. Fransa liderindən tədricən uzaqlaşan tərəfdaşları arasında iqtisadiyyat və maliyyə naziri Bruno Le Mer, daxili işlər naziri Jerald Darmanin və hökumət başçısı Qabriel Attal, həmçinin onlarla qanunverici var. Qeyd olunur ki, Makronun populyarlığı sürətlə azalır, onun davranışı isə getdikcə ekssentrik xarakter alır. Buna misal olaraq nəşr ölkədə sağçı və solçu siyasi qüvvələr arasında qarşıdurma ilə bağlı Fransa Prezidentinin bəyanatını misal göstərir.

Məlum olduğu kimi, Makron bir neçə gün əvvəl Milli Assambleyaya seçkilərdə rəqib partiyaların mübarizəsinin kəskinləşərək nəzarətdən çıxması və ölkədə vətəndaş müharibəsinin baş verməsi təhlükəsinin mövcudluğu barədə fikirlər səsləndirmişdi. Bəzi mütəxəssislər isə Makronun depressiyaya düşdüyünü, bu dediklərinin də “ruhi halı” ilə bağlı olduğunu iddia edirlər.  

Yaxın ətrafının Makrondan üz çevirdiyini təsdiqləyən başqa məqamlar da var: Bir çox hökumətyönlü namizədlər növbədənkənar seçkilər ərəfəsində proqramlarında və posterlərində Makronun şəxsiyyətinə müraciət etməkdən imtina edirlər. Bu, həm də ona görədir ki, Makron prezidentliyi illərində təkbaşına idarəetmə tərzi ilə öz partiyasını zəiflədib. Bundan başqa, hər zaman xüsusilə ermənipərəst siyasətində canfəşanlıqla Makronun yanını kəsdirmiş Paris şəhərinin meri Ann İdalqo növbəti dəfə dövlət başçısına qarşı çıxaraq onu bu ölkədə keçiriləcək Yay Olimpiya Oyunlarının “bayramını pozmaqda” ittiham edib. Xanım mer “Ouest France” nəşrinə müsahibəsində bildirib ki, Emmanuel Makron Olimpiya Oyunları ərəfəsində növbədənkənar seçkilər keçirməklə riskə gedir. Üstəlik, Prezidentin qərarını “fransızlarla pis rəftar” kimi dəyərləndirən Ann İdalqo seçki prosesinin Olimpiya əhval-ruhiyyəsini korladığını deyib: “Bu oyunlar insanlığın idman ətrafında birləşməsidir. Nə üçün bu gözəl anı korlayıb, heç kimlə məsləhətləşmədən qısa müddətdə seçki keçirək?”

Yeri gəlmişkən, paytaxt meri bir müddət əvvəl AFP agentliyinə müsahibəsində Makronun Milli Assambleyanı buraxmaq qərarından şoka düşdüyünü bildirmişdi: “Prezidentin Olimpiya Oyunları öncəsi parlamentin buraxılması barədə qərar verdiyini eşidəndə məəttəl qaldım, şoka düşdüm. Olimpiada ərəfəsində bu addım çox narahatedicidir.”

Xatırladaq ki, 2024-cü il XXXIII Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək. Ancaq “Prezidentin parlamenti buraxmaq qərarından şoka düşən” Paris merinin nüfuzlu yarışa hazırlıqla bağlı gördüyü, daha doğrusu görmədiyi işlər daha çox narahatlıq doğurur. Belə ki, ekspertlər Fransa paytaxtının Olimpiya Oyunlarına tam hazır olmadığı, kifayət qədər problemlərin bu günə qədər aradan qaldırılmadığı ilə bağlı həyəcan təbili çalırlar...

Hakim partiya funksionerləri, eyni zamanda, hökumət üzvləri arasında yaranmış və getdikcə dərinləşməkdə olan fikir ayrılıqlarının seçkilərdə Makron üçün yaxşı heç nə vəd etmədiyi aydındır. Onsuz da fransızların “İntibah”a növbəti dəfə etimad göstərəcəyi ehtimalı, demək olar ki, sıfıra bərabərdir. Ancaq Makronun dediyi kimi, seçki prosesinin qarşıdurmalara rəvac verəcəyi də mümkünsüz deyil. Çünki qələbə qazanacağı gözlənilən Marin Le Penin “Milli birlik” partiyası Milli Assambleyada təkbaşına səs çoxluğuna yiyələnə bilməyəcək. Aparılan sorğular “sağ”çıların təxminən 35 faizə yaxın səs toplamaq imkanında olduğunu göstərir. Bu isə o deməkdir ki, iki mərhələdən ibarət seçkilərdə siyasi ehtirasların qızışması, qarşıdurmaların, hətta vətəndaş müharibəsinin baş verməsi mümkündür. Fransanın bu vəziyyətə düşməsinin isə tək bir günahkarı var. O da vətəndaşlarının qeydinə qalmaq, daxili problemləri həll etmək əvəzinə burnunu lüzumsuzcasına başqalarının işinə soxan ermənipərəst Prezident Emmanuel Makrondur – xalqın sevmədiyi, tərəfdaşlarının üz çevirdiyi “toksik” siyasətçi...

Mahir Rəsuloğlu, “İki sahil”