Vəli İlyasov |
Ermənistan prezidentinin Brüssel səfəri düşmən ölkədə məyusluq və gərginlik yaradıb. Səfərin yekunları barədə yalançı, “nikbin” fikirlər səsləndirilməsinə baxmayaraq erməni şərhçiləri və politoloqları həyəcan təbili çalır, Ermənistanın qaranlıq gələcəyi barədə bədbin proqnozlar verirlər. Düşmən ölkədə məğlubiyyət əhval-ruhiyyəsi o qədər güclüdür ki, onlar bunu nəinki gizlədir, hətta mətbuat səhifələrinə də çıxarırlar. Ermənistan prezidenti Serj Sarkisyanın əl-ayağa düşərək üz tutduğu ölkələrdən və beynəlxalq təşkilatlardan yardım istəməsi bu təşvişin ölkə rəhbərliyindən gəldiyinə əyani sübutdur.
Son günlərdə Ermənistan mediası başladıqları Dağlıq Qarabağ müharibəsində ermənilərin qazandığı qələbənin davamlı olmayacağı və əldən çıxacağı barədə həyəcan dolu informasiyalar yayır. Həmin informasiyalarda və şərhlərdə bütün günahlar Ermənistanın siyasi hakimiyyətinin üzərinə qoyulur və onlar siyasi korluqda ittiham olunurlar. Ermənistan rəhbərləri xalq tərəfindən təkcə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə deyil, ölkənin bütün uğursuzluqlarında günahlandırılır. Bu meyil Ermənistanda xeyli müddətdir ki, yaranıb və getdikcə daha da kütləviləşir. Serj Sarkisyan xalqı aldadıb arxayın salmaq üçün hərbi paltar geyinib Dağlıq Qarabağa qoşunların təmas xəttinə gəlməsi ilə fikri çaşdıran görüntü yaradır. Orada guya müharibəyə hazırlaşdığını nümayiş etdirən Sarkisyan əslində Azərbaycan Ordusundan cin misdən qorxan kimi qorxur. Orada oyuncaq hərbi təlim keçirən Sarkisyan paytaxtdakı gərginliyin istiqamətini cəbhəyə yönəltməklə təhlükəni öz başından uzaqlaşdırmağa çalışır. Bu, birinci dəfə deyil, təhlükənin yaxınlaşdığını hiss edən hiyləgər Serj qaçıb Dağlıq Qarabağa gəlməklə öz xalqına badalaq atır.
Qeyd etməliyik ki, son günlər Rusiya telekanallarında Ermənistan prezidenti Sarkisyanı təhqir edən fikirlər səsləndirilir, onun adına hər cür nalayiq epitet yapışdırılır. Hətta bir nəfər tele-şouda Sarkisyanı gündə birinin qucağında oturan qadına bənzətdi. Veriliş iştirakçılarından bir neçəsi onun fikrinə daha gülməli düzəlişlər də etdilər.
Artıq çoxdan məlumdur ki, hakimiyyət hərisliyi milli mənafelərə üstün gəlir və Serj Sarkisyan status-kvonu uzatmaqla öz hakimiyətini saxlamağa çalışır. Yeganə məqsədi yalnız budur, görünən odur ki, onun üçün erməni xalqının taleyi o qədər də maraqlı deyil.