21 avqust 2024 14:12
478

Meymunçiçəyinin yeni ştammı: Pandemiya təhlükəsi varmı?

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrika qitəsində yayılan, "meymunçiçəyi" kimi də tanınan mpox virusuna görə qlobal fövqəladə vəziyyət elan edib. ÜST-ün rəhbəri Tedros Adhanom Qebreyesus “Reuters” agentliyinə müsahibəsində “meymunçiçəyi” xəstəliyinin sürətlə yayılması ilə bağlı həyəcan təbili çalıb: “Bu gün toplaşan Fövqəladə Vəziyyət Komitəsi mənə dedi ki, onlar bunun ictimai səhiyyə sahəsində beynəlxalq miqyaslı narahatlıq doğuran hal olduğunu düşünürlər. Mən bu məsləhəti qəbul etdim”. ÜST-ün rəhbəri 2024-cü ildə qeydə alınan xəstəliyə yoluxma hallarının ötənilki göstəricilərdən iki dəfə çox artaraq bu rəqəmin14 minə çatdığını deyib. Virus son illərdə ilk dəfə Afrikadan kənarda- İsveçdə aşkar edilib. Daha əvvəl “meymunçiçəyi” xəstəliyinin yayılması səbəbindən Afrikada fövqəladə vəziyyət elan edildiyi bildirilmişdi. Bu xəstəliyə qarşı mübarizə aparmaq üçün “Qara qitə”yə 200 min peyvənd gətiriləcək. Son məlumatlara görə, ən çox yoluxma halları Nigeriyada (756) və Konqoda (319) qeydə alınıb. Konqoda bu xəstəlikdən hətta 208 adam dünyasını dəyişib. ÜST yaxın günlərdə Avropada meymunçiçəyinə yoluxma hallarının artacağını gözləyir.

Bəs meyminçiçəyi nədir və bu virus necə yayılır?

Meymunçiçəyi infeksiyası təbii çiçək xəstəliyi ilə eyni ailəyə mənsub viruslara aid olsa da, o qədər aqressiv deyil və mütəxəssislər ona yoluxma ehtimalının aşağı olduğunu hesab edirlər. Bu infeksiyanın mənbəyi əsasən Mərkəzi və Qərbi Afrika ölkələrinin ucqar hissələrində, tropik yağış meşələrinin yaxınlığında yerləşir. Virusun iki əsas növü var - Qərbi Afrika və Mərkəzi Afrika. Britaniyada yoluxmuş xəstələrdən ikisi Nigeriyadan gələn şəxslərdir, buna görə də onlarda Qərbi Afrika ştammının olduğu güman edilir. Bu növün mülayim olduğu deyilir, hərçənd ki, bu, hələ rəsmən təsdiqlənməyib. Xəstələrdən birinə infeksiyanın tibb işçisindən keçdiyi məlumdur. Digər hadisələr bir-biri ilə və hər hansı səyahətlə əlaqəli deyil. Belə görünür ki, yoluxma yerli cəmiyyətdə yayılan virusla bağlıdır. May ayından bəri Böyük Britaniyada 3 min 500-dən çox hal qeydə alınıb, lakin həssas qrupların peyvəndlənməsindən sonra iyul ayından bəri yoluxma hallarının sayında azalma müşahidə edilir.

Simptomlara gəlincə… İlkin simptomlara qızdırma, baş ağrısı, şişkinlik, bel ağrısı, əzələ ağrısı və ümumi halsızlıq daxildir. Qızdırma keçdikdən sonra səpgilər əmələ gələ bilər. Onlar adətən üzdən başlayır və sonra bədənin digər hissələrinə, daha çox ovuclara və ayaqların altına yayılır. Kəskin qaşıntıya səbəb olan səpgilər müxtəlif mərhələlərdən keçir və qabıq qoyandan sonra azala bilər. Onlar, həmçinin dəridə izlər buraxa bilir. Adətən 14-21 gün davam edən xəstəlik öz-özünə səngiyir. Meymunçiçəyi virusu ona yoluxan şəxslə yaxın təmasda olanlara ötürülür. Virus bədənə dəri sıyrıqları, tənəffüs yolları, göz, burun və ya ağız vasitəsilə yol tapa bilər. O, həmçinin meymun, siçovul və dələ kimi yoluxmuş heyvanlar, yataq dəsti və paltar kimi əşyalar vasitəsilə də yayıla bilər.

Bu virus nə qədər təhlükəlidir? Əksər hadisələr mülayim formada olur, bəzən suçiçəyi xəstəliyinə bənzəyir və bir neçə həftə ərzində öz-özünə yox olur. Meymunçiçəyi bəzən daha kəskin keçə bilər və onun Qərbi Afrikada ölümlərə səbəb olduğu qeyd edilir. Qeyd edək ki, virus ilk dəfə meymunda aşkar edilib və 1970-ci ildən bəri 10 Afrika ölkəsində sporadik epidemiyalar qeydə alınıb. Afrikadan kənarda xəstəliyin ilk yayılması halı 2003-cü ildə ABŞ-da qeydə alınıb. O vaxt virus xırda məməlilərdən yoluxan çöl itləri ilə yaxın təmas vasitəsilə yayılıb. Qeydə alınan 81 hadisə nəticəsində ölən olmayıb. İndiyədək məlum olan ən böyük epidemiya 2017-ci ildə Nigeriyada baş verib. Burada 172 şübhəli hadisə olub. Yoluxanların 75 faizi 21-40 yaş arası kişilər olub. 2022-ci ildə bu virus qlobal epidemiyaya səbəb olub, 100-dən çox ölkəyə yayılıb. Xəstəlik ağır xəstəlik və yüksək ölümlə xarakterizə olunub. 2023-cü ilin oktyabrında kanadalı tədqiqatçılar tərəfindən tədqiq edilən DRC-nin Kamituge mədən bölgəsində yeni meymunçiçəyi epidemiyası aşkar edildi. Xəstəliyin ilk bildirilməsindən sonra beş ay ərzində onların sayı 241-ə çatıb. İnfeksiyaya yoluxmuş dəri və orofaringeal tamponlardan toplanmış qan nümunələrinin təhlili nəticəsində tədqiqatçılar onların “clade Ib” olduğunu müəyyən ediblər. Bu ştamm insanlar arasında əsasən cinsi əlaqə yolu ilə yayılır və hazırkı testlərin aşkar etmədiyi mutasiyalara malikdir. Tədqiqat müəllifləri inanırlar ki, Kamituqada aşkar edilən meymunçiçəyi xəstəliyinin yeni variantı “pandemiya potensialına” malikdir və müdaxilə edilmədən daha da yayıla və başqa bir qlobal pandemiyaya səbəb ola bilər. Bununla əlaqədar olaraq onlar “bunun qarşısını almaq üçün beynəlxalq ictimaiyyəti sürətli addımlar atmağa” çağırıblar. Qeyd etmək lazımdır ki, kanadalı tədqiqatçıların işi hələ də nəzərdən keçirilməmiş bir preprintdir. Hazırda dünya mütəxəssisləri tərəfindən öyrənilir.

Meymunçiçəyinin müalicəsi yoxdur, lakin infeksiyanın qarşısının alınması ilə onun yayılmasına nəzarət etmək olar. Bu infeksiyaya qarşı təbii çiçək peyvəndinin 85 faiz təsirli olduğu təsdiqlənib. Artıq Böyük Britaniya çiçək xəstəliyinə qarşı peyvəndin dozasını alıb, lakin neçə doza vurula biləcəyi bəlli deyil. İspaniyanın isə minlərlə vaksin dozası sifariş etməyə hazırlaşdığı bildirilir.

Sevinc Azadi, “İki sahil”