06 sentyabr 2024 00:58
349

İran Ermənistan ərazisini hansı haqla özünün "qırmızı xətti" elan edir?

Bu ölkənin Rusiya ilə Zəngəzur dəhlizi narazılığı pik həddə yüksəlməyəcək

Molla hakimiyyətinin  Zəngəzur dəhlizi ilə bağlı "qırmızı xətt" ifadəsi ilk dəfə səsləndiriləndə buna istehza edənlər çox oldu. Axı, ərazi Ermənistanın, dəhliz Azərbaycanın. İranın buna nə dəxli var? Amma İran hər vəchlə dəhlizin açılmasına mane olur. Əvvəlki dövlət başçısı və xairici işlər naziri, SEPAH generalları hətta Azərbaycana hədə-qorxu gəldilər, Araz çayı qırağına panton körpülər gətirdilər, qoşun və zirehli texnika topladılar. İranın Ermənistandakı səfiri ölkəmizin əleyhinə hərzə-hədyanlar yağdırdı. Hakimiyyətə sadiq mətbuat orqanları ətrafa fitnə-fəsad yaydı.

İran belə yanlış hərəkətlərii ilə yenə də Azərbaycanın və Ermənistanın daxili işlərinə qarışır. Zəngəzur dəhlizi gerçəkdən də İran üçün “qırmızı xətt”ə çevrilir. O, bütün bölgə üçün mühüm olan bu dəhlizin açılmaması üçün əlindən gələni əsirgəmir. Hətta əsas strateji müttəfiqi olan Rusiyaya da dirəniş göstərməyə, onunla çəkişməyə hazırdır. Məsələ burasındadır ki, İran ABŞ-ın və Qərbin nə vaxtsa Zəngəzur dəhlizindən ona qarşı istifadə edəcəyindən bərk narahatdır. Çünki şər imperiyası vaxtilə əzib zorla tabe etdiyi və zülm altında saxladığı xalqların ayağa qaldırılmasından qorxur. Ancaq düşünmür ki, günlərin birində bu hesab ondan sorulacaqdır.

Qeyd etməliyik ki, Qafqaz təkcə regionun qonşuları olan İran və Rusiyanın deyil, dünyanın digər güc mərkəzlərinin də həmişə diqqətini cəlb edib. Ötən əsrin sonlarında Cənubi Qafqazın əhəmiyyəti daha da artıb. Azərbaycan böyük neft ehtiyatları, müstəqil xarici siyasəti ilə bu gün dünya birliyində böyük rol oynayır. Bu baxımdan bir çox ölkələrin Qafqazda öz yerlərini tutmaq istəkləri həddən artıq böyükdür. Düzdür, bu, zorla deyil, müasir metodlarla, danışıqlarla, iqtisadi-siyasi münasibətlərlə və diplomatik kanallarla gerçəkləşdirilməyə çalışılır.

Rusiya və İranın Cənubi Qafqazda hər hansı məsələ ilə bağlı fikir ayrılığının olması normal haldır. Əsas odur ki, Cənubi Qafqazda Azərbaycan kimi lider ölkə var. Azərbaycan həm Qafqazda sülhün, əmin-amanlığın, mehriban qonşuluğun formalaşmasında əhəmiyyətli rol oynayır, həm də dünya birliyində böyük nüfuza malikdir. Azərbaycan Qoşulmama Hərəkatının liderlərindən biridir. Bunlarla bərabər, həm də iri beynəlxalq layihələri təşəbbüskarı və icraçısıdır. Azərbaycanın bu və ya digər məsələ ilə bağlı mövqeyi böyük dövlətlərdən tərəfindən diqqətlə izlənilir. BRICS kimi nüfuzlu beynəlxalq təşkilata üzvlüyümüz dünya mətbuatında, diplomatik dairələrdə müzakirə edilən mövzulardan biridir. Bu baxımdan Cənubi Qafqazda istənilən məsələ Azərbaycanın mövqeyi olmadan həll edilə bilməz.

O da bir üstünlükdür ki, Azərbaycan hər zaman yaxın-uzaq ölkələrlə mehriban münasibətlərin, beynəlxalq hüququn işləməsinin tərəfdarı olub və bundan sonra da həmin xətti yeridəcək. Cənubi Qafqazın gələcəyi Azərbaycanın apardığı stabil sülh, beynəlxalq hüququn bərqərar olması siyasətindən çox asılıdır.

Qayıdaq əsas mövzuya. Tehran Moskvanın Zəngəzur dəhlizini dəstəkləməsindən ciddi narahatdır. Rusiyanın Tehrandakı səfiri Aleksey Dedovun İran Xarici İşlər Nazirliyinə çağırılması  və ona narazılıq bildirilməsi də bununla bağlıdır. Səfirlə görüşdə müxtəlif mövzular müzakirə olunsa da, hiss olunur ki, Tehran Moskvanın Zəngəzur dəhlizinə verdiyi dəstəkdən narahatdır. Məlum olur ki, rəsmi Tehranın Kremlin də Zəngəzur dəhlizi əleyhinə siyasət yürüdəcəyi qənaəti yanlış çıxıb. İrandakı dairələr əvvəlki kimi hesab edirlər ki, Zəngəzur dəhlizi İran-Ermənistan sərhədini bağlayacaq. Halbuki, söhbət sərhədin qapanmasından deyil, dəhlizin açılmasından gedir ki, bundan müxtəlif ölkələr, o cümlədən İran da istifadə edə bilər. Ancaq molla hakimiyyəti Qərbin regiona gəlmək qorxusundan xeyirindən də imtina edir.

Tehran nə qədər narazı olsa da Azərbaycanla Ermənistanın daxili işlərinə qarışa bilməz. Zəngəzur dəhlizinin açılmasına isə iki dövlət qərar verəcək – Azərbaycan və Ermənistan. Tehran dəhliz mövzusunda Bakıya təzyiq edə bilmədiyinə görə rəsmi İrəvana təzyiq etməyə çalışır. Ancaq Ermənistan hakimiyyəti də artıq ortaq layihələrdə iştiraka maraq göstərir. Çünki neçə beynəlxalq layihədən kənarda qalan bu ölkə uzun illər nələri itirdiyinin fərqindədir. O, Azərbaycana qarşı təcavüzkar siyasəti ilə özünü sivilizasiyadan “uzaq yaşıl ada”ya çevirib. Ona görə də Tehranın qərəzli istəyindən asılı olmayaraq Zəngəzur dəhlizi işə düşəcək.

Bütün bunlarıdan çıxış edərək İranın Rusiya ilə münasibətlərinin tamamilə soyuyacağını və gərginləşəcəyini də söyləmək düzgün olmazdı. Əksinə, İran və Rusiya strateji tərəfdaşdırlar, hərbi əməkdaşlıqları da var. Zəngəzur dəhlizinə görə bu iki dövlət arasında gərginliyin son həddə çatacağını güman etmək doğru olmaz. Çünki hər ikisi eyni əməllərin peşindədir. Kimlərin nə düşündüyündən asılı olmayaraq Zəngəzur dəhlizi geci-tezi işə düşəcək. Bu, reallıq və zərurətdir. Həm də onun açılmasında Azərbaycanla bərabər, bir çox böyük dövlətlərin maraqları var. Yadınızda olarsa, dəhliz ideyası ortaya çıxanda Çinin dövlət rəhbərləri onu “bizim dəhliz” adlandırırdılar. Qısaca desək, Orta Asiya və Qərb ölkələrinin bu dəhlizin açılmasında maraqları var. Çünki bu nəqliyyat nəfəsliyi onlara sərfəli ticarət imkanı verir və qazandıqları yüz milyonlarla pulu xalqlarının rifahının daha da yaxşılaşdırmağa sərf edəcəklər. Çətin ki, “qırmızı xətt” kimi yersiz iddiada olan İran bu mübarizədən qalib çıxsın.

Bunu ona görə deyirik ki, rəsmi Tehranın bu prosesdə özünün qərəzli planlarını  reallaşdırmağa gücü çatmır. Sadəcə olaraq Rusiyanın indiki halda  zəifliyindən  maksimum yararlanmağa çalışır. Amma bu, bəs etmir. Çünki bu məsələdə əsas şərt Azərbaycanın mövqeyidir. Bakının niyyətinin reallaşmasına heç kəs mane ola bilməyəcək. Zəngəzur dəhlizinin açılması mütləqdir. Bu, bir həqiqətdir ki, həmin ərazilər Azərbaycanın tarixi torpaqlarıdır, yəni bütün parametrlərdə onun üstünlüyü var.  Bunun isə qarşısını almağa heç kəsin imkanı çatmaz. Beynəlxalq sistemi pozmaq ixtiyarı heç kimə verilməyib, o cümlədən İrana da.

İranın Rusiya ilə bu mübarizədə qazanacağı bir şey yoxdur, əksinə, iddiasında davam edərsə, bu, onun məğlubiyyətinin başlanğıcı ola bilər. Gözləyək. Zaman göstərəcək.

Vəli İlyasov, "İki sahil"