KÖŞƏ

Zahid Rza

“Milli Şura”nın Əli Kərimli sevgisinin arxasında nələr dayanır?..

22 avqust 2016 15:11
1093

Milli maraqlara  qarşı xəyanətkar mövqeyi ilə  tanınan  bir qrup “məşhuri-aləmlər”in toplandığı “Milli Şura”nın AXCP sədri Əli Kərimlinin bəzi xarici cinayətkar şəbəkələrlə əlaqələrinin üzə çıxdığı bir vaxtda birdən-birə “fəallaşması” heç də təsadüfi deyi.  Çünki müəyyən xarici dairələrin əlində alət  olan bu qurumun yaranmasında məhz Ə.Kərimlinin böyük rolunun və əməlli-başlı payının olduğunu hamımız bilirik. Əslində,  “Milli Şura” yaradılan zaman Ə.Kərimli xaricdəki ağalarından aldığı milyonlardan bu quruma zorla topladığı qulbeçələrə qəpik-quruş verərək onlardan “amiqo” kimi istifadə etməyi düşünürdü. Dəfələrlə şahid olmuşuq ki, AXCP sədrinin işləri düyünə düşən kimi erməni lobbisinin maliyyələşdirdiyi bəzi beynəlxalq təşkilatlarla bərabər,  beş-üç nəfərdən ibarət olan “Milli Şura” da əlüstü toplanaraq onun müdafiəsinə qalxıb, “bəyanatlar” verib. Lakin şəxsi ambisiyaları, hakimiyyətə hərislikləri naminə bütün müqəddəs ideya və idealları ayaqları altında tapdalayan həmin  “şuraçı”ların bir çürük qoz dəyərində olmayan bu toplantılarının çıxardığı “hökmlərin” heç biri cəmiyyət tərəfindən ciddi qəbul olunmayıb. Özləri isə həmişə ictimaiyyət tərəfindən rişxənd və nifrət obyektinə çevriliblər.

AXCP-nin “beşinci təkəri” rolunu oynayan “Milli Şura”nın dünən yenə toplanaraq bu günlərdə konkret cinayət əməllərinə görə həbs edilən bəzi şəxsləri, eləcə də özlərinin “başbiləni” olan Ə.Kərimlini müdafiə etməsi onun xəyanətkar əməllərinin üstünü  “günahsızlıq zirehi” ilə örtmək, hərəkətlərini hüquqi-mənəvi müstəvidən çıxarıb “siyasi” məcraya yönəltmək cəhdindən başqa bir şey deyildir.

Əli Kərimli, Cəmil Həsənli kimilərin və onların əlaltılarının yığnağı olan “Milli Şura” yarandığı gündən milli maraqlarımıza zərbə vurmaqla, erməni təəssübkeşliyi ilə məşğul olub. Artıq bütün bunlar təkzibolunmaz faktlarla sübut olunub. Xatırlayırsınızsa, 2013-cü ilin yayında “Milli Şura”da təmsil olunan bir sıra dağıdıcı müxalifət partiyalarının rəhbərlərinin və funksionerlərinin Tiflisin mərkəzində yerləşən “Vera Palace” hotelində qoca kinorejissor Rüstəm İbrahimbəyovla görüşü keçirilmişdi. Sonradan məlum olmuşdu ki,  “Vera Palace” hoteli erməni mənşəli Gürcüstan vətəndaşı Andrey Nersesyana məxsusdur və hazırda onun oğlu tərəfindən idarə olunur.  O da bəlli olmuşdu ki, SSRİ vaxtında Gürcüstanın ticarət naziri vəzifəsində işləyən A.Nersesyanın cinayətkar, Xocalı faciəsinin baş qəhrəmanlarından olan Ermənistan prezidenti Serj Sarkisyanla yaxın əlaqələri var və bu qatı millətçi Gürcüstanda Serjin əsas dayaqlarından biri hesab olunur.

 Əslində, antiazərbaycançı dairələrlə, erməni lobbisi ilə işbirliyində olan Ə.Kərimli, C.Həsənli və onların marginal dəstəsinin əsas məqsədi sentyabr ayında keçiriləcək referendum ərəfəsində şəxsi ambisiyaları naminə milli maraqlarımızla alver etmək, beynəlxalq aləmdə müstəqil siyasətimizi gözdən salmaq, demokratik dəyərlərlə möhkəmlənən qanunverici bazanın mükəmməlliyinə şübhə yaratmaq, tərəqqinin əsas təminatı olan ictimai-siyasi sabitliyi pozmaq, milli dövlətçiliyimizə zərbə vurmaqdır. Hər kəsə bəllidir ki, Ə.Kərimli-C.Həsənli cütlüyünün son vaxtlar ölkəmizə qarşı nifrət, kin-küdurət, şər-böhtan dolu çıxışları, səsləndirilən şüarlar  antiazərbaycançı dairələrdən aldıqları sifarişlərdən çıxarılan tezislərdir.

Azərbaycanın müasir inkişaf mərhələsində yeni zəfərlərə doğru inamla addımlaması, həyata keçirilən böyük enerji layihələrində söz sahibi olması,  regionda və beynəlxalq aləmdə nüfuzunun  daha da güclənməsi erməni lobbisini və antiazərbaycançı qüvvələri ciddi narahat edərək onların yuxusuna haram qatır. Belələri yaxşı başa düşürlər ki, Azərbaycanın beynəlxalq aləmdə gücünün artması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, ermənilərə qarşı cəzasızlıq mühitinə son qoyulması deməkdir. Buna görə də bədxahlarımız, bütün güclərini səfərbər edərək beynəlxalq arenada Azərbaycana qarşı “qara piar” kampaniyası aparan bu məkrli qüvvələr Ə.Kərimli və C.Həsənli cütlüyündən, onların tör-tökünlərindən məharətlə istifadə edirlər. Ancaq onlar unudurlar ki, cəmiyyətimiz Azərbaycanın düşmənlərinin əsas zərbə qüvvələrinin, xarici kəşfiyyat orqanlarının təsir agentlərinin, saxta “demokrat”ların   xəyanətkar əməllərindən, məkrli niyyətlərindən xəbərdardır.  Ona görə də xalqımız bu marginal qrupun yalançı çağırış və şüarlarını könül bulandıran milçək vızıltısına bənzədərək nəinki onlara əhəmiyyət vermir, hətta ironiya ilə qarşılayaraq birmənalı şəkildə rədd edir.